Orxan Kərimov növbəti məktubunda «Pərdə qalxmağa başlayacaq» yazır
Həbsxana epistolyar janrından növbəti dəfə faydalanmaq məcburiyyətindəyəm. Əvvəlki yazılarımın dərcinə görə mətbuata bir daha səmimi təşəkkür! Bir özəlliyi vurğulamaq istərdim ki, bəzən həbsxanadan, çöldəki real həyat ən xırda cizgilərilə daha aydın və qabarıq (aldadıcı şou effektləri olmadan) görünür. Qədim zamanlarda da təqvim dəqiqləşdirmələri məqsədilə göydə ayın fazalarını aydın müşahidə etmək üçün astronomlar çox dərin quyulara enib zülmət göylərə, göy cismlərinə baxarmışlar.
Fikrimcə, həbsxana məktubları bütün dövrlərdə müəllifindən asılı olmayaraq çox səmimi olur, bəzən isə bu səmimiliyin içində çılpaq həqiqətdən qaynaqlanan təbii sərtlik də olur. Bu məqamları nəzərə alıb, yazımı redaktə etməməyi xahiş edirəm. Vaxtilə Nazim Hikmətin məhbəs şeirlərini oxumuşdum. Sətirlər arası böyük şairin ürək döyüntüləri çox aydın eşidilirdi…
Əvvəlki yazılarıma heç bir rəsmi reaksiya olmadı. Susdular. Böyük ehtimalla bu yazıya da rəsmi reaksiya olmayacaq. Çünki həm deyəcək sözləri yoxdur, həm də günahsızlığımın fərqindədirlər. Sadəcə bu yazını cəmiyyət üçün yazıram.
Yeganə reaksiya Beynəlxalq Qırmızı Xaçdan gəlmişdi. Bu təşkilatın adını da bilmədiyim gürcü əsilli nümayəndəsi həbsxanada mənimlə təkbətək görüşmüş, problemləri qeyd edib getmişdi. Yəqin hansısa hesabatın içində bizim rəsmilərə təqdim edəcəklər. Yalnız bundan sonra bizim rəsmilərin reaksiyasını görəcəyik (?!).
Indi isə konkret və təkzibolunmaz faktları diqqətinizə çatdırıram.
1. Səhhətimlə əlaqədar. 06 iyun 2011-ci ildə həbsimdən dərhal sonra vəkilim R.Məmmədov istintaqa (Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsi) və saxlandığım təcridxananın tibbi-sanitar hissəsinə 2009-cu ildə Mərkəzi Klinik Xəstəxanada keçirdiyim ürək əməliyyatı və bundan irəli gələrək daimi həkim nəzarətinə və müalicəyə ehtiyacım barədə sənədlər təqdim etdi. Bundan yalnız 3 aydan da artıq vaxt keçəndən sonra (?!) 21.09.2011-ci ildə sağlıq durumumu qiymətləndirmək üçün tibbi-ekspertiza barədə qərar verildi. Və mən Məhkəmə Tibbi Ekspertiza Birliyində ekspertiza edildim. Ən uzağı 3 saata başa çatmalı olan ekspertiza düz 3 ay (?!) davam etdi, nəticəsi açıqlanmadı. Istintaqın təzyiqləri nəticəsində (əslində ekspertizanın uzanması da bu təzyiqlərlə bağlı idi) Ekspertiza Birliyi xəstəliyimə əsasən mənim həbsxanada, qapalı şəraitdə saxlanmağımın mümkünsüz olması barədə obyektiv qərarı verə bilmədi, ancaq bununla belə mənim “tam sağlam” olduğumu da yaza bilmədi. Çünki ortada 2009-ci ildəki ürək əməliyyatı faktı var idi. Ekspertiza rəyində (276/KEŞ nömrəli), nəticə hissəsində konkret yazıldı ki: “…Ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1)…tibbi sənədlərə əsasən və O.Kərimovun məhkəmə-tibbi müayinəsi zamanı (ürək damarlarına Driver stentinin qoyulması, xroniki işemik xəstəlik, gərginlik stenokardiyası və s.) ürək xəstəliyi olduğu müəyyən edildi və bu xəstəliklə əlaqədar hazırda onün müalicəyə ehtiyacı vardır.
