Dünya Bəşər Əsədi İstanbulda bitirdi

Suriya müxalifəti xalqın legitim hakimiyyəti kimi tanındı


Aprelin 1-də İstanbulda keçirilən Suriya Xalqının Dostları Qrupunun ikinci konfransında Bəşər Əsəd rejiminin əleyhdarları istədiklərinin böyük bir hissəsinə nail olmağı bacardı. Ancaq müxalif qrupların formalaşdırdığı Suriya Milli Şurasının xalqın yeganə legitim təmsilçisi kimi tanınması tələbi qəbul olunmadı.

80-dən çox ölkə və beynəlxalq təşkilatın nümayəndə göndərdiyi toplantının nəticələri haqda bildirişdə deyilir ki, Suriyanın Xalqının Dostları Qrupu Suriya Milli Şurasını bütün suriyalıların legitim təmsilçilərindən biri və müxalif qrupları vahid güc ətrafında birləşdirən qurum kimi tanıyır. Bununla yanaşı, Milli Şuranın beynəlxalq birliklə müxalifətin münasibətlərində əsas müzakirəçilərdən biri olduğu vurğulanıb.

Milli Şura Suriya xalqının tək legitim təmsilçisi kimi tanınmasını hədəfləsə də, bəzi toplantı iştirakçılarının etirazından sonra “legitim təmsilçilərdən biri” olaraq qəbul edilib. Diplomatik mənbələr gerçəkdə Milli Şuranın Suriya xalqının tək təmsilçi kimi görüldüyünü bildirib. Şuranın tək nümayəndə olaraq tanınması Əsəd rejiminin beynəlxalq arenada bütün legitimliyini itirdiyi anlamı daşıyacaq.

İstanbul toplantısında nəzərə çarpan ən mühüm məsələdən biri də başda ABŞ olmaqla bəzi ölkələrin suriyalı müxaliflərin vahid güc ətrafında birləşməsi və tək qüvvə kimi çıxış etməsi istiqamətində göstərdiyi səylərdir. ABŞ Milli Şuranın özünü daha şəffaf hala gətirməsini və ölkədəki etnikləri də əhatə edəcək bir quruma çevrilməyə açıq olmasını istəyib. Amerikalı bir diplomat toplantı zamanı Vaşinqtonun Suriya müxalifətinin bütün vətəndaşların haqlarını qoruyan azad, demokratik və plüralist Suriya ətrafında bir araya gələcəyinə ümid etdiyini söyləyib.

Toplantıda BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi təmsilçisi Kofi Annanın hazırladığı və Təhlükəsizlik Şurasının də dəstəklədiyi planla əlaqədar konkret müddət məsələsi müzakirə olunub.
Bu arada qeyd edək ki, Annan planı Milli Şuranın legitim hakimiyyət kimi tanınmasını əngəlləyir. Çünki Qərb Əsəd rejiminin də qəbul etdiyi plana şans tanımaq istəyir. Fransanın xarici işlər naziri Alan Jupe Annanın sabah BMT TŞ-da çıxışından sonra önümüzdəki dövrü əhatə edəcək konkret müddətin açıqlanacağını deyib.

İstanbul toplantısında müxalif qruplara silah yardımı etmək üçün konkret bir qərar qəbul olunmayıb. Bununla belə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da açılış nitqində söylədiyi kimi, “xalqın özünü müdafiə etmə haqqı” toplantının yekun bəyannaməsinə salınıb. Bəyannamənin 12-ci maddəsində “Qrup Suriya xalqının özünü qorumaq üçün atacağı qanuni addımlara dəstəyini ifadə edəcək” deyilir.
Bunlarla yanaşı, Əsəd rejiminə qarşı sanksiyaların dəyələndirilməsini, qəbulunu və s. müzakirə edəcək işçi qrupun yaradılması da qərara alınıb. İşçi qrupunun ilk iclasının bu ay Fransada keçirilməsi də nəzərdə tutulub.

Türkiyənin baş naziri Rəcəb Tayypib Ərdoğan toplantında çıxışı zamanı “Suriyalı qardaşlarımıza tək olmadıqlarını xatırlatmaq istəyirəm. Dost və qardaş Suriya xalqının yanında olmağa davam edəcəyik” deyərək Suriyada axan qanın dərhal dayandırılması çağırışını edib.

