İctimai Palata aprelin 8-də iki aksiya keçirəcək

Mitinq günü meriyanın qarşısında piket olacaq

Dünən Ictimai Palatanın Koordinasiya Şurasının növbəti iclası keçirilib. Şura üzvü Pənah Hüseynin sədrliyi ilə keçən iclasda 8 aprel mitinqinə hazırlıqla bağlı müzakirələr aparılıb və bəzi qərarlar qəbul edilib. Koordinasiya Şurası ilk olaraq Mitinq Komitəsinin yaradılmasına qərar verib. P.Hüseynin sözlərinə görə, Komitənin səlahiyyətləri Ictimai Palatanın Regional Təşkilatlanma Komissiyasına verilib.
P.Hüseyn bildirib ki, qəbul edilmiş qərarlardan biri də aprelin 8-də Bakı Şəhər Icra Hakimiyyətinin qarşısında etiraz piketinin keçirilməsidir: “Bakı Şəhər Icra Hakimiyyəti bir qayda olaraq aksiya ilə bağlı müraciətlərimizə mənfi cavab verir. Bununla da sərbəst toplaşmaq azadlığını pozur. 8 aprel mitinqilə bağlı müraciətimizə müsbət cavab verilsə, piketin təxirə salınması məsələsinə baxıla bilər. Bu, mənim şəxsi fikrimdir. Meriyaya başqa bir məsələ ilə də bağlı müraciət edəcəyik. Mitinqlə bağlı müraciətimizə ən geci, aprelin 4-də cavab verməlidilər. Onlara xəbərdarlıq göndərəcəyik ki, cavabı qanunla müəyyən edilmiş vaxtda versinlər. Əks halda Ictimai Palata məhkəməyə müraciət edəcək”.