“Azərbaycanda sərt sülalə rejimi mövcuddur, bu da hökumət əleyhinə etirazlar üçün əsasdır”
Cefri Mankoff: «Cənubi Qafqazdakı rejimlərin legitimliyi etibarsızdır, daxili və xarici amillər inqilab dalğasına imkan yaradır»
Vaşinqton Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi “Böyük Qafqaz: dağılma və inteqrasiya arasında” mövzusunda məruzə hazırlayıb. Bu geniş tədqiqatın müəllifi MDB, Rusiya və Qafqaz üzrə ekspert Cefri Mankoffdur. Məruzənin rəsmi təqdimatı gələn həftə keçiriləcək.
Bu arada “Turan”ın Vaşinqton müxbiri müəlliflə söhbətə müvəffəq olub. O qeyd edib ki, energetika və boru kəmərləri Qafqazda beynəlxalq qarşılıqlı təsirin əsas amilləridir.
Cefri Mankoff
Lakin bu, “beynəlxalq ictimaiyyətin bu regiona olan marağının yeganə səbəbi deyil”, – deyə o əlavə edib.
Cənubi Qafqazı nələr qarışdıra bilər?
Sovet Ittifaqı dağıldıqdan sonra Böyük Qafqazı təqib edən siyasi dağınıqlıq regional və qlobal təhlükəsizlik üçün ciddi nəticələr doğuracaq yeni münaqişələrə səbəb ola bilər.
“Cənubi Qafqazda ərazi mübahisələrindən ən təhlükəlisi Dağlıq Qarabağdır. Ermənistan və Azərbaycan yaxşı silahlanıb və hər iki tərəfin nüfuzlu şəxsləri münaqişənin bərpasından nə isə qazanacaqlarını hesab edirlər. Hazırda Azərbaycan Dağlıq Qarabağa qarşı hücum əməliyyatları həyata keçirməyə imkan verəcək qədər üstünlüyə malik olmasa da, Azərbaycan icmalçılarının çoxu qüvvələr arasında balansın dəyişdiyini hesab edir və Bakı tezliklə Qarabağ üzərində nəzarəti hərbi yolla bərpa etmək iqtidarında olacaq.
Azərbaycanda sülalə rejimi mövcuddur
Analitikin sözlərinə görə, mövcud rejimlərdən birinin və ya bir neçəsinin uğursuzluğu və “ərəb baharı” kimi hadisələr də regional sabitliyi poza bilər. Cənubi Qafqazda mövcud rejimlərin legitimliyi etibarsızdır, daxili və xarici amillər regionda geniş inqilab dalğasına imkan yaradır.
“Azərbaycanın siyasi sistemi sərt sülalə rejimidir, əhali isə dəyişikliklər ümidi ilə yaşayır ki, bu da hökumət əleyhinə etirazlar üçün əsas ola bilər”, – deyə o qeyd edib.
Analitik həmçinin vurğulayıb ki, ABŞ-ın Böyük Qafqazda siyasətinin ümumi məqsədi qlobal iqtisadiyyata inteqrasiyaya gətirib çıxaran proseslərin təşviqindən və əks proseslərin məhdudlaşdırılmasından ibarət olmalıdır.
Vaşinqtonun Qafqaza nisbətən məhdud təsiri olduğunu nəzərə alaraq, sabitlik və inkişafda maraqlı olan digər dövlətlərlə birgə iş mexanizmləri zəruridir.