2)…stasionar və ya ambulator şəraitdə müalicəsi aparılmaqla, onun həbsxana şəraitində saxlanılması mümkündür”.
Indi isə ən heyrətləndirici məqamı açıqlayacağam. Təsəvvür edin ki, insanın ciddi və təxirəsalınmaz müalicə ehtiyacını özündə əks etdirən bu rəsmi sənədi istintaq orqanı saxlandığım Penitensiar Xidmətə, ümumiyyətlə, təqdim etmədi (?!!). Çünki istintaq orqanı dəqiq başa düşürdü ki, bu ekspert rəyinə uyğun olaraq keçiriləcək elə ilk müayinədə dərhal ixtisaslaşmış kardioloji klinikalarda (Penitensiar Xidmətin müalicə müəssisələrində belə imkanlar təbii ki, yoxdur. Ölkə üzrə isə cəmi 2-3 klinikada belə imkanlar mövcuddur) müalicəmin təşkili zərurətini ortaya çıxaracaqdı və mən faktiki olaraq təcridxanadan çıxarılmalı idim. Belə vəziyyət isə istintaqın maraqları ilə uzlaşmırdı. Istintaq məni öz “təzyiq zonasından” kənara buraxmaq istəmirdi. Ona görə də rəsmi sənədi gizlətdilər və insan həyatını real təhlükə altında qoydular. Həmin dövrdə müəllimin təşkili ilə bağlı istintaqa şəxsən ünvanladığım 2 müraciətə isə “təcridxana həkimlərinə müraciət edin” kimi növbətçi, əslində isə aldadıcı riyakar cavablar verildi. Ekspertiza rəyinin surətini yalnız 2012-ci ilin yanvarın sonunda, istintaq materialları ilə tanış olarkən, yəni 2 ay sonra (?!) əldə edə bildim. Və birbaşa Ədliyyə Nazirliyinin Tibb Baş Idarəsinin tabeliyində olan təcridxananın tibbi-sanitar hissəsinə ekspertiza rəyi təqdim edildi. Vəziyyət yenə dəyişmədi. Müalicəm üçün heç bir addım atılmadı. Ekspertiza rəyindəki konkret göstərişə baxmayaraq, müayinə və müalicə ehtiyacımın olmaması (?!) barədə çox uğursuz, olduqca qeyri-professional və insanlıqdan kənar cəhdlər edildi. Fakt isə bundan ibarətdir ki, təcridxananın həkim qeydiyyatı jurnalında təkcə 2012-ci ilin yanvar-mart ayları üzrə 30-dan çox nəticəsiz qalan müraciətlərim var və növbəti dəfə ürək əməliyyatı keçirməliyəm. Təsəvvür edin ki, 10 ay ərzində ciddi ürək xəstəsi olan insan tamamilə müalicəsiz qaldı, mənə bircə dənə də olsa həb belə, verilmədi (?!). Vaxtilə məni əməliyyat etmiş həkimin dəvət edilməsinə də icazə verilmədi. Tibb Baş Idarəsi sonda müdafiə tərəfinin müraciətlərinə heyrətləndirici münasibət bildirdi ki, müayinəm və müalicəm üçün istintaq orqanının icazəsi lazımdır (?!!). Məsuliyyətsizlik və işgəncə dairəsi qapandı. Və faktiki olaraq ƏN Tibb Baş Idarəsi də Yejov-Beriya NKVD-sinin ənənələrinə uyğun olaraq insan həyatını real təhlükə altında qoymaqdan çəkinmədi. Tam məsuliyyəti ilə qeyd etməliyəm ki, səhhətimlə bağlı məsələlərdə həm istintaq orqanının, həm də ƏN Tibb Baş Idarəsinin konkret hüquqi məsuliyyəti vardır ki, bu da öz əksini AR Cinayət Məcəlləsində (maddə 113) “Işgəncə” və (maddə 142.) “Xəstəliyə kömək göstərməmə” maddələrində tapmışdır.
