Dünən Xaçmazda baş verən intihar olayı doğrudan da dəhşətlidir. Təkcə özünə görə yox. Təkcə bir insanın faciəli taleyinə görə yox. Ölkədə demək olar hər gün baş verən oxşar hadisələrə görə. Mövcud ictimai durumun və həyat reallıqlarının dözülməzliyinə görə. Cəmiyyətdə insanları öldürən və özünü öldürməyə məcbur edən vəziyyətin hökm sürməsinə və bu vəziyyətin uzanmasına görə.
Kimsə deyə bilər ki, heç də bütün intiharları eyniləşdirmək olmaz. Xaçmazda intihar edən Təranə Həbibova anasının qatillərinin azad gəzməsinə, cəzasız qalmasına etiraz edərək özünə qəsd edibsə, özünü binadan atıbsa, heç də özünə qəsd edənlərin hamısı belə ictimai motivlə intihar etmir. Əgər belə düşünürsünüzsə, yanılarsınız. Baş verən çox sayda intiharı araşdırın, əksər hallarda üzdə olan səbəbin bir ucu bu ölkədəki həyatın natarazlığına və ictimai bəlalara gedib çıxacaq.
Xaçmazdakı olayda ictimai səbəb çox qabarıqdır. Təranə Həbibovanın bacısı bir müddət öncə eyni binanın başına çıxıb, rayona rəsmi səfərə gələn Ilham Əliyevə şüar qaldırmışdı. Anasının qatillərinin cəzalandırılmasını tələb etmişdi. Amma heç bir nəticə olmadıqda, bu vəziyyətə dözməyən bacısı intihar etdi.
Qarşınıza qoyub, tutaq ki, ailə münaqişəsi nəticəsində yaranan intiharları təhlil edin. Bir ucu kasıblığa, işsizliyə, haqsızlığa, özbaşınalığa, dövlət qurumlarının fəaliyyətsizliyinə bağlanacaq. Hətta sevgi intiharlarının çoxu ictimai səbəblərlə yoğrulur. Ölkədəki siyasi, hüquqi və mədəni bataqlıq insanları sevgi çıxılmazlığına da salır, kimlərisə intihara tərəf itələyir. Imkansızlıqlar, ədalətsizliklər, haqsızlıqlar üzərinə təhsilsizlik, vəhşilik, mədəniyyətsizlik, geridəqalmışlıq, öldürücü adətlər və nadan düşüncələr də gəlir. Bəlli olur ki, insan bu ölkədə köməksizdir, zülm altındadır, əngəllərlə üzləşir, qaranlığa düşdükdə isə işıq tapmır. Işıq tapmamaq dedikdə isə, işıq pulunu vermək çətinliyi nəzərdə tutulmur, lakin elə bu da bizim şanlı vətəndə asan həll edilən məsələ deyil!
Siyasi nadanlığın hökm sürdüyü ölkə mədəni nadanlığa da məhkumdur. Elə bu da çoxlu namus, ailə, qeyrət, təəssüb toqquşmaları yaradır, tez-tez intiharlara da yol açır…
Mənən aşınmış cəmiyyət daha çox sayda xəyanətlər, qəfil zərbələr, atılmış insanlar, yarımçıq talelər ortaya çıxarır – təəssüf ki, bu da bəzən intiharsız ötüşmür…
Çətin durumda insan daha çox səhv edir, bir çoxları da bu səhvlərin məngənəsindən çıxa bilmir, baxırsan ki, kimsə bu sıxıntı ilə intihar etdi.
Dürüst insanları götürək. Düz adamım min cür əngəllə üzləşdiyi cəmiyyətdə belələri boğulur, yaşaya bilmir. Onların bir qismi üz çevirir bu ölkəyə. Kimsə buradan gedir, kimsə də həyatdan getməyə qərar verir.
Çox səbəbləri sadalamaq olar, ictimai görünməyən özünəqəsdlərin ciddi ictimai səbəblərini asanlıqla göstərmək olar. Əslində, bunları hamı qədərincə yaxşı bilir.
Bəli, psixi xəstəliklərlə intihar edənlər də var. Amma statistika da var. Tarix boyu belələri heç vaxt intihar edənlərin üçdən birini aşmayıb. O da var ki, psixi xəstələr də qorunmur, baxılmır, onlar da intiharla üz-üzə buraxılıb…
Xaçmazdakı olay göstərdi ki, Azərbaycanda intiharların sayının artması izahedilməz deyil. Həyat ciddi bir kəsim üçün dözülməzdir və hər kəs anidən bu dözülməz vəziyyətə düşə bilir. Həyatı təkcə maddi imkanlarla da ölçməyin, haqsızlıq və nadanlıq bataqlığına çevrilən cəmiyyətin dözümsüzlüyü üçün səbəb hər yandan qaynayır və kimlərsə dözmür, intihar edir. Içinə düşdüyü dolanbacdan qurtulmaq istəyir, ondan azad olmaq istəyir. Məhz Azad Olmaq istəyir.
Ona görə də, 20-ci əsrin ağrılarını fikirlərinə süzgəc etmiş mütəfəkkirlərdən olan Karl Yaspers intihar edənləri nəzərdə tutaraq deyirdi: “Intihar onları azadlığa çağırır!”
Onlar həyatdakı azadlığı əldə etməyə ümidlərini itirdikdə, məhz intiharın vəd etdiyi absurd azadlığı seçirlər. Nəticə də budur ki, müasir dünyada azadlığı olmayan cəmiyyətlərin dərdi nə birdir, nə iki. Azadlıq isə çox dərdin dərmanıdır. Bizim gənclik bunu anlayır. Fəlsəfəsiz, elmsiz də. Üstəlik, onlar kifayət qədər elmlidir.

İntihar azadlığa çağırır
•