“Amnesty İnternational” hakimiyyəti çətin duruma salacaq yeni kampaniya başlatdı
İnsan haqları pozuntularına nəzarət edən “Amnesty International” təşkilatından “Amerikanın səsi” radiosuna verilən məlumata görə, qurum 2012-ci il “Eurovision” yarışmasına ev sahibliyi edəcək Azərbaycanda repressiyalar barədə interaktiv məlumat yaymağı planlaşdırır. Bundan başqa təşkilat Azərbaycan rəsmilərini ifadə azadlığına hörmət etməyə çağıran “Twitter” kampaniyası da keçirəcək.
“Amnesty International”dan bildiriblər ki, “Eurovision” müsabiqəsinin bəzi keçmiş qalibləri də daxil olmaqla Avropadan bir çox musiqiçi Azərbaycan hökumətini ifadə azadlığına hörmət etməyə çağıran kampaniyasına qoşulacaq:“Aprel 2-də “Amnesty International” “Eurovision” yarışmasının təşkilatçısı Avropa Yayım Birliyini Azərbaycanda insan haqlarına hörmət olunması üçün daha çox addım atmağa çağıran kütləvi “Twitter” və “Facebook” kampaniyaya başlayacaq”.
Təşkilatın açıqlamasında hökumət əleyhinə dinc aksiyalara görə saxlanılan 14 nəfərin hələ də həbsxanada olduğu vurğulanıb. “Amnesty İnternational” vicdan məhbuslarının dərhal azadlığa buraxılması üçün kampaniyasını daha da gücləndirməyi qərara alıb. “Amerikanın səsi”nin məlumatına görə, “Amnesty International”ın Azərbaycan üzrə kampaniya koordinatoru Maks Taker “Eurovision” yarışmasının sərbəst ifadəni təbliğ etdiyini və təşkilatçıların media azadlığını müdafiə etdiyini bildirir:“Azərbaycan Avropada media və ifadə azadlığı ilə bağlı ən pis mühitlərdən birinə malikdir. Sadə azərbaycanlılar son 20 ildə sərbəst şəkildə danışa bilmir və qorxu atmosferində yaşayırlar”.
Azərbaycan hökumətinin “Eurovision” üçün milyonlarla dollar xərclədiyinə toxunan Takr ölkənin yarışmanın uğurlu olmasına çalışdığını söyləyib:“Buna görə, az müddət qalmasına baxmayaraq Avropa Yayım Birliyinin əlində hökumətdən ifadə azadlığına hörmət etməyi tələb etməsi üçün unikal fürsət var. Bu, bu ilki müsabiqənin ən böyük uğuru ola bilər”.
Artıq “Amnesty İnternational”ın kampaniyasına Danimarka, Finlandiya, İslandiya, Hollandiya, Norveç, Polşa, Ukrayna və Böyük Britaniyadan olan keçmiş “Eurovision” iştirakçıları imza atdığı bildirilir. Kampaniyaya qoşulanlar arasında Bolqarıstan, Almaniya və hətta Azərbaycanın özündən olan musiqiçilər də var.
azadliq.info