Tacirliyi teatra dəyişən böyük sənətkar

Xarakterlər ustası Rza Təhmasib…

Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndələrindən və korifeylərindən biri də xarakterlər ustası, teatr və kino rejissoru Rza Təhmasibdir. Milli teatrımızın inkişaf edib formalaşmasında bu böyük sənət fədaisinin xidmətləri əvəzsizdir. Onun genişmiqyaslı rejissorluq, aktyorluq fəaliyyəti bütöv bir əsrin sənət tarixinin unudulmaz səhifələrini təşkil edir.
Rza Abbasqulu oğlu Təhmasib 20 aprel 1894-cü ildə Naxçıvanda, mədəniyyəti və elmi yüksək qiymətləndirən bir ailədə doğulub. 1901-ci ildə o, Məmmədtağı Sidqinin açdığı “Məktəbi-tərbiyə”də dərs almağa başlayıb. Məktəbdə ona rus, ərəb, fars dilləri, tarix və coğrafiya fənləri öyrədilib. Beş il sonra “Məktəbi-tərbiyə”ni bitirərək, üçsinifli Naxçıvan şəhər məktəbinə daxil olub. 1909-cu ildə oranı da başa vurub. Ancaq atasına Tiflis şəhərində təhsilini davam etdirmək arzusunu açanda, rədd cavabı alıb. Çünki babası da, atası da onu həm tacir, həm də tikdirəcəkləri pambıqtəmizləmə zavodunun müdiri görmək fikrində olublar. Rza isə ədəbiyyatçı olmaq, kitab dükanı açmaq xəyalındaymış. Həmin il böyük aktyor, rejissor Hüseyn Ərəblinskinin Naxçıvana qastrol səfərinə gəlişi Rzanı başqa sənətin sevdasına salıb. Ərəblinski kimi aktyor, rejissor olmaq fikri ona rahatlıq verməyib. Bu istək Rzanı gizli-gizli Naxçıvanın həvəskar aktyorlarının məşqlərinə aparıb. Ancaq o, səhnənin sirli aləmini hələ 1907-ci ildə görmüşdü. On üç yaşında məktəblərində rus dilində hazırlanan Qoqolun “Ölü canlar” pyesində oynadığı Çiçikov obrazını Rza aktyorluq fəaliyyətinin başlanğıcı sayırdı.
Rzanın Tiflisə oxumağa getməsinə razılıq verəndə də atası oğlunun yalnız ticarət sahəsində təhsil ala biləcəyini düşünüb. Tanınmış tacir olan, Türkiyə, Iran, Irəvan, Tiflis ilə alış-veriş əlaqələri qurmuş Abbasqulu bəy 1910-cu ildə oğlunu Tiflisə oxumağa yollayıb. Gənc Rza burada səkkizillik ticarət məktəbinin dördüncü sinifinə daxil olub. Az müddətdə Tiflisin ədəbi-mədəni həyatı ilə tanış olan Rza Təhmasib buradakı Azərbaycan teatr həvəskarları dərnəyinə üzv yazılıb. Təhsil ocağını 1915-ci ildə bitirib və işləmək üçün Bakıya göndərilib.
16 yaşında ikən Tiflisdə  “Müsəlman Artistləri Ittifaqı”nın teatr truppasında fəaliyyətə başlayan gənc Təhmasib 1920-ci ilədək Tbilisi, Irəvan, Naxçıvan teatrlarında aktyorluq və rejissorluq etmişdir. 1920-ci ildən isə bu müqtədir sənətkarın yaradıcılığı Azərbaycan Dövlət Dram Teatrı ilə bağlı olmuşdur. 1922-1924-cü illərdə bu teatrda bədii rəhbər, 1937-1938-ci və 1953-1959-cu illərdə isə direktor kimi fəaliyyət göstərmişdir. Milli teatr ənənələrinin yaranmasında, Azərbaycanda realist teatrın formalaşmasında Rza Təhmasib yaradıcılığının əhəmiyyəti həqiqətən əvəzsizdir. Və bu gün ötən əsr teatr tariximizin səhifələrini vərəqləyəndə Rza Təhmasib irsinin izləri aydın görünür.
