Xaçmazda icra başçısını vurana cinayət işi açılıb

“Cavid Qusarda ekspertizadan keçib. Qabırğası çox möhkəm zədələnib. Gəzə bilmir”

Baş prokurorluq mətbuatda yazılanları təkzib edir

Martın 28-də Xaçmaz sakini Təranə Həbibovanın yaşayış evinin pəncərəsindən özünü atması faktı üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi qaldırılıb. Bu barədə “Turan”a Xaçmaz rayon prokuroru Yusif Cəlilli məlumat verib.
Prokuror həmçinin bildirib ki, mərhum qadının bacı və qardaşı icra başçısına, onun müavinlərinə, polisə hücum çəkdiyinə, onları döydüyünə, hətta bıçaqla xəsarət yetirməyə cəhd etdiklərinə görə onların barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb.
“Bacımın intihar xəbərini eşidəndə şoka düşdüm, nə edəcəyimi bilmirdim. Icra Hakimiyyətinə gedərək icra başçısı Şəmsəddin Xanbabayevi vurdum. Bundan sonra onun müavinləri Yetkin Mehmanov, Azər Haqverdiyev, Akif Mərdanov, köməkçisi Fuad və sürücüsü məni təpik və yumruqla bərk döydülər”, – deyə Cavid Həbibov bildirib.
Fuad Həbibov “Azadlıq”a açıqlamasında deyib ki, qardaşı Qusarda ekspertizadan keçib: “Qabırğası çox möhkəm zədələnib. Gəzə bilmir”. Fuad Həbibov qardaşının həbs edildiyi haqda bəzi medai orqanlarının yaydığı xəbəri təkzib edib.
Xatırladaq ki, Cavid Həbibov bacısı Təranə Həbibovanın intiharından sonra Icra Hakimiyyətinə gedərək, orada qarşılaşdığı başçını sillə ilə vurub. Çünki Həbibovlar bacılarının intihar etməsində günhakar icra başçısını və rayonun hüquq-mühafizə orqanlarını günahkar bilirlər.
Təranə Həbibova 2010-cu ilin sentyabrında evində qətlə yetirilən Xaçmazdakı “Arzu” Ticarət Mərkəzinin sahibi Nəcimə Babayevanın qızıdır. O, anasının qətlinin üstünün hələ də açılmamasına etiraz olaraq martın 28-də bacısı Güknarə Həbibovanın yaşadığı beşmərtəbəli binanın beşinci mərtəbəsindəki mənzilindən ataraq intihar edib.
Həbibovlar ailəsi anaları Nəcimənin qətli və işin üstünün açılmaması ilə əlaqədar rayon icra hakimiyyətini və hüquq-mühafizə orqanlarını ittiham edirlər. Onlar iddia edirlər ki, qətl analarının sahib olduğu obyekti ələ keçirmək üçün törədilib. Həbibovlar bildirirlər ki, Şəmsəddin Xanbabayev 2002-ci ildə icra başçısı təyin edildikdən sonra “Arzu” ticarət mərkəzinin onlardan alınması məqsədilə ailəyə təzyiqlər olub.
Baş Prokurorluq baş vermiş hadisəylə bağlı məlumat yayıb. Məlumata görə, “Arzu” MMC-nin təsisçisi və direktoru Nəcimə Babayevanın qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işinin ibtidai istintaqının obyektiv aparılmaması və cinayəti törətmiş şəxsin tutulmamasına etiraz olaraq mərhumun qızı, Quba rayon sakini Təranə Həbibovanın intihar etməsi barədə həqiqətəuyğun olmayan informasiyalar dərc edilib: “27 sentyabr 2010-cu il tarixində cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirlərinin vəziyyəti baş prokurorun birinci müavini, baş prokurorun köməkçisi, istintaq qrupunun, Daxili Işlər və Milli Təhlükəsizlik nazirliklərinin əməliyyat qrupunun üzvlərinin iştirakı ilə müzakirə edilib, cinayətin açılması üçün bütün fərziyyələr üzrə intensiv əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi qərara alınıb. 1 oktyabr 2010-cu il tarixində Azərbaycanın baş prokuroru tərəfindən istintaqın vəziyyəti barədə KIV-ə məlumat verilib. Hazırda cinayətin açılması istiqamətində Baş Prokurorluğun Ağır Cinayətlərə dair Işlər üzrə Istintaq Idarəsində tam və hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir.
28 mart 2012-ci il tarixində saat 09:00 radələrində N.Babayevanın 1963-cü il təvəllüdlü qızı, Quba rayon sakini Təranə Həbibovanın Xaçmaz rayonunda bacısının yaşadığı binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə əlaqədar hadisə yeri və meyitə rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib. Baş Prokurorluq və Daxili Işlər Nazirliyinin yüksək rütbəli vəzifəli şəxsləri dərhal Xaçmaz rayonuna ezam olunub.
Hazırda cinayət işi üzrə ibtidai araşdırma baş prokurorun şəxsi nəzarətinə götürülməklə Baş Prokurorluğun Ağır Cinayətlərə dair Işlər üzrə Istintaq Idarəsində davam etdirilir”.

Ramin DEKO