2. Həbsimlə bağlı qanunsuzluqlar. 06 iyun 2011-ci ildə Təhsil Nazirliyindəki iş otağımda qoluma qandal vurularaq, şəxsi əşyalarım götürülərək, xidməti otağım möhürlənərək saat 9.30-da həbs edilmişəm, ancaq tutulma protokolu saat 19.00-da tərtib edilib və rəsmiləşdirilib (?!). Təsəvvür edin ki, saat 9.30-da şübhəli şəxs qismində tutulan şəxs, saat 14.00-da şahid qismində (?!) dindirilib və müvafiq protokol rəsmiləşib. Həmin saatlarda xəstəliyimlə bağlı tibbi yardım almağıma imkan verilməyib, mənə ciddi mənəvi-psixoloji təzyiqlər, təhdidlər olub və s. Bütün bu hallar göstərilməklə mən 2011-ci ilin dekabr ayında istintaqa ifadə vermişəm, ancaq heç bir reaksiya olmayıb. AR Cinayət-Prossesual Məcəlləsinin XVI fəslində (prosessual Məcburiyyət Qaydaları) nəzərdə tutulmuş normaların çox kobud və aşkar formada pozulmasına görə kim məsuliyyət daşıyacaq?!
Aydındır ki, yuxarıda sadaladığım əməllərdə kifayət qədər təkzibolunmaz şəkildə ən azı AR Cinayət Məcəlləsinin 292-ci maddəsinin (Qanunsuz olaraq tutma, həbs alma və ya həbsdə saxlama) tərkibi vardır.
3. Qanunsuz həbsdə saxlanılmam ilə əlaqədar AR Konstitusiya Məhkəməsi Plenumunun “AR Cinayət Prosessual Məcəlləsinin 158.3-cü maddəsinin bəzi müddəalarının, 158.4 və 290.3-cü maddələrini şərh edilməsinə dair” 10 oktyabr 2011-ci il tarixli Qərarına əsasən (bu qərar 2012-ci il 01 mart tarixindən qüvvədədir) barəmdə məhkəmənin həbs qərarı bitən 05 mart 2012-ci ildən etibarən qanunsuz olaraq həbsdə saxlanılıram. Bu, son dərəcə kobud qanun pozuntusunun, əslində isə aşkar cinayət əməlinin məsuliyyətini kim daşıyacaq?!
Mətbuat vasitəsilə Baş Prokurora və Ədliyyə nazirinə müraciət edərək xahiş edirəm ki, yuxarıda sadaladığım qanun pozuntularının araşdırılması və konkret vəzifəli şəxslərin məsuliyyətinin müəyyənləşdirilməsi üçün müvafiq tapşırıq versinlər.
Açığı son günlərədək, Bakı Ağır Cinayətlər Məhkəməsində nəhayət ki, mənimlə bağlı məsələlərə obyektiv baxılacağına və ən əvvəl müalicəmin təşkili üçün zəruri addımların atılacağına inanırdım. Əfsuslar ki, yanılmışam. Artıq məndə belə bir qənaət formalaşıb ki, heç bir ciddi əsas olmadan təqsirli bilindiyim cinayət əməllərinin gerçək təşkilatçıları, yəni real cinayətkarlar nəinki 10 ay ərzində mənim həbsdə qalmağım, həm də bu müddət ərzində mənim müalicə ala bilməməyim üçün var qüvvələrilə çalışıblar. Və hələ ki, onların sözü keçir. Bir-iki cinayətkar, hətta qanunların belə, fövqündə durmaqda davam edir. Bunların xüsusi “üstünlüyünü” əsaslandıran yeganə amil isə dövlətdən və bizdən oğurladıqları pullardır, vəssalam.
Artıq məsələlərə aydınlıq gətirilməsinin vaxtıdır. Bu yaxınlarda keçiriləcək mətbuat konfransında qanunsuz tələbə köçürmələri barədə bəzi sənədlər jurnalistlərə təqdim olunacaq. Teatral terminlərlə desək, pərdə qalxmağa başlayacaq.
Bir gün məlum olacaq ki, saxta blankları, möhürləri, diplomları, təhsil sənədlərini “istahsal edənlər” və qanunsuz köçürmələri leqallaşdıranlar eyni vahid mərkəzdə birləşirlər və çox məsul vəzifə daşıyırlar. Bunları isə istintaq sadəcə “görməyib”. Gerçək mafiya məhz belə olur, lap Koza Nostra haqqındakı italyan filmlərindəki kimi…
Orxan Kərimov, Bakı Istintaq Təcridxanası.
Mart, 2012