Bütün klassik əsərlərdə imzası var
Teatr tariximizdə oynanılan elə bir klassik Azərbaycan və dünya ədəbiyyatı nümunəsi yoxdur ki, Rza Təhmasib aktyor və rejissor kimi bu tamaşalarda işləməmiş olsun. Onun yaradıcılığı epoxal xarakterlidir, təxminən bir əsrə yaxın dövrdə bu istedadlı sənətkarın ömür yolu teatr və kinomuzun inkişafına xidmətdə keçmişdir. Aktyor kimi yaratdığı Isgəndər (“Ölülər”), Iblis və Arif (“Iblis”), Şeyx Sənan (“Şeyx Sənan”), Qacar (“Ağa Məhəmməd Şah Qacar”), Süleyman (“Həyat”), Koşkin (“Lyubov Yarovaya”), Strijin (“Eskadranın məhvi”), Karl Moor (“Qaçaqlar”) kimi rollar klassik teatrımızın ən layiqli sənət nümunələrindən olmuşdur. Rza Təhmasibin Cəfər Cabbarlı yaradıcılığına böyük simpatiyası olmuşdur. Dəfələrlə bu nəhəng dramaturqun əsərlərini səhnəyə qoymuş, müxtəlif rolları ifa etmişdir. Aydın, Elxan, Balaş, Hacı Əhməd, Imamyar, general-qubernator kimi Cabbarlı personajlarını xüsusi istedadla səhnədə canlandırmışdır.
Rejissor kimi ilk müstəqil işi Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri olub. O dövrün mətbuatında onun quruluşunda “Ölülər” yeni teatr, yeni sənət nümunəsi kimi qiymətləndirilirdi. “Ölülər” onun rejissor kimi formalaşmasında mühüm və əhəmiyyətli rol oynadı. “Şeyx Sənan” (1931), “Sevil” (1934), “Özgə uşağı” (1936), “Madrid” (1938), “Vəfa” (1943), “Hacı Qara” (1958) kimi tamaşaları Rza Təhmasibin rejissorluq məharətinin ən layiqli nümunələri idi.
Ümumiyyətlə, ötən əsrin 60-cı illərinə qədər Rza Təhmasib milli teatrımızın təşkilatçısı və yaradıcısı kimi onun inkişafının təminatçılarından biri idi. Azərbaycan teatr sənətinin böyük bir dövrü Rza Təhmasib yaradıcılığı ilə bağlı olmuşdur.
Rza Təhmasibin sənətə gəldiyi vaxt Azərbaycan kinosunun yenicə yaranmağa başladığı bir dövrə təsadüf edirdi. Bu, kinomuzun elə bir dövrü idi ki, onun inkişafını məhz teatr xadimlərimizin, rejissor və aktyorlarımızın iştirakı olmadan təsəvvür etmək mümkün deyildi. Bir çox klassik teatr xadimlərimiz həmin dövrdə kinomuzun ağırlığını öz çiyinlərində daşıdılar. Onlardan biri də Rza Təhmasib idi. Bu böyük sənətkar 1937-ci ildə Ümumittifaq Kinematoqrafiya Institutunun rejissorluq fakültəsini bitirmiş və elə həmin il də Bakı studiyasında “Ordenli Azərbaycan” sənədli filmini çəkmişdi. Bir zamanlar “Mosfilm”ə  dəvət olunması Rzanın kino yaradıcılığında böyük rol oynadı.
Müharibənin qızğın dövründə – 1941-ci ildə Rza Təhmasib “Səbuhi” filminin çəkilişlərinə başladı. Film 1943-cü ildə tamamlandı. Bu, Rza Təhmasibin bədii kino sahəsində ilk rejissorluq işi idi. Böyük mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və yaradıcılığından bəhs edən bu filmdə Ismayıl Dağıstanlı, Leyla Bədirbəyli, Hüseynqulu Sarabski, Ağadadaş Qurbanov, Möhsün Sənani, Mustafa Mərdanov kimi böyük sənətkarlar çəkilmişdi.
