Zəlimxan Yaqubun təqdimatında – AZƏRBAYCAN

Mərhum prezident, milli demokratik hərəkatın lideri Əbülfəz Elçibəy 22 il əvvəl ziyalılarımızı xarakterizə edən zaman, ilk baxışda hər kəsə qəribə gələn bu ifadəni işlətmişdi. “Azadlıq” qəzetində dərc olunan bir məqaləsində yazırdı: “Bu əsir-yesir dövlət aparatı ilə xalqın arasında bir təbəqə var – ziyalı təbəqəsi. Ziyalı elmdə, incəsənətdə, mədəniyyətdə müəyyən yaradıcılığa malik və ardıcıllar yetişdirən, millətin ən ağır günlərində öndə gedən insanlara deyilir, bizim ziyalıların çoxu bu təyinatı ödəmədiyinə görə, onlara yarımziyalı demək daha doğru olar…
Əziz oxucu, “Od gəlinini” dönə-dönə oxu, bu günümüzü yaxşı duyarsan. Azadlıq dastanları eyni olur, surətlər, zaman başqa, imperiyalar başqa-başqa. Altunbay (hökmdar – X.Ə.) görün öz xalqına necə qan uddurur, ancaq imperiya darğasını görəndə necə zavallıya çevrilir, hər şeyi qurban verməyə hazır olur. Yarımziyalılar Turğutun günündə deyillərmi? Üstlərinə qışqırılan kimi… xalqı qurban verməyə hazır olurlar” (“Azadlıq” qəzeti, 24 may 1991-ci il).
Dəyişən bir şey varmı, bu 21 il ərzində? Təəssüflər olsun ki, yox.
Hərdən fikirləşirsən, bir neçə kub taxtadan başlayaraq, deputat mandatınadək verilən rejim sədəqələrinə dəyərmi, səni yetişdirən, ucaldan bir xalqın faciələri üzərində öz xoşbəxtliyini qurmağa?
Bugünkü ziyalı-xalq-iqtidar münasibətləri, ən utancverici dövrünə qədəm qoyub. Ilk növbədə onu qeyd etməliyik ki, rejim azad fikirli ziyalılarla 20 ildir mübarizə aparır, bunun nəticəsidir ki, elm və incəsənətdə öz sözünü demiş yüzlərlə ziyalımız, mədəniyyət xadimimiz çoxdan Azərbaycanı tərk edib, Avropada, Amerikada və Türkiyədə yaşayır. Qalanlar isə ya iqtidarın çətiri altındadır, məddahlıqla, övladlarına xoş gələcək hazırlamaqla məşğuldur. Bir qism ziyalılarımız da var ki, həqiqətin gözünə dik baxır, onlara da elə bürokratik əngəllər yaradılıb ki, heç başlarını da qaşımağa vaxtları yoxdur – yarım metr artırdıqları balkonları belə, sökülür…
Xalq yazıçısı, övladı Qarabağ müharibəsi şəhidi olan, Azərbaycanın ən gənc Sovet Ittifaqı Qəhrəmanı Cəmil Əhmədovun qardaşı – Sabir Əhmədli dünyasını dəyişərkən iqtidarın ona olan “münasibəti” hər kəsin yadındadır. Rejim onu hətta 2-ci Fəxri Xiyabana da layiq bilmədi. Bir neçə gündən sonra bu böyük ziyalı, daim arasında olduğu, sadə xalq məzarlığında torpağa verildi. Ədalət naminə deyək ki, o, rejimə qarşı müxalif də deyildi, sadəcə bu əfsanəvi insanın səmimiliyi, həqiqətin gözünə dik baxması çoxlarını narahat edirdi.
Keçmiş olsun, Zəlimxan müəllim!
Başqa bir ziyalımız, Zəlimxan Yaqubun bizə sunduğu Azərbaycan, tamam başqa bir aləmdir, burada insanlar hər gün iqtidarın qayğısını hiss edir, nə evləri başına uçurulur, nə halal pulla aldıqları mənzilləri “atılır”, məmurlar işə ictimai nəqliyyatda gedir, onların övladlarının sorağı Murovdan gəlir. Adam az qalır, qarşısına çıxan ilk məmuru bağrına basıb öpsün…
Zəlimxan müllimin Heydər Əliyevə həsr etdiyi dastanı oxuyarkən qəribə bir məqam da nəzərimdən yayınmadı – Atatürklə oxşar cəhətlərindən (?) bəhs etdiyi bölümdə, elə təəssürat oyatmağa çalışır ki, Heydər Əliyev bir köynək üstündür, amma qardaş türklərə “hörmət” olaraq bunun altını cızmağa ehtiyac görmür(!), yəni bir Atatürkdən deyəndə…
Belə bir adama iqtidarın mandat verməməsi, həqiqətən də ədalətsizlikdir. Bəli, zaman-zaman Zəlimxan Yaqub hakimiyyətdən küsməyə başladı.
Altı-yeddi ay öncə onun hakimiyyətə ərkyana iradlarla dolu bir müsahibəsini oxuyanda gözlərimə inanmadım. Amma müsahibənin sonunda hər şey məlum oldu. Sən demə, övladı gömrük orqanlarından ixtisara düşübmüş. Haqqı var, çünki həmişə rejimin ən çətin günlərində ona arxa olub, sənəti ilə, alovlu çıxışları ilə…
Hazırda Zəlimxan müəllimin iki böyrəyi çıxarılıb, bir il ərzində həftədə üç dəfə dializ qəbul edəcək, bir ildən sonra isə, böyrək nəqli nəzərdə tutulub. KEÇMIŞ OLSUN, ŞƏFALAR DILƏYIRIK!
Zəlimxan Yaqub bu 20 il ərzində, nə etdisə, bu rejim üçün etdi. Rejim onu ayağa qaldırmağa borcludur…
…Borçalılar hələ də Azərbaycan adlı vətənlərində… əcnəbi(!) statusundadır, hüquqları nigeriyalı, çinli, əfqanlarınkından nə artıqdı, nə əksik. Borçalılar onlarla birgə dar dəhlizdə var-gəl edərək viza məsələlərinin həllinə çalışırlar… və səslərini heç çıxarmırlar da.