Ekspertlər həyəcan təbili çalır
Paytaxtda bir-birinin ardınca baş verən sürüşmələr ekspertləri müşahidə edilən tendensiyanın bir təsadüf olmadığı fikrinə gətirib. Belə ki, paytaxtın müxtəlif ərazilərində – Xətai rayonunda, Masazır qəsəbəsində, Respublika Sarayının arxasında, Bayıl yamacında baş verən sürüşmə ciddi narahatlıq doğurur. Dəfələrlə ekspertlər həyəcan təbili çalaraq paytaxtın həddindən artıq yüklənməsinin ciddi fəsadlara gətirə biləcəyi ilə bağlı xəbərdarlıqlar ediblər. Amma bu xəbərdarlıqlara aidiyyəti orqanlar heç bir əhəmiyyət vermir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, Bakının istər kanalizasiya, istərsə də digər kommunikasiya xətləri hazırkı yüklənməyə hesablanmayıb. Sovet dövründə yenidən qurulan bu sistem maksimum 2 milyon üçün nəzərdə tutulub. Hazırda isə, hesablamalara görə, paytaxtda 4.5 milyon əhali yaşayır.
Bakının qaz, su, işıq, yol, tıxac və s. problemlərin əksəriyyətinin məhz yüklənmədən yarandığını düşünənlər də var. Dünya praktikasından isə məlumdur ki, bu cür situasiya ilə üzləşən şəhərlərdə hökumət xüsusi proqram qəbul edərək urbanizasiyanın sürətini öncə azaltmağa, daha sonra isə həmin şəhəri yükdən azad etməyə başlayır. Bu gün üçün Bakı ilə bağlı bu cür tədbirlərin planlaşdırıldığı nəzərə çarpmır. Hər ötən gün isə paytaxtın durumu daha da ağırlaşır.
Eyni zamanda şəhərsalmanın qaydalarına və tikinti normativlərinə məhəl qoyulmaması, paytaxtın müxtəlif yerlərindən axan qrunt və yeraltı suların qarşısının süni şəkildə alınması sürüşmələrə, torpaq uçqunlarına gətirib çıxarır.
Nüsrət Ibrahimli: “Bakıda onsuz da sürüşməyə meylli olan torpağın üst qatının yüklənməsi sürüşmə riskini daha da artırır”
“NBA” Konsaltinq şirkətinin prezidenti Nüsrət Ibrahimlinin sözlərinə görə, Bakının yüklənməsinin qarşısının vaxtında alınmaması, eləcə də yeraltı və qrunt sularının axınının vaxtında tənzimlənməməsi üzündən yaxın 15-20 il ərzində paytaxtdakı obyektlər və insanlar böyük təhlükələrlə üz-üzə qalacaqlar. Bu baxımdan hazırda cərəyan edən proseslər gələcəkdə baş verə biləcək fəalakətlərin mesajıdır. Bakıdakı torpağın quruluşunun sürüşməyə meyilli olduğunu deyən N.Ibrahimli vurğuladı ki, eyni zamanda o da nəzərə alınmalıdır ki, Xəzər dənizinə yeraltı su axınları var. Vaxtilə sovetlər dövründə yağış sullarının dənizə tökülməsi üçün yeraltı xüsusi kanalların çəkildiyini deyən N.Ibrahimli vurğuladı ki, hazırda bu sistem tamamilə məhv olaraq yararsız vəziyyətə düşüb. Bu kanallar, knalizasiya ilə yanaşı paytaxta yağan yağış sularını dənizə çıxışını təmin edirdi: “Eyni zamanda paytaxdakı yeni tikililər yeraltı suların istiqamətini dəyişdirərək, onları tıxac vəziyyətinə salıb. Bu isə öz növbəsində həmin sulların üzə çıxmasına və torpaq laylarının sürüşməsinə səbəb olur. Bütün bu məqamlar üst-üstə yığılır və nəticədə bu cür fəsadlara yol açır. Ümumiyyətlə, problemin səbəblərini araşdırarkən Bakı şəhərinin təbii quruluşuna fikir vermək lazımdır. Bakı açıq anfiteatrı xatırladır və bu cür quruluşa sahib torpaq qatının nəzəri cəhətdən əsaslandırılmayan formada yüklənməsi sürüşməyə səbəb olur”.
