Müxalifətin kütləvi etiraz aksiyalarına başlamaq qərarı hakimiyyət düşərgəsində narahatçılığa səbəb olub. Artıq iqtidar mətbuatı növbəti dəfə müxalifəti qaralama kampaniyasına start verib. YAP-ın icra katibi Əli Əhmədov da “Yeni Azərbaycan” qəzetində müxalifətin mitinq istəyinə toxunub. “Avroviziya” yarışması ərəfəsində etiraz aksiyalarının keçirilməsinin ölkənin imicinə zərbə vurduğunu deyən hakim partiya təmsilçisi müxalifəti Azərbaycana qara yaxmaqda, böhtan atmaqda və reallıqları təhrif etməkdə ittiham edib. Ancaq onun bu ittihamları cavabsız qalmayıb. Öz növbəsində müxalifət nümayəndələri YAP icra katibinə bəzi məqamları xatırladıb.
AXCP sədrinin müavini Gözəl Bayramlı Əli Əhmədovun təmsil olunduğu YAP hakimiyyətinin Azərbaycanı dünyada biabır etdiyini, onun nüfuzuna zərbə vurduğunu bildirdi. Müxalifət isə bu nüfuzun artması istiqamətində fəaliyyət göstərir. Hakimiyyətdən məhz bunu tələb edir.
Mitinqlərin keçirilməsinin demokratiyanın atributlarından biri olduğunu deyən G.Bayramlının sözlərinə görə, bütün dünyada vətəndaşların bu hüququnu tanıyırlar. Əli Əhmədovun müxalifətə ünvanladığı ittihamlar isə xalq tərəfindən YAP-ın özünə qarşı yönəlir: “Hakimiyyət millətə yalan danışmaqdan, vətəndaşların adi hüquqlarını pozmaqdan həzz alır və öz günahlarını müxalifətin üzərinə atır. Halbuki Azərbaycan hakimiyyəti vətəndaşlara hörmət edib onların sərbəst toplaşmaq hüququnu tanısa, daha yaxşı olar. Əli Əhmədov da müxalifəti ittiham etməkdənsə, hakimiyyətin ölkəni dünya qarşısında necə biabır etməsindən danışsın”.
Müsavat başqanının müavini Tofiq Yaqublu isə Əli Əhmədovun təfəkkürünün Azərbaycan üçün təhqir olduğunu deyir: “Hakim partiyanın icraçı katibi demokratiya, sərbəst toplaşmaq azadlığı haqqında bu cür fikirdə olduğundan Azərbaycan bu gündədir. Beynəlxalq aləmdə Azərbaycanın nüfuzuna saxta seçkilər, korrupsiya, hakim ailənin ölkəni talaması xələl gətirir”.
T.Yaqublunun sözlərinə görə, Azərbaycanın beynəlxalq nüfuzu haqqında məlumatları yalnız Qərb mətbuatından almaq olur. Orda isə YAP hakimiyyəti haqqında bir dənə də olsun xoş söz yoxdur. Ancaq müxalifətin heç bir addımı sivil dünyada Azərbaycanın mənfi imicinin formalaşmasına səbəb olmayıb. Yalnız Əli Əhmədov və onun kimilərinin hərəkətləri Azərbaycan haqqında pis fikir formalaşdırır: “Biz Azərbaycanda yaxşı həyat, yaxşı cəmiyyətin qurulması uğrunda mübarizə aparırıq. Dünya praktikasında sərbəst toplaşmaq azadlığı dinc mübarizə üsuludur. Müsavat partiyasında siyasətə yeni gələn adamlar üçün seminarlar təşkil edirlər. Əli Əhmədova nə aydın deyilsə, gəlsin otursun, qulaq assın, dinləsin, savadını artırsın”.
Fizzə