Amaci və Əliyevin oxşar dünyası

Space telekanalı inanılmazı “bacardı”, Əliyevlər rejiminin bütün xüsusiyyətlərini özündə birləşdirən, “Bu zalım dünyada doğulma” serialının nümayişinə başladı. Başbilənlər(!) çox güman ki, “qoy xalq görsün ki, daha zalım dünyalar da var, şükr edib, itaət etsinlər” düşüncəsi ilə nümayişə xeyir-dua veriblərmiş. Amma səhv etdikləri açıq-aşkardır, serial kütlələrin inqilabi əhval-ruhiyyəsini qaldırmaqda davam edir. Artıq bir çox rayon və şəhərlərdə, icra başçısı termini “köhnəlib”(!), xalq onu AMACI ilə əvəz edib. Mən bu yaxınlarda Sumqayıtda olarkən, buna əmin oldum, sökülən bir obyekt ətrafında insanlar tez-tez Amaci kəlməsini işlədirdilər, bir neçə dəqiqə qulaq verdim və “Amaci istədiyini edəcək, Ilham Əliyevin tələbə yoldaşıdır, şikayət etmək yersizdir!” ifadəsini eşitdim. Məlum oldu ki, serialdan bir neçə ay sonra bu şəhərdə “icra hakimiyyətinin başçısı Eldar Əzizov”… “Sumqayıtın Amacisi” ilə əvəzlənib.
…O hadisədən sonra “Rabınya Izaura”dan sonra ilk dəfə… “Bu zalım dünyada doğulma” serialına arabir baxmağa başladım. Inandırıram sizi, məkandan başqa hər şey üst-üstə düşür. Amcinin Virpuru ilə Ilham Əliyevin Azərbaycanı arasında heç bir fərq yoxdur…
Virpurda (Hindistan Azərbaycanı – X.Ə.) bir Amaci fırtınası əsir, itaət etməyən, haqqını tələb edənlər zorakı bir cəza aparatı ilə qarşı-qarşıyadır. Rejissorlar sanki bu filmi çəkmək üçün bir neçə ay Azərbaycanda ezamiyyətdə(!) olublar. Hazırda serialda seçkiqabağı mübarizə gedir. Amaciyə müxalif namizədin fəaliyyətinin əngəllənməsi prosesinin ən xırda detalları belə Azərbaycandakı seçki kompaniyası ilə üst-üstə düşür. Məsum insanların axıdılan qanları Virpurda da, Bakıda da eyni motivlə bağlıdır – azadlıq və demokratiya tələbinə hər iki məkanda eyni alətlə – dəyənəklə cavab verilir.
Virpurdan fərqli olaraq, Azərbaycanda, Qubanın timsalında bir qələbə qazanılıb. Əhali Quba Amacisinə “dur” deməyi bacardı. Qubada səslənən şüarlarda, Amaci (!) əleyhinə şüarların səslənməsi, etirazçıların gülüşünə səbəb olsa da, etiraf etmək lazımdır ki, bu, onların əhval-ruhiyyəsinə müsbət təsir etmişdir.
Hələlik bir məqam diqqəti çəkir – Ilham Əliyevdən fərqli olaraq Amacinin sərəncamında Məzahir Pənahov kimi kadr yoxdur – o, seçkiyə daha həssas yanaşır, məsələləri qabaqcadan həll etmək istəyir. Seçkiyə alternativlə qatılan Amaci açıq-aşkar uduzacağından ehtiyat edir. Demək, seçki prosesi şəffaf keçəcək. Amma Amaci seçilməzsə, xalqdan qisas alacağını da gizlətmir. Demək, buna da şükr, heç olmasa bir çay qaşığı qədər də olsa, Virpur Azərbaycandan öndədir(!).
Serialdakı maraqlı məqamlardan biri də, qeyd etdiyim kimi, mərkəzi hakimiyyətdən gələn nümayəndələrin biganəliyidir. Istər-istəməz ölkəmizə gələn beynəlxalq missiya rəhbərləri yada düşür. Avropadan, demokratiyanın göbəyindən gəlib burada hər şeyin normal olduğunu dilə gətirirdilər. Doğrudur, hazırda belə hallar, demək olar, yoxdur, amma bir neçə il əvvəl, onların bəzilərinin bülbül kimi ötməsinə səbəbin nə olduğu anlaşılır. Çox güman ki, onların çoxuna hakimiyyətin verdiyi “disk” və “cibxərcliyi” burada əsas rol oynayıb, çünki dəyişən heç nə yoxdur, hər şey 15 il əvvəl necə idisə, indi də elədir.
Deməli, xarici missiya nümayəndələri, ehtiyat tədbirləri alaraq, buradakı hər hərəkətlərinə diqqət edirlər və Azərbaycanda olduqları vaxt dünyanın bütün naz-nemətlərindən imtina edirlər.
Qayıdaq seriala, onun bitməsinə hələ çox var, çox güman ki, iqtidar ideoloqları məhz bu seriala görə yaxında bütün xarici serialların nümayişini dayandırdı. Artıq MTRŞ (mırta yaradılmış – X.Ə.) sədri Nuşirəvən Məhərrəmli bəyan edib ki, “belə getsə, xarici serialların yayımı dayandırılacaq”. Sədrin müsahibəsi oxudum, amma “belə getsə” ifadəsinin izahını tapa bilmədim. Guya əvvəl-əvvəl “belə” getmirmiş!
Məlum serialdan sonra, “ara qarışıb”.
Yəni, Amacinin ifşasına “yol verməmək lazımdır”, sadə vətəndaşlar bundan ruhlana bilərlər, deyərlər ki, bizim palçıq evlərdə yaşayan, Virpur əhalisindən nəyimiz əksikdir, onların bacardığnı biz niyə bacarmayaq? Bizim də öz Amacimizə “yox” deməyin vaxtı gəlib çatmışdır.
Bəli, iqtidar yaman yerdə ilişib, serialı dayandırmaqla zülm etdiyini etiraf edəcək, nümayişə davam edilməsi ilə isə, xalq Amacinin şəxsində xalqa divan tutanların faciəsinə şahidlik edəcək…
Imkan verin, millət heç olmasa, uzaq Hindistanda ədalətin bərpasına sevinsin. Məgər onlar, buna da layiq deyillər?