Son doqquz ildə Türkiyə ilə Suriya arasında qurulan güclü əlaqəyə əsaslanaraq son 1 ildə Əsəd rejiminin islahat aparması üçün çalışdıqlarını bildirən Ərdoğan Suriya hakimiyyətinin verdiyi sözlərin üstündə durmamasını sərt tənqid edib. “Annana verilən söz də yerinə yetirilməmişdir. Rejim ölüm qusmağa davam edir. Onsuz da bu günə qədər verdiyi sözlərin heç birinə əməl etməyiblər” söyləyən baş nazir beynəlxalq birliyin hərəkətə keçməsinin qaçılmaz hala gəldiyini bildirib: “BMT TŞ-nın qərarının Suriya tərəfindən manipulyasiya edilməsinə icazə verməyəcəyik. Zalım ilə qurbanı eyni yerə qoyan hər cəhd zalıma zaman qazandırar. Müəyyən siyasi keçidin müddəti dəqiqləşdirilməzsə, bu Suriya hakimiyyətini şiddət işlətməyə təşviq edəcək”.

***

Toplantıdan sonra Suriya Milli Şurasının rəhbəri Burhan Qalyun, ABŞ dövlət katibi Hillari Klinton və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ayrı-ayrılıqda mətbuat konfransı keçiriblər.

Əsəd rejimi legitimliyini itirdi

Qalyun bildirib ki, əhəmiyyətli olanı Milli Şuranın “legitim təmsilçi” kimi qəbul edilməsidir:“Tək, yaxud legitim təmsilçi kimi tanınması daha önəmlidir, nəinki heç tanınmaması. Bu Əsəd rejiminin legitimliyini itirməsi deməkdir”.

Əsəd vəzifəsindən uzaqlaşdırılmalıdır

ABŞ dövlət katibi Hillari Klinton isə Bəşər Əsədin beynəlxalq birliyə verdiyi sözün üstündə durmadığını vurğulayıb. O bildirib ki, Bəşər Əsədin BMT və Ərəb Liqasının nümayəndəsi Kofi Annana verdiyi sözdən bir həftə keçsə də, təhlükəsizlik qüvvələri dinc müxaliflərə qarşı hücumlarını davam etdirir: “Verilən sözlərin üstündən bir həftə keçdi. Əsədin əsgərləri hücumlarını daha da artırdı. Humanitar yardıma imkan vermək yerinə, vəziyyəti daha da gərginləşdirdilər. Siyasi keçid dövrünə icazə verməkdənsə dinc etirazları yatırmağa çalışdı. Əsəd üstündə durmadığı sözlərin siyahısına yenilərini əlavə edir. Əsədin vəzifədən uzaqlaşdırılması lazımdır. Suriya xalqı öz seçimini özü etməlidir. Müxaliflərə humanitar yardımı arıtracağıq və onlara dəstəyimizi davam etdirəcəyik. 12 milyon dollar əlavə yardım olunacaq”.

Dövlət katibi aparılan müzakirələrin bir yol xəritəsi olduğunu deyib. Onun sözlərinə görə, suriyalıların layiq olduğu gələcəyə çaması üçün səylər artırılmalıdır: “Sülh və azadlıq Suriyaya mütləq gələcək. Bu, tez olmaya da bilər. Amma mütləq Suriya azad olacaq. Kofi Annan bizim qarşımıza bir plan qoydu. Bəşər Əsəd isə bu planı tətbiq etmək üçün hərəkətə keçmədi. Artıq zaman qalmayıb. Heç bir bəhanə, gecikmə qəbul edilə bilməz. Artıq gerçəklərlə üzləşmək zamanıdır. ABŞ çox əmindir ki, Suriya xalqı öz müqəddəratını əlinə alacaq. Biz də bu nöqtədə yardımçı olacağıq. Bizim ismarıcımız əmr verənlər və onları yerinə yetirənlər üçün aydın olmalıdır: öz vətəndaşlarınızı öldürməyə son verin, əks təqdirdə bunun ciddi nəticələri ilə qarşılaşacaqsınız”.

Suriya xalqının yanındayıq

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da Kofi Annanın altı maddəlik planının tətbiqi üçün konkret müddətin müəyyənləşdirilməli olduğunu söyləyib. Davudoğlu 83 ölkənin iştirakı ilə tarixi toplantının keçirildiyini vurğulayıb və “BMT Təhlükəsizlik Şurasından Suriya xalqına tam dəstək çıxmırdı” deyərək ad çəkmədən Rusiya və Çini sərt tənqid edib. Türkiyəli nazir Suriyada Bosniya olayları zamanı buraxılan səhvlərin təkrarlanmayacağını və Əsəd rejiminə ağır cavab veriləcəyini deyib: “Bosniyada beynəlxalq ictimaiyyət ləng tərpəndi və atılan addımlar səmərəli olmadı. Bu səbəbdən 250 min adamı itirdik. Suriyada beynəlxalq ictimaiyyət o qədər yavaş olmamalıdır. Bosniyanın səhvləri təkrarlanmayacaq”.
Suriya xalqına da mesaj göndərən Davudoğlu “İstanbuldan verdiyimiz mesaj açıqdır. Bu günə qədər onların yanında olduq, bu gün onların yanındayıq, bundan sonra da onların yanında olacağıq” deyib.

İnformasiya şöbəsi