“Eurovision” binasının layihəsi plagiat imiş

“Crystal Hall”ın “əkizi” bir il əvvəl Çində “dünyaya gəlib”

Təkcə binalar eyni deyil, tikinti xərcləri də yaxındır, hərçənd, Çindəki işlər daha irimiqyaslı olub

“Eurovision 2012″ müsabiqəsinin keçiriləcəyi ”Crystal Hall” konsert kompleksinin layihəsi plagiat imiş. “Facebook” sosial şəbəkəsində paylaşılan şəkillərdən bu, aydın görünür. Eyni görkəmli kompleks düz bir il əvvəl Çində istifadəyə verilib.
“Facebook”da yayılan şəkillərin izi ilə axtarışa çıxıb maraqlı nəticələr əldə etdik. Ondan başlayaq ki, Çin hökuməti “Crystal Hall”ın “əkizi” ilə yanaşı, daha 2 kompleks inşa etdirib.

ÇİNDƏKİ KOMPLEKSDƏN GÖRÜNTÜLƏR

2011-ci ildə Şenzen şəhərində keçirilən 26-cı beynəlxalq yay universiadası münasibətilə bu şəhərin meriyası Almaniya şirkətlərindən birinə universiadanın keçiriləcəyi kompleksin sifarişini verib. Üç nəhəng kompleksin tikintisi dörd ilə başa gəlib. 2007-ci ildə başlayan tikinti işləri 2011-ci ildə başa çatıb. Şenzendəki üç idman kompleksindən biri və ən böyüyü 60 min tamaşaçı tutumu olan olimpiada stadionudur. Bakıdakı “Crystal Hall”ın birəbir oxşarı olan bu stadion ölçülərinə görə “Eurovision”un keçiriləcəyi məkandan iki dəfə böyükdür. Xatırladaq ki, Dövlət Bayrağı meydanının yanında inşa edilən “Crystal Hall”ın tamaşaçı tutumu 25 min nəfərdir.

Şenzendəki ikinci çoxfunksiyalı idman kompleksinin tamaşaçı tutumu 18 min nəfərdir. Bu kompleks bütün növ idman oyunlarının qapalı məkanda keçirilməsinə imkan verir. Burda həm yay, həm də qış oyunlarını fəsildən asılı olmayaraq, keçirmək olar.
Nəhayət, üçüncü kompleks 3000 tamaşaçı tutumu olan üzgüçülük hovuzlarından ibarətdir.
Diqqətimizi bu komplekslərin oxşarlığı ilə yanaşı, onlara xərclənən maliyyə də çəkdi. Rəqəmləri elan etməmişdən qabaq Şenzendəki Universiada kompleksini təsvir etmək istərdik.

Üç kompleks ətrafında Çinə məxsus xüsusi landşaft işləri görülərək, çoxlu sayda süni göllər yaradılıb. Universiadaya hazırlıq məqsədilə xərclənən pullar yalnız idman komplekslərinin inşası ilə yekunlaşmayıb. Yarışmaya hazırlıq çərçivəsində Çin hökuməti də azərbaycanlı həmkarları kimi yolların və ətraf ərazilərin xarici görkəminə diqqət ayırıb. Nəticədə Şenzendəki 15 min binanın fasadı yenilənib, 11 şosse və 25 əsas yolun asfalt örtüyü dəyişdirilib. Eyni zamanda, nəqliyyat sisteminin təkmilləşdirilməsi məqsədilə şəhərdə metrostansiyaların sayı artırılıb. Və bütün bu işlərə nə az, nə çox – təqribən 400 milyon dollar xərclənib.

BAKIDAKI “CRYSTAL HALL” BELƏ OLACAQ

Indisə gəlin, Bakıda hazırda tikintisi davam edən “Crystal Hall”a xərclənən maliyyəyə diqqət yetirək. Almaniyanın “ALPINE Bau Deutchland AG” şirkəti tərəfindən inşa edilən plagiat mərkəz Azərbaycana 58 milyon manata başa gəlməli idi. Amma bu zalın tikintisinə Nazirlər Kabinetinin 6 fevral 2012-ci il tarixli 24 saylı sərəncamı ilə əlavə olaraq, 46 milyon 900 min manat ayrılıb. Bu vəsait isə büdcədə əvvəlcədən bir sıra sosial xərclərə ayrılan vəsaitlərin təxirə salınması hesabına baş verib. Beləliklə, metal konstruksiyalı Idman-Konsert Kompleksi Azərbaycana təxminən 105 milyon manata başa gəlir.

Amma Azərbaycanın xərcləri bununla bitmir “Crystal Hall”ın tikildiyi ərazidə – Dövlət Bayrağı Meydanı yaxınlığında yol da salınır. Bayıldan Bayraq Meydanına qədər 3 kilometrlik avtomobil yolu əsaslı təmir olunur və yenidən qurulur. Həmin ərazidə 3 yeraltı keçid də tikilir. Bunun üçünsə ilkin olaraq 65 milyon manat ayrılıb. Amma daha sonra eyni layihəyə əlavə olaraq, 20 milyon vəsaitin də ayrılması qərarı verilib. Yolun tikintisi zamanı həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına da 12 milyon manatdan artıq vəsait ayrılıb. Beləliklə, Bayıldan Dövlət Bayrağına gedən 3 kilometrlik yolun xərci 109 milyon manat edir.

Dolayı yolla “Crystal Hall”a aid olan xərcləri də diqqətinizə çatdırmaq istəyirik. Mətbuatda gedən məlumatlara görə, “Eurovision” yarışmasının keçiriləcəyi məkan hələ bəlli olmadığı zaman T.Bəhramov adına stadionun yenidən qurulması üçün 70, Bayraq Meydanının abadlaşdırılması və həmin ərazinin enerji infrastrukturunun yaradılması üçün 55, “Eurovision” yarışmasının təşkili üçün 50 və beynəlxalq tədbirlərin keçirilməsi üçün Ictimai TV-yə ayrılan vəsait 8,5 milyon təşkil edib.
Son nəticə Azərbaycanın dövlət büdcəsindən “Eurovision” yarışmasının təşkilinə 397.8 milyon vəsait xərclənəcək. Inanın ki, bu yazını hazırlayarkən məqsədimiz heç də Azərbaycanın “Eurovision”a xərcləyəcəyi məbləği Şenzen şəhərində 2011-ci ildə keçirilmiş Universiadaya xərclənən 400 milyon dollara yaxınlaşdırmaq deyildi. Amma nəticə göz önündədir – binalar oxşar olduğu kimi, yarışmalara xərclənən vəsait də bir-birinə yaxındır. Hərçənd, Çindəki tədbir və görülən işlər miqyasına görə Bakıdakı “Eurovision”dan qat-qat iri miqyaslı olub.
Sonda bir oxşar məqamı da diqqətinizə çatdıraq: 2011-ci il Universiadasına hazırlıq çərçivəsində Şenzen şəhərində 80 min sakin aparılan tikinti işlərinə görə evindən uyğun olmayan şərtlərlə köçürülüb.

Hikmət