Amerikalı senatordan Suriyaya müdaxilə çağırışı

Con Makkeyn:“Ölən insanları özbaşlarına buraxmaq ABŞ-ın müdafiə etdiyi dəyərlərin ləğvi mənasını daşıyır”

ABŞ Konqresinin respublikaçı üzvü Con Makkeyn suriyalı müxaliflərə hava qüvvələri dəstəyi, silah, təhsil və müdafiə məsələlərini nəzərdə tutan beynəlxalq koalisiyanın yaradılması üçün prezident Barak Obamaya müraciət edib. Makkeyn “Əl-Ərəbiyyə” kanalına müsahibəsində ABŞ-ın ərəb ölkələri, Avropa Birliyi və Türkiyənin daxil olacağı beynəlxalq koalisiyaya liderlik edərək, Bəşər Əsəd əleyhdarlarının uğurlu hərbi əməliyyatlarına yol açacaq konkret addımlar addımlar atmasının gərəkli olduğunu bildirib.

Senator yüngül silahları olan müxaliflərin güclü Bəşər Əsəd ordusuna qarşı vuruşduğunu vurğulayıb. Makkeyn Obamanın Suriyayla bağlı mövqeyini də sərt tənqid edib:“Prezidentin tərəddüdü və hərəkətə keçməməsindən dolayı çox məyusam. Amerikalıların müharibədən bezdiyinin fərqindəyəm. Ancaq döyüşən və ölən bu insanları özbaşlarına buraxmaq ABŞ-ın müdafiə etdiyi dəyərlərin ləğvi mənasını daşıyır”.

azadliq.info