“Arşın mal alan” filmi şöhrətinin zirvəsi oldu
Ancaq onun kinoda rejissor kimi ən uğurlu işi “Arşın mal alan” filmi oldu. Uzun mübahisələrdən sonra qəbul edilən film Rzaya da, yaradıcı heyətin bir qrupuna da Dövlət mükafatı qazandırdı. “Arşın mal alan” böyük şöhrət tapdı. Sonralar təkcə SSRI miqyasında yox, başqa ölkələrdə də tanındı.
1945-ci ildə kinorejissor Nikolay Leşşenko ilə birgə yaratdığı bu film SSRI Dövlət mükafatına layiq görüldü.
“Arşın Mal Alan” kinokomediyası milli kinomuzun ən layiqli nümunələrindəndir və 60 ilə yaxındır ki, bu film dünya ekranlarını dolaşmaqdadır. Filmin uğurlu taleyinin bir səbəbi də rejissorların güclü aktyor ansamblı yarada bilmələrində idi. Leyla Bədirbəyli, Rəşid Behbudov, Lütfəli Abdullayev, Münəvvər Kələntərli, Ismayıl Əfəndiyev, Mirzağa Əliyev və digər korifeylər filmin müvəffəqiyyət qazanmasında mühüm rol oynadılar.
R.Təhmasib 1950-ci ildə A.Zarxi və M.Xeyfitslə birlikdə “Bakının işıqları”, 1959-cu ildə Mikayıl Mikayılovla “Mahnı belə yaranır” filmlərinə quruluş verib. Kinoda ilk sərbəst rejissor işi isə “Onu bağışlamaq olarmı?” filmi oldu. Bu film 1959-cu ildə istehsal olunmuşdu və rejissor həllinə görə diqqəti çəkən, maraqlı film idi. Filmin ssenarisini rejissorun qardaşı, görkəmli filoloq-alim Məmmədhüseyn Təhmasib yazmışdı.
Rza Təhmasibin həm də aktyor kimi kinomuzda yadigarları var. 1947-ci ildə istehsal olunmuş “Fətəli Xan” filmində ona Ağası xan rolu həvalə edilmişdi. Kinomuzda onun ən layiqli aktyor işi isə “Qanun naminə” filmində yaratdığı Qaloş obrazıdır. Bu obraz öz xarakterinə və ifa üslubuna görə kino tariximizin nadir qəhrəmanlarındandır.
Rza Təhmasib altmışıncı illərin birinci yarısında Azərbaycan Teatr Cəmiyyətinin (indiki Teatr Xadimləri Ittifaqı) sədri olub. Əvvəllər Bakı Teatr Məktəbində, 1946-cı ildən ömrünün sonunadək teatr institutunda aktyor və rejissor sənətindən dərs deyib. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (17 iyun 1943) və xalq artisti (29 iyun 1964) fəxri adları ilə təltif olunub.
Bacısı Cəmilə Təhmasibin xatirələri: “Istedadlı adamların pərəstişkarları kimi, paxıllığını çəkənlər də çox olur. Bəlkə indi də elə adamlar var ki, onun anılmasını belə istəmir. O zamanlar işdə ona maneçilik yaradanlar az deyildi. Ancaq Rza heç vaxt üzləşdiyi çətinliklər, haqsızlıqlar, ona qurulan torlar haqqında evdə danışmazdı. Ailə onun üçün bambaşqa dünyaydı. Çalışırdı ki, buraya işdəki söz-söhbətlər, dedi-qodular yol tapmasın. Rza qüdrətli aktyor idi. Bir zamanlar onun verdiyi ərizənin üstünə ”Istedadı yoxdur” yazanlar, illər sonra “Rza müəllim, xahiş edirik, peşəkar məsləhətlərinizi əsirgəməyəsiniz”, – deyə xahiş edərdilər…”
Rza Təhmasib ömrünün son illərini pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycanda yeni rejissor və aktyor nəslinin yetişməsində mühüm rol oynamışdır.
Rza Təhmasib 14 fevral 1980-ci ildə Bakıda vəfat edib və ikinci Fəxri Xiyabanda dəfn olunub.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir