Bundan sonra söz Nəqliyyat Nazirliyinindir
Bakının 8-ci mikrorayon ərazisində “qoşa zapravka” adlanan yerdə taksi sürücülərindən birini martın 26-da Nəqliyyat Nazirliyinin müfəttişləri ölümcül döyüb. Buna səbəb isə müfəttişlərin taksi sürücüsündən 100 manat tələb etməsi olub. Pulunun olmadığını deyən sürücünü nazirliyin qoçuları başına və kürəyinə bellə vurulmaqla ölümcül döyüb. Hadisədən sonra müfəttişlər ölümcül hala salınan sürücünü elə yolun ortasında buraxaraq 90 AF 364 nömrəli xidməti maşınlarına oturaraq ərazidən uzaqlaşıblar.
Hadisədən sonra sürücünün yoldaşları əraziyə gəliblər və dərhal Daxili Işlər Nazirliyinin “qaynar xətt”inə zəng vuraraq hadisə barədə məlumat veriblər. Həmkarlarının xəstəxanaya çatdırdığı sürücünün vəziyyəti ağır olub. Olayın lentə alınmış görüntüsü isə DIN-ə təqdim olunub.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov mətbuata açıqlamasında günahkarın kim olduğunu müəyyənləşdirib lazım olan tədbiri görəcəklərini deyib: “Günahkar kimdirsə, cəzasını alacaq. Bu şəxslərin kimliyi hələ müəyyən edilməyib. Araşdırmanın yekununda mediaya ətraflı məlumat veriləcək”.
Nazirliyin sözçüsünün açıqlaması cəmiyyətdə gülüşlə qarşılanıb. Əgər bir nazirlik öz işçisini tanımırsa, biabırçılıqdır, tanıyıb tədbir görmürsə, bu, daha da pisdir.
Ötən gün “Azadlıq” hadisəni törədən şəxslə bağlı araşdırmalar aparıb və maraqlı nəticələr əldə edib. Adının çəkilməsini istəməyən sürücülərdən biri deyir ki, olayı törədən şəxsin ad Ramindir: “Ramin son illərə qədər taksi sürücülüyü ilə məşğul olurdu. O, 9-cu mikrorayonda yerləşən ”Leyla” şadlıq sarayının qarşısında “taksovatlıq” edirdi. Davakar uşaq kimi tanınan Ramin bir neçə dəfə davada iştirak edib”.
Hüquqşünaslar deyirlər ki, həmin şəxslərin törətdiyi əməl sübuta yetirilərsə, Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda – 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Mövzuya qayıdacağıq…
Ramin DEKO