İrana rəsmi səfər edən Türkiyənin baş naziri martın 29-da Məşhəddə dini lider ayətullah Əli Xamneyi ilə görüşüb.
“Media frorum” saytının məlumatına görə, ayətullah Xamneyi Suriyadakı böhrana toxunub və İranın Bəşər Əsəd hökumətinə dəstək verəcəyini bildirib: “İran İslam Respublikası amerikalıların Suriya problemi ilə bağlı hər hansı planına müxalifdir. Amerikalılar heç bir xalqı müstəqil xalq kimi tanımır. Amerikalılar bütün ölkələrlə belə davranırlar.
Qəbul edilən bütün qərarlarda müsəlman ölkələrinin də mənafeyi nəzərə alınmalıdır. İran İslam Respublikası sionist rejimin qarşısında müqavimət xətti sayıldığına görə Suriya hökumətinə dəstək verəcək. Biz xarici qüvvələrin Suriyanın daxili işlərinə qarışmasını istəmirik. Suriyadakı islahatları dəstəkləyirik. İslahatlar davam etdirilməlidir”.
Türkiyənin baş naziri İranla Türkiyəni bir-birinə bağlayan tarixi tellərə toxunaraq deyib: “Ölkələrimizi bir-birinə bağlayan qədim telləri nəzərə alaraq hesab edirik ki, İranla Türkiyənin müxtəlif sahələrdə, o sıradan da infrastruktur sahəsindəki əməkdaşlığı genişlənməlidir. Bu gün bölgə ağır bir dövr yaşayır. Ümid edirik ki, həmin ağır dövrü geridə buraxacağıq”.