Sürücülərin aksiyası harda olacaq?

1 aprel aksiyasının yeri və saatı müəyyənləşdi

Nəqliyyat Nazirliyinin lisenziyasız və sovet istehsalı olan taksilərin yığışdırılması ilə bağlı başladığı proses davam edir. Artıq sürücüləri nazirliyin müfəttişləri saxlayaraq cərimələyir. Bəzən onların sənədləri əlindən alınır və qaytarılmır. Sürücülər problemlərini həll etmək üçün aprelin 1-də aksiya keçirməyi planlaşdırırlar.
Adının çəkilməsini istəməyən təşkilatçılardan birinin “Azadlıq”a dediyinə görə, aksiya iki ünvandan birində başalana bilər: “Ya metronun ”20 Yanvar” stansiyanın önündən, ya da “Azneft” dairəsindən Nəqliyyat Nazirliyinin önünə yürüş edəcəyik. Əgər polislər qarşımızı öncədən almağa planlaşdırsalar onda biz birbaşa taksilərlə nazirliyin önünə gələcəyik. Aksiyanı saat 15-də keçirməyi düşünürük”.
Sürücülər son zamanlar Nəqliyyat Nazirliyinin müfəttişlərinin əməlli-başlı onlara qarşı açıq savaşa keçdiklərinə də aydınlıq gətirdilər: “Bu, artıq özbaşınalığın son həddidir. Tələblərimizdən biri də odur ki, nazir Ziya Məmmədov otağından çıxıb bizimlə görüşə gəlsin. Daha hansısa şöbə müdirinin qəbuluna 4-5 nəfər sürücünü aparmasınlar. Bizim nazirə çoxlu deyəcəklərimiz var. Nədən heç bir qayda-qanunu pozmayan sürücünü ölümcül hala salırlar? Bu ixtiyarı o müfəttişlərə kim verib? Ziya Məmmədov mütləq bizimlə görüşməlidir, verilən qərarla bağlı da fikrini deməlidir. Onların tətbiq etdiyi qaydalar bizi qane etmir. Elə bir şərt qoyublar ki, bu da mümkünsüzdür. Cibimizə uyğun şərtlər yaratsınlar, biz də işləyək. Əks halda onların dedikləriylə razılaşmayacağıq”.
Sürücülər bütün hallarda aprelin 1-də aksiya keçirəcəklərini deyirlər: “Bəzi mətbuat orqanlarında bizim haqqımızda etikaya uyğun olmayan ifadələr işlədirlər. Guya biz dövlətçiliyə qarşı çıxırıq. Bizim bir tələbimiz var – qoyulan məhdudiyyətləri ləğv etsinlər və müfəttişlərin sürücülərlə davranışlarına əngəl törətsinlər. Müfəttiş nazirliyi təmsil edir, o, qoçu deyil. Tələblərimiz yerinə yetirilməsə, sona qədər mübarizə aparacağıq”.

Ramin DEKO