Heydər Əliyev, İlham Əliyev, Kəmaləddin Heydərov… onun əl işlərinə necə qiymət verib?
Bir çox ölkələrdən təklif alan şəkili sahibkar dünyanı necə heyran edib?
Şəki sakini, “Sahibkar Qadınlar” MMC-nin təsisçisi 64 yaşlı Səadət Həsənova martın 15-də “KredAqro” Bank olmayan kredit təşkilatının mərkəzi ofisində özünü yandırıb. Onu 5 saylı xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb. Olaydan dörd gün sonra dünyasını dəyişib. “Azadlıq” olayı araşdırmaq üçün bankın mərkəzi filialında, Həsənovların Şəkidəki evində də oldu. Sən demə, Səadət Həsənova sıradan birisi deyilmiş. O, eks-prezident Heydər Əliyevlə, indiki ölkə başçısı Ilham Əliyevlə, fövqalədə hallar naziri Kəmaləddin Heydərovla, kənd təəssüraftı naziri Ismət Abbasovla dəfələrlə görüşüb. Biz onun görüşdüyü şəxslərlə fotolarını da əldə etmişik…
Heydər Əliyevlə görüşü…
Səadət Həsənova Şəkidə tanınmış sahibklarlardandır. Dəfələrlə beynəlxalq təşkilatlar tərəfindən mükafatlandırılıb və bir neçə ölkənin keçirdiyi tədbirlərə dəvət olunub. O, birinci dəfə Heydər Əliyevlə 2002-ci ildə görüşüb. O vaxt eks-prezident ilk dəfə sahibkarla görüşə gəlir və burada iştirak edən 450 sahibkardan biri də Səadət Həsənova olur. Sənədləri arasında ilk görüşün qeydiyyat vəsiqəsi də qalıb. Orada yazılıb: “Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin yerli sahibkarlarla görüş iştirakçısı Həsənova Səadət Məmmədəmin qızı. Qeydiyyat vəsiqəsi 153″.
Ümumulikdə Səadət xanım Heydər Əliyevlə üç dəfə görüşüb.
Sahibkarların problemlərini dilə gətirib. Özünə yaradılan maneələri aşmaq üçün hökumətdən kömək istəyib. O, 1986-cı ildən sahibkarlıqla məşğul olmağa başlayıb. 1988-ci ildə
dövlətə 1546 kq ət məhsulu təhvil verib. Üç il sonra təsərrüfatını inkişaf etdirməyə nail olur və bu dəfə 1055 ton məhsul istehsal edir.
Ilham Əliyevlə görüşü…
Fevralın 2-də Səadət Həsənova Ilham Əliyevlə görüşür. Ölkə başçısıyla edilən söhbəti sizə təqdim edirik.
Səadət Həsənova: Mən Bakı şəhər rəhbərliyindən xahiş edirəm ki, bizim istehsal etdiyimiz məhsulların paytaxtda satılmasına şərait yaradılmasına kömək göstərsin.
Ilham Əliyev: Mən Hacıbala Abutalıbova tapşıraram ki, bu işdə sizə kömək etsin.
Səadət Həsənova: Aqrar islahat nəticəsində torpaqlar paylansa da mən öz torpağımı almamışam. Mən sizinlə birinci dəfədir ki, görüşürəm. Iqtisadə Inkişaf Nazirliyi tərəfindən kömək nəticəsində kredit ala bilmişəm. Əvvəllər kredit verən banklar bizi incidirdi.
Ilham Əliyev: O hansı bank idi?
Səadət Həsənova: Həmin bank, “Turanbank” idi. Onların yaratdığı əngəllərə görə bizim planlaşdırdığımız biznes yarımçıq qalmışdı (bundan sonra Ilham Əliyev Səadət xanıma nə deyir, o məlum deyil. “Turanbank”ın ondan sonrakı vəziyyəti necə olur, hələ ki, qaranlıqdı – R.D).
Heydərovu valeh edən şərab
Səadət Həsənova fövqalədə hallar naziri Kəmaləddin Heydərovla da görüşüb. Kəmaləddin Heydərov Səadət xanımın hazırladığı məhsulları çox bəyənirmiş. Xüsusən də əzgil şərabını. Heydərov yalnız Həsənovanın özünün hazırladığı əzgil şərabına diqqət yetirirmiş. Bir dəfə yarmarkaların birində şərabdan dadan nazir bundan sonra Səadət Həsənovanın daimi müştərisi olur. Mərhumun ailəsinin dediyinə görə, nazir bütün yerlərdə məhz bu şərabdan danışırmış. Fotolara diqqət yetirəndə onun nazir üçün hazırladığı məhsuldan da bir stəkana süzdüyü açıq-aydın görünür.
