AXCP-nin 8 aprel hazırlıqları

Partiya aksiyada bütün narazı təbəqələrin iştirakına çalışır

Ictima Palatanın 8 aprel aksiyasına hazırlıqlar davam etdirilir. Xüsusilə AXCP bu aksiyaya ciddi şəkildə hazırlıq görür. AXCP-dən qəzetimizə verilən məlumata görə, aksiyanın vaxtı elan olunandan partiyanın rayon təşkilatlarında mitinqin kütləviliyini təmin etmək üçün ciddi iş aparılır. Partiya çalışır ki, 8 aprel mitinqi yalnız ölkədəki siyasi qüvvələrin iştirakı ilə məhdudlaşmasın. Bütün narazı təbəqələrin aksiyaya cəlb olunması partiyanın əsas hədəfləridir. Rayon təşkilatlarında keçirilən müşavirələrdə bu məsələ üzərində xüsusi iş aparmaq qərara alınıb.
Aksiyada mülkiyyət hüquqları pozulan vətəndaşların, nəqliyyat qoçularının hədəfində olan taksi sürücülərinin və s. bu kimi narazı sosial təbəqələrin aksiyada iştirakının təmin olunması üçün səylər göstərilir.
AXCP-dən həmçinin deyilib ki, partiya razılaşdırılmış aksiyanın tərəfdarıdır. Partiya hesab edir ki, bu halda Ictimai Palatanın 8 aprel mitinqinin izdihamlı keçəcəyi şübhəsizdir: “Demək olar ki, xalqın tam əksəriyyəti bu hakimiyyətdən narazıdır. Biz razılaşdırılmış aksiya ilə bütün narazıların bir araya gəlməsinə və hakimiyyətin apardığı anti-milli siyasətinə ”yox” deməsinə nail ola bilərik. Minlərlə insan var ki, Ictimai Palatanın aksiyalarında iştirak etmək niyyətindədir. Bununla belə, insanlarda müəyyən qədər xof qalıb. Biz ilk növbədə bu xofu aradan qaldırmalıyıq. Onminlərlə insanın bir araya gəlib bu hakimiyyətə “get” deməsi bu xofu aradan qaldıra bilər. Biz inanırıq ki, 8 aprel mitinqi bu hakimiyyətin sonunun başlanğıcı olacaq”.