Əli Kərimli qaynının həbsindən danışdı

“Mənim özümə və yaxınlarıma təzyiqlər ictmaiyyətin bildiyindən xeyli çoxdur”

“Heç bir təqsiri olmayan adamı Əli Kərimli ilə qohum olduğuna görə cəzalandırmaq insanlığa yaraşmır”

AXCP sədri Əli Kərimli dünən “Azadlıq” radiosunun “Işdən sonra” proqramının qonağı olub. Partiya sədri qaynı Elnur Seyidovun həbsi, ölkədəki ictimai-siyasi vəziyyət, Ictimai Palatanın 8 aprel mitinqi və bu kimi məsələlərlə bağlı həm radionun, həm də canlı bağlantıya qoşulan dinləyicilərin suallarını cavablandırıb.

“Elnuru mənim yaxın qohumum olduğu üçün cəzalandırırlar”

– Ilk olaraq qaynınız Elnur Seyidovun həbsi ilə bağlı fikirlərinizi bilmək istərdik. Bildiyimizə görə, Elnur hazırda MTN-də saxlanılır. Bu həbsi necə dəyərləndirirsiniz və onun saxlanma şəraiti ilə bağlı əlavə nə bilgi verə bilərsiniz?
– Əvvəla, bu qeyri-qanuni həbsdir. Elnur heç bir cinayət törətməyib. Artıq iş üzrə ilkin məhkəmə baxışı olub. Vəkillər həbsin əsassızlığını sübut etsələr də, məhkəmə sifariş əsasında üç aylıq həbs-qətimkan tədbiri seçib. Elnur özü də məhkəmədə bildirib ki, o heç bir cinayət törətməyib, sadəcə olaraq onu mənim yaxın qohumum olduğu üçün cəzalandırırlar. Elnura qarşı iddia olunan cinayət iqtisadi cinayətdir. Ittihamın mahiyyəti odur ki, guya, müştərilərə xidmət zamanı lazım olduğundan artıq pul alıb və bankın rəhbərliyinə göndərib. Sual yaranır ki, bu işə Milli Təhlükəsizlik Nazirliyinin nə aidiyyəti var? Niyə Elnur MTN təcridxanasında saxlanılmalıdır? Deməli, bu, siyasi xarakterli işdir. Ikincisi, o, filial müdirini müavinidir, birbaşa məsul şəxs olmadığı bəllidir. Özü də xəstədir. Kifayət qədər ciddi xəstəlikdən illərdir müalicə olunur. Bir neçə dəfə xaricdə müalicə olunub. Axırıncı dəfə Türkiyədəki klinakada verilən həkim rəyi artıq istintaqa təqdim olunub.  Həyatına təhlükə olan adam haqqında heç bir əsas olmadan dərhal həbs-qətimkan tədbiri seçib, hay-küylü şəkildə MTN təcridxanasında saxlamaq təzyiq vasitəsidir. Bu, birinci dəfə deyil. Son illərdə mənə və Xalq Cəbhəsinin fəallarına qarşı bu təzyiqlər mütəmadi davam edib. Bütün dövrlərdə ən çox həbslər elə AXCP funksionerlərinə qarşı olub. Az qala, partiyanın Rəyasət Heyətinin yarıya qədəri keçmiş siyasi məhbuslardır. Indi də bizim 8 siyasi məhbusumuz var. Şəxsən özümə qarşı da bu cür təzyiqlər birinci dəfə deyil. Işdən çıxarılan, inzibati həbs alan qohumlarımın sayı lap çoxdur. Bundan bir neçə il əvvəl əmim oğlu Inqilab Kərimov həbs olundu, bir neçə il siyasi məhbus həyatı yaşadı. Başqa yaxın qohumlarımdan hansının kiçik biznesi var idisə, hamısını əllərindən aldılar. Işləyənləri işdən çıxardılar. Elnur mənim yaxın qohumlarımın arasında yeganə adam idi ki, işləyirdi.

“Özünə demişdim ki, bu iş yaxşı qurtarmayacaq”