Bundan başqa, Səadət Həsənovanın yarmarkalarda çıxartdığı məhsullar böyük səs-küyə səbəb olub. Elə bunun nəticəsdir ki, Ispaniya, Italiya, Türkiyə və başqa Avropa ölkələri onu beynəlxlaq tədbirlərə dəvət edib. Ancaq o, maddi imkansızlıqdan yalnız Türkiyədə keçirilən konfransların birində iştirak edə bilir.
Yarmarkalarda çıxartdığı məhsullar əcnəbilər tərəfindən maraqla qarşılandığı üçün hələ Heydər Əliyevin vaxtında ona keçiriləcək bütün yarmarkalarda ön sıralarda yer təşkil edirlər. Üstəlik, Həsənovanın hazırladığı məhsullar bir neçə dəfə beynəlxlaq sertifikatlara layiq görülür. Bu azmış kimi öz əmək fəaliyyətinin davam etdirmək üçün ona bir neçə ölkədən təklif də gəlir. Ona çox böyük imkanlar yaradacaqlarını vəd edirlər. Əslində çox cüzi imkanlarla burada işləmək ona sərfəli deyildi, ancaq bütün bunlara baxmayaraq o, bütün bu təklifləri rədd edir.
Deputatların xahişi…
Kənd təsərrüfatı naziri Ismət Abbasov, deputat Bahar Muradova, Qadın Problemləri üzrə Dövlət Komitəsinin sabiq sədri mərhum Zəhra Quliyeva və başqa şəxslər Səadət Həsənova ilə yaxınlıq ediblər. Onlar da mərhumun hazırladığı məhsulları yüksək qiymətləndiriblər. Xüsusən də Zəhra Quliyeva. Hələ bir neçə il əvvəl bu iki qadın görüşüb. O zaman Zəhra Quliyeva Səadət Həsənovaya işini davam etdirməyi məsləhət görüb. Üstəlik, qarşısına çıxacaq maneələrdə ona yardımçı olacağını da bildirib.
Yaşla əlaqədar son iki ildə fəaliyyətini məhdudlaşdırıbmış. Deyilənlərə görə, deputatlardan bir neçəsi onunla əlaqə saxlayaraq işini davam etdirməyi xahiş ediblər. Yaş öz sözünü dediyi üçün daha əvvəlki qaydada çalışa bilməsə də, ara-sıra tədbirlərdə iştirak edib.
Əvvəlki templə olmasa da öz həyətində yenə də əkib-becərməklə məşğul olurmuş.
Indi isə onun bağında bar verən ağaclara baxan yoxdur: “Ailədə heç kim onun görə biləcəyi işi bacara bilməz. Bütün meyvə ağacları, şirələr, çiçəklər məhv olacaq”.
Şəkinin ən məşhur adamlarından olan mərhum Səadət xanım təkcə kənd təsərrüfatı məhsullarının nümayişində yox, xaricdən gələn qonaqları da qarşılayıb, rayonun tarixindən, adət-ənənəsindən söhbət açırmış.
***
Bu, 64 yaşlı Səadət Həsənovanın yaşadığı həyatdan kiçik bir yazı idi. Çoxlarınız bu qədər məmurla ünsiyyətdə olan bir insanın 35 min manata görə özünə qəsd etməsini anlamaya bilərsiniz. Bu, normaldı. Ancaq o, haqqın, ədalətin itdiyi bir məmləkətdə yaşadığı üçün bütün bunlara dözmədi. Bəlkə də Səadət Həsənova hər hansı bir nazirlə görüşəndə belə bir problemlə üzləşdiyini onlara desəydi, 35 min manatlıq məsələ həll edə bilərdi. Və indi də sağ qalardı. Ancaq bunu etmədi, ölümü bahasına olsa da razılaşmadı.
Mərhumun evindən çıxanda oğlu Təyyar “indi insan həyatı çox ucuzlaşıb” deyib bizimlə sağollaşdı.
Həqiqətən insan həyatı çox ucuzdur. Heç 35 min manat dəyərində deyil…
Ramin DEKO,
Bakı-Şəki-Bakı