İqtisad Universitetində “partlayış”

Tələbələr kollokviuma kütləvi etiraz etdi; rəhbərlik kompromisə getdi

Azərbaycan Dövlət İqtisad Universitetində tələbələr kollokviumu (imtahanqabağı tələbələrin biliyinin öyrəniləməsi prosesi) boykot ediblər. 100-dən artıq tələbə tətbiq edilən yeni sistemə etiraz edib. Bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.
Məlumatı alandan sonra Universitetə yollandıq. Tələbələrlə söhbət zamanı məlum oldu ki, Boloniya sisteminə görə, hər ay imtahanqabağı 7 fənnin hərəsindən 5 sual olmaqla 35 suala cavab verməlidirlər: “Bu da fiziki cəhətdən mümkün olmayan bir işdir. Bu tələbələrin hüquqlarının kobud pozulmasıdır. Ona görə də tələbələr hamısı buna etiraz elədi. Biz istəyirik ki, tələbələrə normal şərait yaradılsın”.
Tələbələrin dediyinə görə, prorektor Damət Bağırov əvvəlcə tələbələrə təzyiq edib ki, onlar imtahana girsinlər: “Bu nəticə vermədi, daha sonra bizi dilə tutdular. Bir neçə tələbə imtahana girdi. Əksəriyyət isə imtina etdi”.
İqtisad Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəfər Bayramov tələbələrin narazılığını təsdiqləsə də, problemin artıq yoluna qoyulduğunu deyib: “Bütün fakültələr üzrə kollokvium bir günə düşmüşdü deyə belə bir vəziyyət yaranmışdı. İndi hər şey qaydasındadır, heç bir problem yoxdur”.
Kollokvium imtahanlar və ya məqbullar arası keçirilən mini məqbullardı. Məsələn bir mövzu, fəsil bitdikdən sonra onun necə qavranıldığını yoxlamaq, həmçinin təkrarlanmaqla daha yaxşı yadda qalmasını təmin etmək üçün keçirilir. Tələbələr deyirlər ki, “aralıq imtahanları” adlandırılan kollokvium rüşvət üçün daha bir alətdir.
Bir neçə saatlıq davam edən etirazdan sonra tələbələrlə universitet rəhbərliyi razılaşıb. Universitet rəhbərliyi imtahanı tam ləğv etməsə də, vaxtı dəyişməyə və sualları əvvəlcədən verməyə razı olub: “Kollokvium təxirə salınıb, yəni imtahan  fənləri bölünüb. İmtahan 7 fənn üzrə 1 günə yox, 3 günə keçiriləcək”.

Ramin DEKO