“Artıq ata-oğul, nəvə hakimiyyəti dövrü bitib”

“Dövlət də öz vətəndaşına bu qədər etibarsız, soyğunçu, acımasız olar?”

Əli Kərimli: “Mitinq öncəsi mesajımız odur ki, problemlərinizi ayrı-ayrılıqda həll edə bilməzsiniz, hamılıqla toplaşaq, ölkədə ciddi dəyişiklik edək”

AXCP sədri Əli Kərimli “Azadlıq” radiosunun “Işdən sonra” proqramının qonağı olub. Partiya sədri qaynı Elnur Seyidovun həbsi, ölkədəki ictimai-siyasi vəziyyət, Ictimai Palatanın 8 aprel mitinqi və bu kimi məsələlərlə bağlı həm radionun, həm də canlı bağlantıya qoşulan dinləyicilərin suallarını cavablandırıb.

Əvvəli ötən sayımızda

Cavanşir (dinləyici): Hörmətli Əli bəy, sizcə, müxalifət niyə zəifdir, 2003-cü ildən bu yana ancaq seçki zamanı birləşirsiniz və dağılışırsınız.
– Hörmətli Cavanşir bəy, bu bir az köhnəlmiş sualdır. Şükürlər olsun ki, birləşmişik amma dağılmamışıq. Indi də seçki zamanı deyil. Artıq bu arqument köhnəlib. Indi müxalifətin əksər hissəsi, Ictimai Palatadadır, bir yerdəyik. Seçki yaxın olmasa da, hakimiyyətə çox ciddi bir təhdid yarada bilirik. Bizdən narahatdılar ki, bu repressiyaları edirlər də. Əgər biz çox zəif olsaq, inanın ki, nə bizim özümüzlə, nə də qohumlarımızla belə işlər olar. Hakimiyyət müxalifəti özünə təhlükə gördüyünə görə müxalifətə qarşı bu cür qeyri-sivil üsullardan istifadə edir.
“Bakı Şəhər Icra Hakimiyyətinin ixtiyarı yoxdur bizə desin ki…”

“Azadlıq”: Əli bəy, mitinq barədə qərar verildi, iki yer – “Təbriz” və “Nərimanov” kinoteatrlarının qarşısı   istənildi. Niyə məhz bu yerlər?
– Biz əslində o yeri də kompromis olaraq təklif etmişik.  “Nərimanov” kinoteatrının qarşısı bizim istədiyimiz yerdir. Şəhərin birmənalı mərkəzi olmasa da, yaxşı yerdir. Biri isə hökumətin mitinqlərin keçirilməsi üçün özünün ayırdığı yerdir. Amma bizim kompromisimiz bununla da bitmir. Biz demişik ki, hökumətin istənilən təklifini ciddi müzakirə edəcəyik. Bilirsiz niyə bu cür kompromisə meylli mövqe tutmuşuq? Bu, bizim sərbəst toplaşmaq azadlığımızın məhdudlaşması ilə barışmaq deyil. Biz öz hüququmuzu yaxşı bilirik. Bilirik ki, Bakı Şəhər Icra Hakimiyyətinin ümumiyyətlə ixtiyarı yoxdur bizə desin ki, hara get, hara getmə. Konkret qanunda qadağan olunmuş bir-iki yer var. O yerdən başqa şəhərin istənilən yerində biz mitinqimizi keçirə bilərik. Amma hökumət qanunu pozur. Biz də reallığı nəzərə alaraq və daha çox sayda insanın kütləvi aksiyalarda iştirak edə bilməsi üçün razılaşdırılmış aksiya keçirmək istəyirik. Ona görə də biz istənilən təklifi müzakirə edəcəyik.

“Xalqın hakim olacağı sistemi nəhayət bərqərar etməliyik”

“Azadlıq”: Mitinqə hazırlıq işləri nə yerdədir?
– Hazırlıq gedir. Açığı, indi bizim əsas qayğımız odur ki, başlanan razılaşdırılmış aksiyalar yalnız müxalifət funksionerlərinin iştirak edəcəyi tədbir olmasın. Ölkədə həddən artıq problemlər var. Hər gün kütləvi informasiya vasitələri bir təbəqənin problemlərindən bəhs edir. Bir müddət evləri sökülənlər fəal olurlar, onlar ayrılıqda bir nəticə əldə edə bilmirlər. Bir müddət regionlardakı narazılıqlar gündəmə gəlir. Sonra nəqliyyat işçilərinin, taksi sürücülərinin narazılığı gündəmə gəlir. Nəqliyyat Nazirliyinin qolzorlularından bəhs olunur. Bu yaxınlarda da gördünüz ki, sürücülərlə necə rəftar etmişdilər. Bu narazılıqlar mütəmadi davam edir. Yol narazılığı, qaz, işıq, işsizlik, təhsil, sosial xidmətlərdən narazılıq və s. Hamı çalışır ki, ayrı-ayrılıqda öz problemini həll etsin. Biz vətəndaşlarımıza izah etmək istəyirik ki, hər biriniz ayrı-ayrılıqda öz problemlərinizi həll edə bilməzsiniz. Çünki bu  ölkədə vətəndaşla hesablaşmayan, vətəndaş tərəfindən seçilməyən bir hakimiyyət var. Deməli, sistemi dəyişmək lazımdır. Xalq tərəfindən seçilmiş hökumətə keçmək lazımdır. Əmanətlərin guya qaytarılması ilə bağlı prezident fərmanı oldu. Niyə guya deyirəm. Çünki qoyulmuş bütün əmanətlərin 5-7 faizinin geri qaytarılmasından söhbət gedir. Dövlət də öz vətəndaşına bu qədər etibarsız, soyğunçu, acımasız olar? Bu ölkədə hər şeyə pul var. Bir yolu bir ildə üç dəfə söküb yenidən çəkirlər. Yolların qırağına bahalı – bir metri 500 manatdan rəsmiləşdirilən bordürlər qoyurlar, mərmərlər düzürlər. Hər əkdikləri ağacın dibinə işıq çəkirlər. Bakı Şəhər Icra Hakimiyyətinin yarım illik elektrik ödəməsi 400 milyon manatdır. Bunun hamısına pul var, yeraltı keçidlərə mərmər döşəməyə pul var. Hər qəsəbədə, kənddə Heydər Əliyev üçün abidə qoymağa, muzey yaratmağa pul var. Amma vətəndaşın evi söküləndə pul yoxdur. Vətəndaşın əmanətini qaytarmaq lazım olanda əlli min oyundan çıxırlar ki, onun 5-7 faizini qaytarsınlar. Nəyə görə? Çünki bu ölkədə vətəndaş axırıncı sırada dayanır. 8 aprel ərəfəsi bütün vətəndaşlara bu mesajı çatdırmaq istəyirik ki, problemlərinizlə ayrı-ayrılıqda məşğul olmayın. Bütün sivil ölkələrdə olduğu kimi, hamılıqla toplaşaq, ölkəmizdə ciddi dəyişiklik edək. Bəzən adamları aldadırlar. Bu dəyişikliklər kimlərinsə hakimiyyətə gəlməsi, məxsusi olaraq kiminsə prezident olması üçün deyil. Sizin özünüzün hakimiyyətə əl qoymağınızdan ötrüdür. Qoy, xalq hakim olsun, kimi istəsə seçsin. Bu sistemi nəhayət bərqərar etməliyik.
Biz o insanların varisləriyik ki, müsəlman aləmində ilk demokratik cümhuriyyət quranda dünyada yalnız 25 xalq demokratik dövlət qura bilmişdi. Indi üzərindən 94 il keçib. 150-dən artıq ölkədə demokratiya az-çox bərqərar olub. 20-30 avtoritar rejim qalıb ki, Azərbaycan da onun sırasındadır. Ən hüquqsuz xalqlardan biriyik. Bu, bizim milli təəssüb məsələmizə çevrilməlidir. Özümüzə necə rəva görə bilərik ki, sağımız, solumuz – hər yer demokratiyaya qovuşub. Bütün xalqlar hökumətlərini onlarla hesablaşmağa məcbur edib. Biz isə hələ hüquqsuzuq. Hələ də bizimlə hesablaşmırlar. Ona görə 8 aprelə fürsət kimi baxırıq. Razılaşdırılmış mitinq keçirək. Meydan hara olmağından asılı olmayaraq bütün insanlar toplanıb gəlsinlər. Hamı öz etirazını bildirsin və biz bu ölkədə dəyişikliklərə böyük bir təkan verək.

– Mitinqlə bağlı təbliğat aparmanız üçün bəzi mətbuat orqanlarını saymasaq, çox imkanınız yoxdur. Aksiyanın effektli alınması üçün təbliğat işini necə quracaqsınız?
– Informasiya imkanlarımız məhduddur. Bu, bizim istəyimizdən asılı və ya bacarığımızla bağlı məsələ deyil. Hökumət elə şərait yaradıb ki, televiziyalar real müxalifətin üzünə tamamən qapadılıb. “Azadlıq” istisna olmala, radiolarla da bağlı vəziyyət eynidir. “Azadlıq”ın da FM imkanı yoxdur. Qalır internet və iki qəzetin imkanları. Daha çox internetin imkanlarından istifadə etmək haqqında düşünürük. Bugünlərdə partiyamızın, rayon təşkilatlarının çox operativ, dinamik toplantıları keçirilir. Aprelin 1-də 6 rayonda Ictimai Palatanın rayon təşkilatlarının böyük konfransları keçiriləcək. Yüzlərlə-minlərlə insan bu təbliğata cəlb olunur. O cümlədən mitinqə çağırışla bağlı vərəqələr paylanacaq, müxtəlif yerlərdə şüarlar yazılacaq. Müxtəlif vasitələrlə məqsədlərimizi insanlara çatdıra biləcəyik. Əlbəttə ki, milyonlara çatdıra bilməyəcəyik. Amma yüz minlərə çatdırmağı düşünürük. Meydana topladığımız insanların hər biri isə sonradan təbliğatçıya çevrilə bilər.

“Rauf Həbibov kimlərin hamısı vəzifədədir”

“Azadlıq”: Sizcə, mitinqdə işıqları söndürməzlər ki?
– Yəqin ki, söndürəcəklər. Ona görə özümüzlə əlavə mühərrik götürəcəyik. Müxalifətin bütün mitinqlərində bu problemi yaşayırıq. Bu səbəbdən həmişə ehtiyat mühərrikimiz və mikrofonumuz olur.

Rəsul (Quba, dinləyəci): Əli bəy, deyəsən Qubanın keçmiş icra başçısı Rauf Həbibova vəzifə verilib. Bu barədə məlumatınız yoxdur ki?
– Bu barədə konkret məlumatım yoxdur. Amma bu ölkədə Rauf Həbibova vəzifə verilməsi də qeyri-adi deyil. Axı, Rauf Həbibov kimlərin hamısı vəzifədədir. Bir o getməklə bu ölkənin problemləri düzəlmir ki. Əksər rayonlara rəhbərlik edənlər elə Rauf Həbibov kimi düşünən və danışan insanlardır.

Dinləyici: Əli bəy, bu rejimi kim yaradıb?
– Bu rejimi əlbəttə ki, Heydər Əliyev yaradıb. Sonra da oğluna mülk kimi, əmlak kimi qoyub o dünyaya gedib.
“Mənə qarşı təzyiqlərin artması göstərir ki, özlərini rahat hiss etmirlər”

Dinləyici: Dövlətin təhlükəsizlik orqanlarının işi ancaq müxalifət partiyalarının rəhbərlərini şərləməkdən ibarətdir. Xalq baş verənlərə müşahidəçi qalana qədər bu da davam edəcək.
– Tamamilə doğrudur. Amma mən o fikirdəyəm ki, böyük, kütləvi etirazlar yetişir. Mənə qarşı təzyiqlərin artması göstərir ki, özlərini rahat hiss etmirlər. Özlərini rahat hiss etsələr, niyə əlavə skandal yaradırlar. Bilirlər ki, hər necə olsa, “Eurovision”a görə iki ay ərzində dünyanın Azərbaycana diqqəti çox olacaq. Müxalifət liderinin yaxın qohumuna qarşı repressiyalar da yəqin ki, dünyanın diqqətini cəlb edəcək. Niyə bu skandala getsinlər? Çünki başlarını itiriblər. Onsuz da bu kimi təzyiqlər mənim fəaliyyətimə təsir edə bilməz. Milli təhlükəsizlik əməkdaşları ancaq partiya liderləri ilə məşğul olmurlar. Onlar jurnalistləri də diqqətdə saxlayırlar. Onlara da “qayğıları” hiss olunur.

“Azərbaycan onsuz da dəyişəcək”

“Azadlıq”: Nə mənada?
– Bu təxribatlar həm müxalifət liderlərinə, həm jurnalistlərə qarşı yönəlib. Elə bugünlərdə sizin radionun aparıcısı – Azərbaycanın ən cəsarətli və peşəkar araşdırmacı jurnalistlərindən biri, bəlkə də birincisi, Xədicə xanıma qarşı bu ləyaqətsiz kampaniya nə idi bəs? Kim eləmişdi onu? Hansısa dövlət rəsmiləri çıxıb riyakarcasına bir-iki bəyanat verəcəklər, Azərbaycan ictimaiyyəti də inanacaq ki, bunların xəbəri yoxdur. Hər kəs bilir ki, bu çirkin kampaniya birbaşa hakimiyyətin göstərişi ilə aparıldı. Düzdür, bumeranq effekti verdi, hakimiyyət özü bu kampaniyadan ziyanla çıxdı.
Mən inanıram ki, qohumumum həbsi də əks-reaksiya verəcək. Bu işdən peşman çıxacaqlar. Ağılsız addımlar atmaq hökuməti yaxşı yerə aparmır. Barışmaq lazımdır. Dünya dəyişib, artıq ata-oğul, nəvə hakimiyyəti dövrü bitib. Indi orta əsrlər deyil. Neyləyək ki, bu dünyaya bir az gec gəlmisiniz. Görünür, bunlar orta əsrlərdə dünyaya gəlməli idilər. Azərbaycan onsuz da dəyişəcək. Zorla tarixini təkərini saxlamaq olmaz. Bəlkə bir-iki il sallanıb bu təkərləri saxlaya bilərsiniz, amma daha artıq yox. Ona görə də qanunsuz əməlləri dayandırmaq lazımdır. Azərbaycan xalqını kütləvi çıxışlara təhrik edirlər. Əgər bu kurs davam etsə, Azərbaycan müxalifətinin, dünya birliyinin təklif etdiyi ardıcıl islahat başlamasa, addım-addım da olsa, bu ölkə dəyişməsə, günün birində bu ölkənin Quba kimi ayağa qalxacağını gözləmək lazımdır. Azərbaycan hakimiyyəti buna qətiyyən təəccüb etməməlidir.