– Elə mən də bunu soruşmaq istəyirdim ki, nə yaxşı, bu vaxta qədər bu vəzifədə qala bilib?
– Bu mənim də diqqətimi cəlb edirdi. Özünə bir neçə dəfə demişdim ki, bu iş yaxşı qurtarmayacaq. Sən bir istisnasan. Bu rejim də istisnaları sevmir. Baxmayaraq ki, o heç vaxt siyasətlə məşğul olmayıb, 20 ildir peşəkar bank işçisidir, ixtisasca da hüquqşünasdır. Bankda işə hüquqşünas kimi başlayıb, pillə-pillə yüksəlib. Hətta bir müddət filial müdirliyinə qədər gedib çıxmışdı. 2005-ci ildə mənə qarşı kampaniya başlayanda onu işdən çıxartdılar. Iki il işsiz qaldı, sonra peşəkar olduğunu nəzərə alaraq yenidən dəvət etdilər. Amma aşağı bir vəzifəyə. Bu, onun peşəkar və siyasətdən tam uzaq olması ilə bağlı idi ki, bugünə qədər işləyə bilmişdi. Heç vaxt siyasətlə məşğul olmayan, bizim işlərdən məsafədə olan bir adamdır. Yeri gəlmişkən, bir neçə ay əvvəl onun özünü də xəbərdar etmişdilər ki, başında böyük bir təhlükə var. O da demişdi ki, mən siyasətçi deyiləm, siyasi işlə məşğul olmuram, Əli Kərimli də mənim sözümlə oturub-duran adam deyil. Məndən tələb edirsiniz ki? Bacımdan, bacım uşaqlarından, qohumlarımdan imtina edim? O zaman ona dedim ki, bank işindən uzaqlaş. Dedi, axı mən başqa iş bacarmıram, 20 ildir bu işlə məşğulam. Dedim, çıx get başqa ölkədə yaşa. Mən bilirəm ki, yaxın qohumlarım üçün bu ölkədə çox ciddi təhlükələr var. Açığı, onun səhhətindən narahat idim. Səhhətində ciddi problemlər var. Ona görə baş verənlər bizim üçün də, ailəsi üçün də çox ağırdır.

– Başqa elə bir qohumunuz da varmı ki, ona da tövsiyə verəsiniz?
– Bizim kifayət qədər böyük ailəmiz var. Həm özümün, həm həyat yoldaşımın ailəsini nəzərdə tuturam. Işləyənlər demək olar ki müəllimlər qalıb. Başqa kim nə itirə bilərsə, itirib. Bilirsiniz, mən çox qəribə hadisələrlə rastlaşmışam. Mənim əmim oğlunlarından birinin Xutor qəsəbəsində özəl taxta sexi var idi. O qəsəbə tamamilə plansız tikilmiş bir yerdir. Bakı Şəhər Icra Hakimiyyəti o sexin sökülməsi haqqında sərəncam vermişdi ki, Xutorun arxitekturasını pozur. Başqa bir əmim oğlunun avtomobil təmiri sexi var idi, onun da aqibəti eyni oldu. Başqa yerlərdə, müxtəlif nazirliklərdə işləyən qohumlar var idi ki, hamısını zamanında işdən çıxarıblar. Ona görə deyirdim ki, bu axırıncı idi.

“Sanki bu kraldır, mən də ona qarşı qiyam qaldırmış bir cəngavər”

– Bütün bunlara görə qohumlar sizi qınamırlar ki?
– Qınamırlar. Birincisi, hətta siyasətlə məşğul olmasalar belə, onlar da Azərbaycanda yaşayırlar. Siyasətdə olmayanı da başa düşür ki, mən qeyri-qanuni heç bir iş görmürəm. Mən onu başa düşməyə çətinlik çəkirəm ki, niyə bu hökumət, Ilham Əliyev başda olmaqla müxalifətlə, konkret mənimlə düşmənçilik edir? Mən konstitusion hüquqlarımdan istifadə edib dinc, sivil qaydada müxalifətçilik edirəm. Mənimlə niyə düşmənçilik aparılır? Sanki bu kraldır, mən də ona qarşı qiyam qaldırmış bir cəngavər. Bu mənimlə belə davranır, açıq-aşkar düşmənçilik edir. Bu 21-ci əsrdir, biz Avropa Şurasının üzvüyük. Bu zorakılığa yer olmamalıdır. Siyasətə aidiyyəti olmayan adamlara niyə repressiya edirsən axı? Mənə sözün var, mən hazır. Mən hər cür məhrumiyyəti göz önünə  almış adamam. Amma heç bir təqsiri olmayan, siyasətə aidiyyəti olmayan, siyasi iddiası və marağı olmayan sadə vətəndaşları yalnız Əli Kərimli ilə qohum olduğuna görə cəzalandırmaq nə azərbaycanlılığa, nə müsəlmanlığa, nə insanlığa yaraşan hərəkətdir. Bu, çağdan geri qalmış  zehniyyətdən xəbər verən hərəkətdir. Azərbaycan hakimiyyəti öz səhvindən imtina etməlidir. Bu çanaq öz başlarında çatlaya bilər.

– Belə bir fikir var ki, bütün bunları prezident yox, ətrafı edir. Bəlkə prezidentin bundan heç xəbəri yoxdur. Ola bilərmi?
– Dünəndən bəri bu, bütün kütləvi informasiya vasitələrinin bir nömrəli xəbəridir. Üstəlik, bir sıra beynəlxalq təşkilatlar, diplomatik korpusun nümayəndələri artıq hökumətlə əlaqəyə girib bu məsələ ilə bağlı izahat istəyirlər. Əgər bütün bunlardan sonra onun xəbəri yoxdursa, o zaman niyə işləyir bu vəzifədə?

