ABŞ İlham Əliyevi bitirir

Proses çoxdan başlamışdı – Sarkozinin Quzey Qafqaza səfərində Azərbaycan hakimiyyətini bihörmət eləməsi, Almaniya diplomatlarının Əliyevlərə münasibəti iqtidarın istəmədiyi halda, müxalifətlə görüşmək müstəvisinə keçirməsi son görünənlərdir. Əslində isə təməl 3 il öncə qoyulmuşdu.
O vaxt ki, ABŞ-ın nüfuzlu media qurumları Azərbaycanda mafiozlaşmış və korrupsiyalaşmış rejimin mövcudluğunu açıq şəkildə bəyan etdi, Ilham Əliyevin Dubay mülklərindən yazdı;
O vaxt ki, Qərb kütləvi informasiya vasitələrində Qafqazın bu “analoqsuz” dövlətində nəinki fundamental, adi insan haqlarının it yerinə qoyulmadığı gündəmə gətirildi…
Qərbin “mafioz”, “julik”, “ədəbsiz”, “kriminal” epitetləri ilə təyin etdiyi Azərbaycan hakimiyyəti isə Medvedevlə sürüşə-sürüşə öz divar qəzetlərində “cavab”lara, dünyanın supergüclərinə qarşı “kampaniyaya” başladı. Nəticə necə olmalıydı?
Ərazisi işğal altında olan balaca bir ölkə hakimiyyətinin gözünü korrupsiya və rüşvətlə yığdığı sərvət nə qədər örtməlidir ki, sivil dünyanın demokratiya tələbinə “kimsə Azərbaycanın daxili işlərinə qarışa bilməz” kimi bəyanat versin? Nə qədər korafəhm olmaq lazımdır ki, “demokratiya və insan haqları heç bir ölkənin daxili işi deyil” tipli ABŞ-ın ikinci şəxsinin dilindən səslənən açıqlamaya qulaqlarını qapayıb, gözünü yumasan? Dünyanı demokratik bir inqilab dalğası cənginə alan məqamda nə qədər gerizəkalı olmalısan ki, siyasi fəalları tutub türmələrə doldurasan, vətəndaşlarının mülkiyyət hüquqlarını bir-birinin ardınca pozasan, korrupsiya layihələrini daha da çiçəkləndirəsən?
Təsəvvür eləmək belə, çətindir ki, 20 ildən artıqdır Azərbaycanda “işləyən” Iran xüsusi xidmət orqanlarını “faş” etmək məhz indiki məqamda, Irana qarşı həlqənin daraldığı və Tehranın müharibə ritorikasının artdığı məqamda gerçəkləşdirilir. Iran xüsusi xidmət orqanları Azərbaycanda dünənmi işləməyə başlamışdı? Qumda təhsil alan, Kərbəla ziyarətinə gedən hər bir şəxsə “casus” damğası vurub, onları kütləvi surətdə türməyə doldurmağın anlamı nədir? Iranla münasibətləri bərbad duruma gətirib, mümkün hərbi təcavüz zamanı Azərbaycanı hədəfə çıxarmaqlamı Əliyevlər “əbədi” olmaq istəyir?
ABŞ-dan, Qərbin siyasi iradəsinin ifadəçisi olan Fransa və Almaniyadan əlləri üzüləndən sonra mafioz hakimiyyətlərini qorumaq naminə Israillə əməkdaşlıq etməyə başlayıblar.
Bu da ABŞ-ın cavabı; bu da Azərbaycanın Israilə hərbi baza verməsi və bu bazadan Irana qarşı mümkün həmlə haqqında sızdırılmış informasiya!
Azərbaycan – faktiki Iranın hədəfinə çıxarıldı.
ABŞ bəlli, Qərb artıq mövqeyini bildirib, Türkiyə ilə münasibətlər “mehriban düşmənçilik” səviyyəsində, Rusiyada yenidən hakimiyyətə qayıdan Putin artıq “sürüşkən siyasəti” Ilham Əliyevə bağışlamaq niyyətində deyil… Indi də Iran – Ermənistana daim iqtisadi-siyasi dəstək verən və Azərbaycana qarşı məkrli siyasətini yeridən təhlükəli cənub qonşumuz.
Iran xoruzun quyruğuna inanmalıdır, yoxsa, Əli Həsənovun andına? Əgər Irana qarşı mümkün hərbi əməliyyatlarda Azərbaycan vasitəyə çevrilməyəcəksə, Israilə hərbi baza vermək nə üçün?
Hanı sizin andıra qalmış “balans” siyasətiniz? Elə bilirdiniz, Azərbaycan xalqının üzü-üzünə, gözü-gözünə dediyiniz bəsit və ağ yalanları dünyaya da üfürə bilərsiniz? Elə bilirdiniz “balans”, “inkişaf”, “demokratiya” yalanı altında supergüclərlə meydan oxuyub, Azərbaycanı sona qədər talayacaqdınız?

Başçının özünüifşası

Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev “aktivinə yazılan” 2 ard-arda ölüm faktından təşvişə düşüb, dərhal açıqlama verib. Açıqlama, nə açıqlama! Adam siftə “ümummilliyə” və “möhtərəmə” tələm-tələsik sədaqət və hörmət girişi edəndən sonra keçib özündən danışmağa ki, 73 yaşım var, mənə heç nə lazım deyil…
Təsəvvür etdinizmi? Adamın 73 yaşı varmış, gənc və perspektivli möhtərəm isə onunla işləyirmiş. Bəs, 65 yaş qadağası nooldu? Deməli, 65 yaşında, xeyli təcrübə yığmış müəllim dərs deyə, həkim müayinə apara bilməzmiş, ancaq 73 yaşında qoca kişinin qurub-yaratmaq eşqi çağlayırmış… 65 yaşlı təcrübəli müəllim 20 şagirdi yönətə bilməzmiş, ancaq 73 yaşlı qoca böyük bir rayonu idarə etmək imkanındaymış…
Adamlar başdan-başa məntiqsizlik nümunəsidirlər…