Abşeron yarımadası seysmoloji cəhətdən aktiv olduğundan SSRI dövründə Xəzər dənizinə yaxın ərazilərdə 4 və ondan aşağı mərtəbəli binaların tikintisinə üstünlük verildiyini vurğulayan N.Ibrahimli bildirdi ki, bu qaydanın unudulmasına yol vermək olmaz: “Təbii ki, paytaxtın elə sahələri var ki, onları bu dərəcədə yükləmək olmaz. Çünki binaların özülü nə qədər dərin qazılsa da, o, heç bir halda gedib dəniz səviyyəsinə, sürüşmə olmayan təbəqəyə çata bilməz. Bakıda torpağın üst qatı onsuz da sürüşməyə meyillidir. Onun yüklənməsi sürüşmə riskini daha da artırır. Ümumiyyətlə, hazırda müşahidə etdiyimiz sürüşmə prosesləri kompleks addımların nəticəsidir. Bakının anfitetar hissəsində torpaq qatının xüsusiyyəti elədir ki, onun yapışqanlığı yoxdur. Bu qat su dəyəndə axır, su quruyanda qrunta çevrilir. Ona görə bu cür torpaqda tikinti aparanda maksimum çalışmaq lazımdır ki, həmin tikintinin altından su keçməsin”.
Yüklənmənin Bakının bütün rayonları üzrə bərabər paylaşılmasının tərəfdarı olan ekspert vurğuladı ki, əgər şəhərin Binəqədi, Nərimanov və Nizami rayonlarının bir hissəsində hər kvadratkilometrə 200-250 adam düşürsə, paytaxtın mərkəzi hissəsində bu rəqəm az qala 4 minə çatıb. Bu isə balansı pozur: “Paytaxtın tarixi və mərkəzi hissəsi yüklənmədən azad olmalıdır. Paytaxtda yararsız hala düşən köhnə evlərin yerində yenilər deyil, parklar, meşə zolaqları salınmalıdır. Bu, yerin altındakı axının qarşısını müəyyən dərəcədə ala bilər. Sovetlər dövründə Əhmədli və Yeni Günəşli qəsəbələrinin salınmasında da məqsəd bu idi ki, paytaxt yüklənmədən azad olsun. Özü də bu qəsəbələr paytaxtın yuxarı hissəsində salınıb, yamaclarda belə tikinti aparmaq olmaz”.
Zemfira Budaqova: “Paytaxtın infrastrukturu yüklənməyə tab gətirmir”
Azərbaycan Memarlar Assosisayasının prezidenti Zemfira Budaqova da diqqəti Bakının torpaq örtüyünə çəkdi. Ekspertin fikrincə, paytaxtda tikinti apararkən binanın bünövrəsini gil təbəqəsini keçərək ana torpağa dirəmək lazımdır. Bakının təhlükə ilə üz-üzə olduğunu hazırda Xəzər dənizində suyun səviyyəsinin qalxmasının da göstərdiyini deyən Z.Budaqova vurğuladı ki, dənizin səviyyəsinin qalxması prosesi 15 il öncə baş verib. Və bu proses nəticəsində dəniz kənarındakı 7 metrlik gil təbəqəsi aparılan tikintilər nəticəsində təzyiqə məruz qalıb: “Ümumiyyətlə, Xəzər dənizi yer kürəsinin sanki manometridir. Bu, dənizin səviyyəsi həmişə qalxan zaman dünyada suyun səviyyəsinin qalxdığını göstərir. Xəzər dənizinin yeraltı çaylar vasitəsilə bütün okeanlarla əlaqəsi var. Paytaxtda aparılan tikinti işləri dənizdəki gil təbəqəsini laxladır. Bu prosesin yağışların çoxalması ilə müşahidə olunması sürüşməyə aparır”.
Sürüşmənin daha çox dəniz kənarında və hündür yerlərdə baş verməsinin də elə bu proseslə bağlı olduğunu deyən Z.Budaqova bildirdi ki, buna səbəb paytaxtın hündür yerlərinin də altında su təbəqəsinin olmasıdır. Bundan başqa, tikinti aparılan zaman paytaxtın yüklənməsi də nəzərə alınmalıdır. Çünki sovet dövründə əsası qoyulan komunikasiya və kanalizasiya sistemi bu dərəcədə yüklənməyə hesablanmayıb: “Bir sıra göydələnlərə, sənədsiz tikililərə çəkilən kommunikasiya xətləri oğurluq olur. Yəni işığı, qazı və suyu başqa binadan çəkirlər, nəticədə təzyiq aşağı düşür, kanalizasiya xətləri dözmür. Müvafiq dövlət qurumları isə bunu nəzərə almır. Ona görə də infrastruktur yüklənməyə tab gətirmir”.
Hikmət