Elnur Məcidlinin sübut elədiyi və hər kəsin gördüyü həqiqətlər haqqında…
Bu yazını 30 yaşını həbsxanada qeyd edən gənc siyasi fəal Bəxtiyar Hacıyevi təbrik etməklə başlayıram. Onsuz da türmədə günlər keçmir, bu hesabla Bəxtiyarın doğum gününə hələ var. Azərbaycan hakimiyyəti qaranlığa təslim olmuş ruhunu gələcək quranların işığından qorumaq üçün bir çox gənc və ahıl işıqlı insanlarımız kimi, Bəxtiyarın da işığını qapatmağı özünün tale vəzifəsi seçib. Biz əbədi şərin varlığına inandığımız üçün xeyir cəbhəsini boş qoymayan işıqlı dostumuza bundan sonrakı həyatında uğurlar arzulayaq və keçək mətləbə.
Elnur müdrik deyil, amma…
Hakimiyyət daha bir gəncin simasında sonuncu dəfə ağır yara aldı. İfşa olundu, kürəyi yerə dəydi. Söhbət təbii ki, mənim gənc dostum Elnur Məcidli ətrafında baş verən “əfv ərizəsi”ndən gedir…
Elnurun, hətta ərdəmli siyasətçilərin çətinliklə bacara biləcəyi işindən bəhs etməmək ədalətsizlik olardı. Belə bir deyim burada yerinə düşür: “Ağıllı adamlar çətin vəziyyətdən çıxanlar, müdrik adamlar isə çətin vəziyyəti öncə görüb ondan uzaq olanlardır”.
Təbii ki, heç nəyə dəxli yoxmuş kimi, davam edən axmaqlar haqqında yazmağa dəyməz. Elnur məhz ağıllı olmaq bacarığını göstərdi. Onun düşdüyü tələdən məharətlə çıxması təkcə özü üçün ciddi üstünlük olmadı, həm də bu cür şəraitdə mübarizə aparan, həbsxanada olan və olması gözlənilən hər kəs üçün təcrübə oldu. İlham Əliyev bütün vasitələrlə siyasi məhbuslara özünü sübut etmək siyasətində də uğursuz bir akkordla yadda qaldı. Elnur isə ürəkdən üfürdü və həqiqətin üstündəki toz yoxa çıxdı.
İlham Əliyev çətin durumdadır…
Azərbaycan hakimiyyəti jurnalist qətlilə, oğurlanmasıyla, döyülməsilə, siyasi partiyaların qərargahsız qoyulmasıyla, toplaşmaq azadlığının məhdudlaşdırılmasıyla, insanlara, hətta xarici seriallara belə rahat baxmaq azadlığının verilməməsilə, beş yaşlı qızı türməyə salmaqla, xanım siyasətçinin qolunu burmaqla, insanların yataq otağına kimi boylanmaqla yalnız bir şey axtarır – ona qarşı çıxanların gücünün mənbəyini. Bu isə əbəs axtarışdır, öz gücsüzlüyünü başqalarının gücü ilə yozmaq məğlubların əbədi vərdişidir. Onlar təsəvvür edə bilmirlər ki, bu qədər elədiklərindən sonra belə, onlara qarşı gələn çıxanlar bu gücü haradan alırlar, bu müqaviməti necə təşkil edirlər? Bunu anlamaq imkanları olsa, zatən bu sadaladıqlarımız olmazdı. Ona görə də bizim bu hakimiyyətin timsalında kimsəyə bir şey anlatmağa ehtiyacımız yoxdur. İlham Əliyev isə özünü insanlara sübut etmək, siyasi varlığını təsdiqləmək istədikcə küncə sıxılır və bunu onun özü edir. İnsanlardan aldığı tərs təpki onu daha da aciz göstərir. Elnurun yazdığı üzrxahlıq ərizəsi də İlham Əliyevi zəif və aciz göstərən hadisələrdən biri idi…
Özünü və siyasi taleyini dəmir barmaqlıqlar arasında olan gəncəcik insanların əl boyda ərizəsindən asılı sayan siyasi rəhbər zatən siyasi gerçəkliklə əlaqəsini kəsib və siyasətdən imtina ərizəsi yazıb. Elə buna görə də bu hakimiyyətin atdığı heç bir addım cəmiyyətdə rezonans doğurmur. İnsanlar hakimiyyətin hansısa addımından təsirlənmirlər, təəccüblənmirlər, hətta qorxmurlar da. Çünki indi hamı başa düşüb ki, ölüdən qorxmazlar, xortlamaq bütün zamanlarda olduğu kimi, indi də yalan söhbətdir!
Seymur Həzi