İlham Əliyevdən cılız hərəkət

Dövlət başçısına ünvanlanan əfv ərizələri mətbuata necə çıxır?

Qurban Məmmədov: «Ən yüksək səviyyədə sanksiya olmasa, bu ərizələr ictimailəşə bilməz»

Həbsdə olan siyasi məhbusların əfv ərizəsi yazması son günlərin ən çox rastlanan xəbərlərindəndir. Azərbaycandakı hakimiyyətin mahiyyətinə hər kəs yaxşı bələd olduğundan həmin əfv ərizələrinin mətni çoxlarını təəccübləndirmir. Hər kəs başa düşür ki, bu ərizələr, orada əksini tapan bəzəkli cümlələr həmin məhbusların yox, hakimiyyətin iradəsini və istəklərini əks etdirir. Bugünlərdə gənc siyasi məhbus Elnur Məcidlinin nümunəsində də gördük ki, bu ərizələrin yazılması formal, yazdırılması isə məqsədli xarakter daşıyır.
Bu dəfə məlum əfv ərizələriylə bağlı aydınlıq gətirmək istədiyimiz məqam başqadır. Birincisi, necə olur ki, cəmiyyətdə nüfuzu və mövqeyi olan məhbusların bu tip ərizələri dərhal mətbuata ayaq açır? Ərizələrin məhbusların öz əlyazmaları ilə mətbuat səhifələrinə çıxması onu göstərir ki, onu məhz içəridən ötürüblər. Bu ötürmə əməliyyatı isə heç şübhəsiz ki, hakimiyyətin sifarişi əsasında baş verir.
Çünki əfv ərizəsi birbaşa ölkə rəhbərliyinin adına yazılır.
Konkret şəxsə ünvanlanan məktubların bu cür rahat şəkildə ictimailəşməsi isə göstərir ki, sifariş “yuxarıdandır”.
Və sifarişin müəllifi bu yolla psixoloji rahatlıq tampaq istəyir. Daha dəqiq desək, hakimiyyət tutalım, 20 yaşlı bir gəncə əfv ərizəsi yazdırtması ilə qürrələnir. Bunu özünün qələbəsi, qarşı tərəfin isə “sındırılması” kimi başa düşür. Halbuki bunların hər ikisi təsəlli verən, reallıqla bağlılığı olmayan ehtimaldan başqa bir şey deyil.

Hüquqşünas Qruban Məmmədov da deyir ki, bu ötürülmə birbaşa hökumət tərəfindən sanksiyalaşdırılır: “Əfv ərizələri cəzaçəkmə müəssisələrində yazılır və bu müəssisələrin rəhbərlərinə təqdim edilir. Onlar da bu müraciətləri Prezident Aparatına, Əfv Komissiyasına göndərirlər. Bu gün həmin ərizələr mətbuata çıxırsa, o deməkdir ki, həmin müəssisə rəhbərlərinin əli ilə yayılır. Hökumət səviyyəsində sanksiya olmasa, bu ərizələrin ictimailəşməsi mümkün deyil. Buna ən yüksək səviyyədə sanksiya verilir”.
Q.Məmmədovun fikrincə, bu yolla siyasi məhbusları “sındırmaq” istəyirlər: “Məqsədlərdən biri də azadlıqda olan gəncləri siyasi mübarizədən çəkindirmək, iyrəndirməkdir. Amma siyasətçi öz məqsədinə çatmaq üçün bütün mümkün vasitələrdən istifadə etməlidir. Mən cavanlara da deyirəm ki, əfv ərizəsi yazıb azadlığa çıxın. Təki əqidənizi dəyişməyin, mübarizəni dayandırmayın. Mən o həyatı keçmişəm. Əfv ərizəsi yazmayan bəlkə də, 2-3 siyasi məhbusdan biri olmuşam. Beş il cəza çəkmişəm. Sonra başa düşmüşəm ki, çox böyük səhv etmişəm. Gərək vaxtında ərizə yazardım, çıxıb bunlara qarşı daha sərt mübarizə aparırdım. Azadlıqda aparılan mübarizə ilə içəridə aparılan mübarizənin böyük fərqi var. Ona görə bu gün o gənclərin əfv ərizəsi yazması boş şeylərdir. Yazırlar ki, bu hakimiyyətin əlindən canlarını qurtarıb azadlığa çıxsınlar və mübarizəni davam etdirsinlər”.