Mart çıxdı, dərd yox

“YAP getdi, dərd bitdi”
(XXI əsr ata sözü)

Martın boz üzü hər zaman olduğu kimi bu il də əsəbləri tarıma çəkib. Fəqət, ömrünə çox qalmayıb, bir neçə günə mart bitəcək. Dərdsə bitməyəcək. Buna əmin olun.
Nədən ki, Azərbaycanın və bu ölkənin vətəndaşlarının cümlə dərdlərinin qaynaq mənbəyi YAP iqtidarıdır.
YAP iqtidarı:
– Azərbaycanda rüşvəti çiçəkləndirdi;
– korrupsiyanı doğdu;
– yaltaqlığı peşəyə çevirdi;
– saxtakarlığa dayaq durdu;
– qorxu virusunun epidemiya kimi yayılmasına rəvac verdi;
– mənəvi deqradasiyanın sürətlənməsinə şərait yaratdı;
– vətəndaş həmrəyliyi üçün gərəkən addımlar atmağı özünə rəva bilmədi;
– 20 ildir düşmən işğalında qalan vətən torpaqlarının 20 metrini belə geri ala bilmədi…  
Təbii ki, YAP yetkililəri tam fərqli fikirdədir. Onlar deyirlər ki, YAP iqtidarı körpülər tikdi, yollar çəkdi, parklar saldı, binaların fasadını təzələdi, beynəlxalq idman yarışları, müsabiqələr, festivallar düzənlədi və s.
Bütün bunları təkzib etmirik, fəqət, xatırlatmaq istəyirik ki, dünyanın hər bir ölkəsində iqtidar belə işləri vəzifəsi olaraq yerinə yetirir. Fransada da, Türkmənistanda da, hətta, Mozambikdə də dövlət yol çəkir, körpü tikir, park salır. Və dünyanın elə bir ölkəsi yoxdur ki, orada dövlət başçısı yolları, körpüləri, parkları, zavod-fabrikləri dağıtmaqla məşğuldur.
Dövlətin büdcəsi var və büdcədəki pulları təyinatı ilə xərcləmək dövlət başçısının görəvinə aiddir. Dövlət başçısı harada körpü, harada park salındığını bildiyi kimi vətəndaşlarının da dərdlərini bilməlidir. Bu da onun görəvinə daxildir axı.
Bilməlidir və o dərdlərə çarə tapmaq üçün gərəkən addımlar atmalıdır. Vicdanı olanlara müraciət edirəm, o addımlar atılırmı?
Prezident Ilham Əliyev az qala Azərbaycanın bütün rayonlarına səfər edib və bu səfərlərdə onun dərdi başından aşan vətəndaşlarını dinlədiyinə kimsə şahidlik edərmi? Hər kəs bilir ki, əvvəldən müəyyən edilmiş peşəkar yaltaqlar dövlət başçısının şəninə tərif demək üçün görüşə gətirilir. Dərdli camaat isə yaxına buraxılmır. Misallar göstərək.
Qubada qəzəblənmiş xalq prezidentin sərəncamı ilə başçı təyin edilmiş şəxsin iş yerini, ev-eşiyini dağıtdı. Icra başçısının milyonlarla manatlıq sərvətə necə nail olduğunu bir yana qoyaq, dövlət başçısı qəzəblənmiş Quba əhlindən 5-10 nəfəri qəbul edib dərdlərini dinləsəydi, dünya dağılmazdı ki. Yaxud, neçə müddətdir mətbuat Masallıda icra başçısının əhaliyə zülm etdiyini yazır. Yaxınlarda da Ilham Əliyevin Masallıya səfəri oldu. Narazı camaatın bir dəstəsi ilə görüşsəydi, bir sıra problemlər aradan qalxardı. Görüşmədi və elə bu səbəbdən də rayonun ziyalıları ölüm aclığına başladılar.
Quba və Masallı istisna deyil, bu gün Azərbaycanın hər bir rayonunda icra başçıları xalqa qan uddurur, özlərini padşah kimi aparırlar. Və dediyimiz kimi Ilham Əliyev də rayonlara tez-tez səfərə çıxır. Bu səfərlərin birində o, narazı xalqı eşidib firon icra başçılarından birinin dərsini versəydi, həm camaat razı qalardı, həm də digər rayonların icra başçıları-ağaları həddini bilərdi.
Ilham Əliyev dərdli vətəndaşları ilə görüşmür və bunun tək bir səbəbi var. Avtoritar rejimlərdə xalq önəm daşımır. Önəmli olan başqa nəsnələrdir ki, bunu da Azərbaycanda bilməyən yoxdur.
YAP durduqca, dərdlərimizin üstünə yeni dərdlər gələcək. Fikrimcə, bunu təkzib etmək abdallıq olar.