“Azadlıq” ölkənin ən skandallı mövzusuna aydınlıq gətirir
Bir neçə ildir ki, “eşşək” ölkə gündəmində ən çox danışılan mövzulardandır. Əvvəlcə onun çox baha qiymətə Almaniyadan alınması gündəmə gəldi. Sonra iki cavan bu bahalı eşşəklərə lağ etdikləri üçün türməyə düşdü. Ötən il yayda isə Şamaxıda bu məzlum heyvana heykəl qoyulması aləmi bir-birinə qatdı. Rayon camaatı bu heykəllə heysiyyatlarının tapdandığını iddia edərək, az qala, inqilaba qalxdığı ərəfədə bir sürücü yük maşını ilə o eşşəyin abidəsini darmadağın etdi və bununla da emosiyalar səngidi.
Novruz günlərində eşşək yenə abidə ilə gündəmə düşdü. Bu dəfə onu Gəncədə əbədiləşdirmək istəmişdilər, lakin xəbər ictimailəşəndən sonra bu heykəlin də ömrünə son qoyuldu. Kimsə onun qulağını qırdı, şəhər rəhbərliyi bütövlükdə heykəlin həyatının təhlükədə olduğunu duyaraq, onu qoyulduğu yerdən yığışdırdı.

Onun hamisi varmı?
Eşşəklərə abidənin qoyulması bəzi söz-söhbətlərə də səbəb oldu. Onlardan biri də bu idi ki, guya, hansısa nazir bu bizneslə məşğuldur, eşşəklər də onun himayəsi altında olan sexdə istehsal olunur.
Onun dəyəri…
O sexi tapmaq elə də çətin olmadı. Novxanı qəsəbəsinin girişində yol kənarında siz müxtəlif heyvan heykəllərinin sərgiləndiyini görə bilərsiniz. Məlum eşşəklər də burdan alınıb. Icra hakimiyyətləri neçəyə rəsmiləşdirib – deyə bilmərəm, amma siz həmin ünvanda bir eşşəyi 500 manata ala bilərsiniz.
Öyrəndiyimə görə, heykəllər əvvəl xaricdən gətirilsə də, artıq bir ildir, qəsəbədə istehsal olunur. Heykəllərin satışı və istehsalına rəhbərlik edən Tahir Muradovu tapa bilməsək də, o, bizimlə telefon vasitəsilə həmsöhbət oldu.

Eşşəyə marağın səbəbi
Sadə zəhmət adamı olduğunu deyən Tahir müəllim, hər hansı məmurla bağlılığını təkzib edir. Eşşək heykəllərilə bağlı isə o, ürəkdolusu danışdı. Müsahibimiz deyir ki, 55 adda müxtəlif heykəl arasında ən çox satılanı eşşəklərdir. Bunun səbəbini isə belə izah edir: “Eşşəyin daha çox alınmasının iki səbəbini görürəm. Bunun birincisi, onun komik obrazı ilə bağlıdır. Ikincisi isə bizim həyat tərzimizlə bağlıdır. Bildiyiniz kimi, eşşək hələ indi də nəqliyyat növü kimi kənd-kəsəklərimizdə işlədilir”.
Bir qəzanın fəsadı
Şamaxıdakı eşşəyin məlum aqibəti Tahir müəllim üçün də xoş nəticələnməyib. O deyir ki, həmin hadisədən sonra eşşəklərin sifarişi, alışı azalıb: “Bu hadisə bizim üçün anti-reklam oldu”.

Axı ona niyə qəzəblidilər?
Müsahibimiz eşşəyə qarşı aqressiyanı başa düşməkdə çətinlik çəkir: “Insanlarımız bu heyvana qarşı niyə belə qəzəbləniblər, bilmirəm. Axı bu, zəhmətkeş bir heyvandır. Donuz-filan deyil ki… Bir də ki, Bakıda hələ qədimdən eşşək heykəli olub. Amma o vaxt heç kim bu heykəli dağıtmırdı”.
Fərdi “eşşəklər”
Eşşəkləri təkcə icra hakimiyyətləri almırmış. Tahir müəllimin bildirdiyinə görə, Bakıdakı bir çox istirahət mərkəzlərində eşşəklər quraşdırılıb. Fərdi evlərə də eşşək alanlar az deyil.
Bu ay cəmi iki eşşək satılıb – bu da aldığımız xəbərlər sırasındadır. Zəhmətkeş müsahibimiz daha bir maraqlı məlumat verir: “Burada çoxlu heyvan heykəlləri var, amma insanlar da var. Onları ən çox xaricə-filan gedib-gələnlər alır”.
Və sonda…
Müştəri sarıdan at və dəvələr bəxtsiz heyvanlardır. Bir illik satış müddətində onların hərəsindən cəmi 2 ədəd satılıb. El məsəlimizdə dəvədən böyük fil olsa da, qiymət baxımından dəvə heykəli fili qat-qat geridə qoyub. Iri dəvə heykəli 3 min, fil isə 600 manatdır.
Natiq



