Hakimiyyət maliyyə axınına nəzarəti gücləndirir

«Səhmlərin yerləşdirilməsinə məhdudiyyətin məntiqi aydın deyil»

Məhəmməd Talıblı: “Ölkəyə daxil olan və burdan gedən kapitala nəzarət artıb”

Məlum olduğu kimi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Azərbaycandan olan emitentlərin qiymətli kağızlarının xaricdə yerləşdirilməsi üzrə yeni qaydaları təsdiqləyib. Sənədə əsasən, QKDK tərəfindən bu və ya digər şirkətin dövriyyədə olan səhmlərinin ən çoxu 40%-i ölkə xaricində yerləşdirilə bilər.
2008-ci ildən qüvvədə olan qanunlara əsasən, SC-lər səhmlərin 70%-ni xaricdə yerləşdirə bilərdi. Azərbaycanın broker şirkətlərindən “Turan”a bildiriblər ki, səhmlərin yerləşdirilməsinə məhdudiyyətin məntiqi istər antiinhisar siyasəti, istərsə də sahibkaarlıq fəaliyyətinin azadlığı və investisiya cəlb edilməsi cəhətdən aydın deyil. QKDK-da isə bu məhdudiyyət qoyulan zaman beynəlxalq təcrübənin nəzərə alındığı bildirilir. Ancaq xaricdə qiymətli kağızların yerləşdirilməsinə heç bir məhdudiyyət yoxdur.
Əgər emitentin qiymətli kağızları yerli fond birjasının kotirovka vərəqinə düşməyibsə, QKDK onların ölkədən xaricdə yerləşdirilməsindən imtina edə bilər. Maraqlıdır ki, indiyəcən Azərbaycan şirkətlərinin səhmlərinin xaricdə yerləşdirilməsi faktı məlum deyil.
QKDK-nın bu qaydası prosesdə şəffaflığın artırılması kimi təqdim edilə bilər. Lakin Azərbaycan reallığını nəzərə alanda ortaya başqa məqamlar çıxır. Heç kəsə sirr deyil ki, Azərbaycanda böyük şirkətlərin hamısı ya birabaşa hər hansı məmurun nəzarətindədir, ya da onun yaxınlarına məxsusdur. Onlar da öz səhmlərini daha təhlükəsiz bazarlarda yerləşdirməyə can atır. Bu baxımdan belə bir qaydanın tətbiqinin məhz indiyə, dünyada gedən proseslərlə eyni vaxta təsadüf etməsi diqqət çəkməyə bilməz. Belə bir qərar isə daha çox siyasi xarakter daşıyır. Ekspertlər də məhz bu fikirdədir.
Iqtisadçı-ekspert Məhəmməd Talıblının sözlərinə görə, hakimiyyət dünyada baş verən hadisələrdən çox ciddi nəticələr çıxarıb. Bu səbəbdən də ölkəyə daxil olan və burdan gedən kapitala nəzarət artıb.
Ölkəyə böyük vəsaitlərin daxil olduğunu deyən ekspert bu pullara nəzarətin çətin və təhlükəli olduğunu da vurğuladı. Qiymətli kağızların xaricdə yerləşdirilməsinə məhdudiyyət də məhz onlara nəzarəti artırmaq məqsədi daşıyır. Hakimiyyət bu yolla ölkədən maliyyə axınına nəzarət etməyə çalışır.  
Bir müddət əvvəl Maliyyə Nazirliyi tərəfindən maliyyə monitorinqi mərkəzinin yaradıldığını xatırladan ekspert, hətta bu tip nəzarət mexanizmlərinin fayda vermədiyini qeyd etdi.

Fizzə