Əliyev Seuldan niyə görüşsüz qayıtdı?

Ərdoğanla Obamanın görüşündə Qarabağ müzakirəsindən sonra türk lider niyə Əliyevlə görüşməyib?

Keçən il ABŞ-da keçirilən Nüvə Təhlükəsizliyi Sammitinə qatılmayan dövlət başçısı bu dəfə Cənubi Koreyanın paytaxtı Seuldakı eyni tədbirdə iştirak etdi. Keçən illəri I.Əliyevin tədbirə dəvət olunmamasını iqtidar təmsilçiləri Azərbaycanın nüvə dövləti olmaması ilə izah etməyə çalışırdılar. Lakin onu da qeyd etmək yerinə düşər ki, I.Əliyev bu dəfə Nüvə Təhlükəsizliyi sammitinə qatılsa da, tədbir zamanı onun fəaliyyəti bir o qədər də “məhsuldar” olmayıb. Dövlət başçısı yalnız Israilin məxfi xidmət işləri üzrə naziri Dan Meridorla görüşüb.
Maraqlısı odur ki, Seulda olduqları zaman ABŞ prezidenti Barak Obama və Türkiyənin baş naziri Rəcab Tayyib Ərdoğan bir araya gələrək hazırda hər iki dövləti narahat edən məsələləri, o cümlədən Qarabağ problemi ilə bağlı danışıqlar aparıblar. Amma nə bu görüşdən əvvəl, nə də görüşdən sonra Azərbaycanın dövlət başçısı ilə ABŞ və Türkiyə lideri heç bir əlaqə yaratmayıb.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sözlərinə görə, Azərbaycana qarşı bu cür münasibətin sərgilənməsi təsadüfi deyil. Azərbaycan özünü etibarlı tərəfdaş kimi göstərmiş olsaydı, gözləmək olardı ki, həm Iran problemi, həm də Qarabağ məsələsi ilə bağlı müzakirələrdə rəsmi Bakının hər hansı formada rəyi nəzərə alınacaq. Hər iki məsələnin Azərbaycanın maraqlarına təsir göstərən problem kimi nəzərdən keçirildiyini vurğulayan F.Qəhrəmanlı bildirdi ki, xüsusilə Obama ilə Ərdoğanın Qarabağ və Iranla bağlı müzakirələrdən sonra I.Əliyevlə görüşməsinə, proseslərin gedişini öyrənməsinə ehtiyac var idi: “ABŞ və Türkiyə liderlərinin görüşündən sonra Bakı ilə Ankara arasında yüksək müttəfiqlik münasibətinin olmasının təzahürü kimi Ilham Əliyevlə də görüş keçirilməli idi. Lakin görüşün olmaması onu göstərir ki, Azərbaycanın apardığı siyasət bu cür müzakirələrdə Bakını maraq kəsb etməyən tərəfə çevirib. Bəlkə də bu, diplomatik formada Azərbaycana münasibətin ifadəsidir. Xüsusilə burada Ərdoğanla görüşün olmaması faktının üzərində dayanırıq”.
F.Qəhrəmanlı vurğuladı ki, Türkiyə ilə Azərbaycan rəhbərləri arasında təmasın olması bir ənənəyə çevrilib. Artıq bu təmasların da olmaması onu göstərir ki, Türkiyənin Azərbaycan üçün həyati əhəmiyyət daşıyan bir çox məsələlərlə bağlı məsləhətləşmə aparması ehtiyacı aradan qalxır. Əvvəlki əlaqələri bərpa etmək imkanlarının məhdudlaşmasına da diqqət çəkən F.Qəhrəmanlı düşünür ki, bu, Azərbaycan tərəfinə yanaşmanın bir mesajıdır.

Hikmət