Srağagün şanlı televiziyalarımız Gəncədə keçirilmiş Novruz bayramı tədbirini işıqlandıran əhatəli veriliş yaydı. Qısaca deyim ki, görünməmiş hadisə idi. Mən əminəm gələcəkdə bu tədbirə baxanlar bizim dövrümüzdə Azərbaycanda baş verənlərə görə utanacaq və günümüzün mənəvi faciəsini tam aydınlığı ilə dərk edəcəklər.
Bəli, böyük, təmtəraqlı, zəhmətlə hazırlanmış tədbir idi. Azərbaycanın heç bir şəhərində, hətta paytaxtda da belə bir bayram şənliyi olmamışdı. Insafən, camaatın iştirakı da tədbiri xeyli təbii, xeyli baxımlı edirdi. Gözəl səhnə yaratmışdılar. Böyük monitor qurulmuş, yüksək texniki imkanlardan istifadə edilmişdi.
Nəhayət, səhnəyə bir-birinin ardınca Nizami Gəncəvi, Cavad Xan, Məhsəti Gəncəvi gəldi. Amma necə gəldilər? Başladılar Ilham Əliyevi, Heydər Əliyevi tərifləməyə, ölkədəki uğurlardan, analoqu olmayan inkişafdan danışmağa. Həm də açıq məddahlıqla. Bu miskin mənzərəni seyr etməyə adamda güc olmalıdır. Yaltaqlıq, tərif ölkəmiz üçün təzə məsələ deyil, amma Azərbaycanın tarixi şəxsiyyətlərini dirildib, onların dili ilə hakim ailə üzvlərini təriflətmək görəsən kimin ağlına gəlib? Bircə bu çatmırdı…
Hər halda, bu tamaşanı quranlara həqiqi sənət mükafatı düşür. Gələcək nəsillərə dövrümüzün mənəvi aşınmasını, siyasi gerçəkliyini göstərmək üçün bundan yaxşı tamaşa və ya film ola bilməz. Gələcəkdə bu tamaşa əsl əyani vəsait olacaq. Göstərəcəksən və bir kitablıq izahı cəmi 10 dəqiqəyə tam anladacaq. Buna deyirlər ki, həqiqət artıqlaması ilə…
“Azadlıq” prospektində “lopadka” döyülən azad vətəndaş
“Yeni Müsavat” qəzeti dünən öz saytında bütün ölkənin diqqətinə layiq olan, bütün ölkənin qəlbini sarsıda biləcək, bütün beyinləri silkələyəcək bir video yayıb. Videodakı hadisə birinci dəfə baş vermir. Nəqliyyat Nazirliyinin əməkdaşları yenə də bir sürücünü yolun ortasında yaxşı-yaxşı döyüblər. Olay martın 26-da Bakıda baş verib. 8-ci mikrorayon ərazisində “qoşa zapravka” deyilən yerdə səhər saatlarında Nəqliyyat Nazirliyinin müfəttişləri taksi sürücülərindən birini ölümcül döyüb gedirlər. Heç nə də veclərinə deyil. Qəzet yazır ki, olaya səbəb müfəttişlərin taksi sürücüsündən 100 manat tələb etməsi olub. Pulunun olmadığını deyəndə isə sürücü nazirliyin əli belli işçiləri tərəfindən döyülüb, yerdə qalıb. Müfəttişlərin birinin əlində doğrudan da kiçik bir bel var. Bu beldən hərbiçilər səngər qazmaq üçün istifadə edirlər. Xidməti maşına da (“90 AF 364” ) əlindəki bellə oturması sübut edir ki, müfəttiş qardaşlarımız hər yerdə bellə gəzirlər, sanki bel onların xidməti silahıdır.
Sürücü isə yerdə uzanıb zarıyır. Digər sürücülər, başına toplaşan sürücü olmayanlar onu yerdən qaldırmırlar ki, 102-dən (polisdən) gəlib onu bu vəziyyətdə görsünlər. Guya görən kimi 102-dən gələnlər həqiqətin və ədalətin təntənəsi üçün canlarını fəda edəcəklər.
Absurd janrın əsl nümunəsi olan bu real videoda kimsə deyir: “Sabah da bizi belə döyəcəklər”. Sanki şanlı ölkəmizdə birinci dəfədir belə hadisə baş verir və görənlər də ondan dərhal nəticə çıxarırlar.
Hadisənin baş verdiyi yer (“qoşa zapravka”nın yanı) Azadlıq prospekti sayılır. Bir az o yana isə Azadlıq prospekti metrostansiyasıdır. Çox simvolikdir bu. Azad ölkənin vətəndaşını dövlət məmurları Azadlıq prospektində bellə döyürlər. Nizami Gəncəvi bunu çox yaxşı vəsf edərdi…

Nizami Gəncəvi prezidentin məddahı rolunda
•