“Qanuna uyğun olaraq şəhərin müvafiq yerlərində aksiyamızı keçirəcəyik”
“Alternativ ünvanları müzakirə edə bilərik”
Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın 8 aprel mitinqi ilə bağlı müraciətinə heç bir əsas olmadan rədd cavabı verərsə, yaxud, alternativ ünvanlar təklif edərsə, yenidən dəyərləndirmə aparacağıq. Bunu, İctimai Palatanın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyir. Onun sözlərinə görə, İctimai Palatanın mövqeyi razılaşdırılmış aksiyaların keçirilməsidir: “Məsələyə konstruktiv yanaşmanın tərəfdarıyıq. Əgər meriya alternativ yer təklif etməyəcəksə və heç bir əsas olmadan imtina cavabı verəcəksə, o zaman bizi məcburən razılaşdırılmamış aksiyalara sövq etmiş olacaqlar. Alternativ marşrutlar təklif olunacaqsa, bununla bağlı yenidən müzakirə aparılacaq. Ünvanlar bizi qane etməsə, aksiya təklif edilən ünvanda keçirilməyəcək. Və İctimai Palata əvvəlki təcrübədən istifadə edəcək. Yəni “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunu əsas götürərək şəhərin müvafiq yerlərində aksiyasını keçirəcək. İstərdik ki, meriya müraciətimizə rədd cavabı versə belə, təklif etdiyi yerlər aksiya keçirmək üçün uyğun olsun. Belə olan halda biz razılaşdırılmış aksiyanın tərəfdarı kimi çalışacağıq ki, mitinqi həmin ünvanda keçirək”.
İctimai Palatanın üzvü, Müsavat başqanın müavini Gülağa Aslanlı da deyir ki, meriya alternativ ünvanlar təklif etsə, Koordinasiya Şurası bunu müzakirə edəcək: “İctimai Palata razılaşdırılmış aksiyaya qərar verib. Ona görə də, hər hansı yer təklif etsələr və o yer müvafiq hesab olunsa, orada aksiyamızı keçirəcəyik. Ümumiyyətlə icazə verilməsə və heç bir ünvan təklif edilməsə, İctimai Palata özünün qərarı olacaq və biz o qərara tabe olacağıq. Şəxsən mən, bu mərhələdə razılaşdırılmış aksiyalara üstünlük verilməsinə tərəfdaram”.
Xatırladaq ki, aprelin 8-i saat 15-dən 17-dək keçirilməsi nəzərdə tutulan mitinqə ünvan kimi “Nərimanov” və “Təbriz” kinoteatrlarının qarşısındakı meydan nəzərdə tutulub. Aksiyanın “Yeni parlament seçkiləri keçirilsin!”, “Korrupsiya və rüşvətxorluğa son qoyulsun!”, “Vicdan məhbuslarına azadlıq!”, “Əhalinin sovet dövründən banklarda qalmış əmanətləri qaytarılsın!”, “Mülkiyyəti əlindən alınmış insanlara mülkiyyətin həqiqi dəyəri ödənilsin!” və “Hakimiyyətə istefa!” şüarları ilə keçirilməsi planlaşdırılır. Artıq aksiyaya hazırlıqla bağlı Mitinq Komitəsi də yaradılıb.
Gültəkin