“Buna üz lazımdır ki, dünyada korrupsiya çempionu olanlar…”

– Elnur Seyidov bu həbsi siyasi sifariş hesab edir. Məhkəmə prosesində özünü təqsirli saymadığını deyib. Əli bəy, bu tip işlərin əksəriyyətində siyasi sifariş sözü səsləndirilir. Burada söhbət, bank əməliyyatından gedir, konkret rəqəmlərlə məsələni həll etmək olmazmı?
– Elnur xaraktercə qanunu pozmağa meyilli adam deyil. Təsəvvür edək ki, qanunu pozmaq, qanunsuz yolla nəyisə mənimsəmək onun könlündən keçib. Amma o yaxşı bilirdi ki, ciddi nəzarətdədir. Bilirdi ki, məhz mənim qaynım olduğuna görə bir dəfə siyasi mülahizələrlə işdən çıxarılıb, işsiz qalıb. Bilirdi ki, onu hədələyirlər. Ona görə də heç bir qanunsuz addım atmırdı. Mən bəri başdan deyirəm və arxayınam ki, onun istintaqın gedişində də heç bir qanunsuzluğu üzə çıxmayacaq. Bu adam bankda sahibkar yox, rəhbər yox, peşəkardır. Hətta təsəvvür etsək ki, istintaqın ittiham etdiyi kimi Elnur həqiqətən də həmin rüsumları nəzərdə tutulduğundan artıq toplayıb və rəhbərliyə göndərib. Yaxşı, ölkə bütünlükdə bu piramidanın üzərində qurulmayıb? Məktəb müəllimlərini məcbur edirlər, hərəsi üç-beş manat Maarif şöbəsinə versin, həkimləri məcbur edirlər pul yığıb baş həkimə versinlər. Kimi məcbur edib bu üsulla işlətmirlər? Buna üz lazımdır ki, dünyada korrupsiya çempionu olanlar, aktivləri 1,4 milyard qiymətləndirilən “Kapital bank”ı bir-iki il bundan əvvəl 3-4 milyona – su qiymətinə özəlləşdirənlər indi gəlib bu piramidanın vintcikləri ilə mübarizə aparırlar ki, bunlar qanunu pozurlar. Halbuki belə bir şey yoxdur. Lap tutalım var. Bu nə deməkdir? Yüz minlərlə məmurun arasında gəlib Əli Kərimlinin qaynını tapırsan ki, sən bu korrupsiya mexanizmində işləmisən.
Bu korrupsiya mexanizmini quran sənsən, onun vintləri də yüzminlərlə adam.

“Hansılar barədə susmaq mümkündürsə, danışmıram”

– Sizcə, niyə elə edirlər?
– Mənə təzyiq etmək üçün. Siz mənə qarşı münasibəti görmürsüz? Başqa ikinci adam varmı 7 ildir pasportu olmasın? Hansı mülkiyyətçiylə razılaşıramsa ki, obyektini partiya üçün icarəyə götürüm, iki gündən sonra ya Milli Təhlükəsizlik Nazirliyinin, ya da polis əməkdaşları onu  çağırıb elə hədələyirlər, xahiş edir ki, bir daha biz tərəfə baxma. Biz bu barədə hər gün danışmırıq. Mənim özümə, yaxınlarıma təzyiqlər ictmaiyyətin bildiyindən xeyli çoxdur. Hansılar barədə susmaq mümkündürsə, danışmıram. Belə hallar həddən artıq çoxdur.

– Bəs bunları təsiri necə olur?
– Belə qohumların həbsi ailədə diskomfort yaradır. Üç azyaşlı uşağı var. Ailə üzvlərinin təbii ki, hamısı bu əzabı çəkməli olur. Daha çox həyatından narahat oluruq. Bir daha demək istəyirəm ki, Elnur kifayət qədər ağır xəstəlikdən müalicə olunur, onun həyatına ciddi təhlükə var. Mən müvafiq sənədləri istintaqa da çatdırmışam. Onları dəqiqləşdirə bilərlər. Bunu ona görə deyirəm ki, Elnurun həyatına ola biləcək hər hansı təhlükəyə görə məsuliyyət daşıyırlar. O elə bir xəstəlikdən əziyyət çəkir ki, hər an şikəst ola, həyatına təhlükə yarana bilər. Stress onun xəstəliyini çox ciddi şəkildə gərginləşdirə bilər. Ona görə hökuməti xəbərdar edirəm ki, bu barədə fikirləşsinlər.

ardı var