İqtidar mətbuatının “ştirlits”ləri

Yazıma məşhur bir lətifə ilə başlamaq istəyirəm. “Bir gün Ştirlits, Müllerin kabinetinə girərkən qarşılaşdığı mənzərə qarşısında donub qalır, şef ənənəvi rus buşlatında, ayağında valenka, kədərlə məchul nöqtəyə baxır:
– Gəl, yoldaş Isayev, elə bilirsən, Vətən həsrəti çəkən təkcə sənsən?..”.
… Son bir ildə, qəribə bir mənzərəni müşahidə etməkdəyəm – iqtidar mətbuatında müxalifəti “amansız” tənqid atəşinə tutan yazıların, demək olar, hamısı imzasız olur. Köşə yazılarında isə qəribə psevdonimlər diqqəti cəlb edir. Mirzə Qərənfil, Zəngibasarlı, Şərurlu, Molla Nəsrəddin, Danəndə, Qoca Çinar və s. Bəzən “topa” tutulan müxalifət liderinin şəkli köşə müəllifinin əvəzinə verilir(!).
Bax, ortada yeyib qıraqda gəzmək buna deyərlər. “Mən hər gün ən sevimli qəzetim olan ”SƏS”-i oxuyuram” deyən Əli Həsənovun səmimiyyətinə inan görüm necə inanasan. Çünki, buradakı imzasız köşə yazılarını oxuyan istənilən şüurlu varlıq, müxalifət haqqında “söyüş söyürlər” kəlməsini işlətməyə cəsarət etməz. Burda yalnız cinsiyyət orqanlarının adı olduğu kimi yazılmır, “naməlum” səbəblərə görə. Və bu yazıların əksəriyyəti imzasız gedir, yəni müəlliflər özləri belə, abır-həya edirlər. Çox maraqlıdır deyilmi?
Işin ən inanılmazı isə Əli Həsənovun bu sevimli qəzetində bu tip köşələrin bəzən… I.ƏLIYEV imzası ilə getməsidir. Sizi inandırıram ki, heç Ştirlitsin də buna cəsarəti çatmazdı, bu, ən azı Şellenberq səviyyəsində yapılan məzələnmədir. Lap tutalım, I.Əliyev həqiqətən mövcuddur, heç olmasa şəklini qoyun köşəyə, aydınlıq üçün…
…”Bir düşüyün manifesti”(?) başlığı ilə gedən yazıdan bir cümləni nəzərinizə çatdırım: “Əgər doğrudan da Cəlal Tomayev həqiqətən də rayon icra başçısının əmisi oğludursa, bəs onda niyə Cəlalın soyadı Tomayevdir?”(bu cümləni “şifrəsiz” açmaq qeyri-mümkündür – X.Ə.)
“Tərəqqi” medallı yazar Rəfiqə Kamalqızının Morze əlifbasıyla yazdıqlarından sonra “radistka” Katyadan… qəhrəman düzəldənlərə adamın gülməyi tutur.
“Mən də jurnalist fəaliyyətim dövründə Ayaz Mutəllibov və Elçibəy haqda tənqidi fikirlər söyləmişəm”. Bu fikirlər, adını çəkmək istəmədiyim(!), jurnalist-deputata aiddir. Müsahibə götürən müxbirin, “misal göstərin” deməsinə, Ştirlitssayağı cavab çox orijinaldır və razlaşaq ki, bu fikri söyləmək üçün, doğrudan da insan övladına bir neçə sifət bəs eləmir: “Şifahi olaraq söyləyirdim, şahidlərim var”(!). Necə deyərlər, no comment!
Mövzu qıtlığı, yoxsa tənbəllik?
Məyər müxalifətdən başqa mövzu yoxdur? Hərdən xəyalən iqtidar yazarı üçün mövzu fikirləşirəm(!). Istənilən qədər mövzu var, sadəcə tənbəllik edirlər. Məsələn, qışda əhali su qıtlığı ilə “üzləşmir”, çünki aprelə qədər, tayfa hakimiyyətinə məxsus plantasiyalara su lazım olmur.
Bu iki ayda su bolluğundan yazmaq olar, sonra isə bütün yayı qaz bolluğundan yazmaq olar, bu zaman hakim ailəyə, və bərkgedən oliqarxlara məxsus… istixanalar dincə qoyulur. Binəqədi əhalisi neçə gündür susuzdur, bu sizlik deyil, “uje” bizlikdir – K. Heydərova məxsus olduğu iddia edilən üzüm plantasiyaları yanır, suvarmaq lazımdır. Siz qazdan yazın, qazdan, noyabradək qaz kəsilməyəcək.
Iqtidarın ağır toplarından, şəxsiyyətlərdən da yazmırlar bu “tənbəllər”. Fələstin məğlubiyyətindən sonra Rövnəq müəllimin futbolçulara necə acıqlanmasını, vətənpərvərlik nümunəsi kimi qələmə almaq olmazdımı?!
Yaxud Cavid Qurbanovun hər dörd yolun kəsişməsində, yekə bir ticarət mərkəzi ucaltması – Vətənə xidmət nümunəsi deyilmi, sizin üçün?
Hər dəfə yanğından bir saat sonra gələn yanğınsöndürən maşınlardan gileylənən biz müxalif yazarlarına niyə cavab vermirsiniz? Içdiyimiz “Jalə” şirələrini niyə burnumuzdan “gətirmisiniz?”.
Hanı sizin emosiyanız?..
Elə yazın ki, imzanızı qoymaqdan qorxmayasınız.
Biz demokratik cəmiyyət qurmaqda israrlıyıq. Mətbuat azadlığı, insanların fərqli düşüncə özgürlüyünə hörmət, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara eyni haqqı tanımaq, arzusunda olduğumuz cəmiyyətin əsas atributlarıdır. Sadəcə, vicdanınızın səsinə qulaq asaraq yazın, o zaman imza dəyişdirməyə də ehtiyac qalmayacaq.
Əgər bunu bacarmırsınızsa, heç olmasa, təhqirin sərhədlərini tanıyın ki, sonra xəcalət çəkməyəsiniz.