Vicdan məhbusu xalqdan niyə üzr istədi?

Elnur Məcidli aldadılaraq əfv ərizəsi yazdığı və bundan imtina etdiyi haqda bəyanat yaydı

Martın 27-də “Facebook” sosial şəbəkəsində vicdan məhbusu Elnur Məcidlinin müraciəti yayılıb. Əlyazmasının fotoları da əlavə olunan müraciəti olduğu kimi təqdim edirik.

***

Yazaraq bildirirəm ki, 16.03.2012-ci il tarxidə hakimiyyət nümayəndələri tərəfindən bizə əfv ərizəsi yazmaq təklif olunub. Mən həmin əfv ərizəsinin ümumi razılıq əsasında, bütün vicdan məhbusları tərəfindən müraciət edildiyini düşünərək, yanlış qərar qəbul edib hakimiyyət nümayəndələrinin diktəsi ilə əfv ərizəsi yazmışam. Bundan dərhal sonra bu addımın yanlış olduğunu, hakimiyyətin əsas niyyətinin bizim aramızdan daha çox adama əfv ərizsəsi yazdıraraq və bu yolla da cəmiyyətdə siyasi məhbuslaraın əlehinə aparılan antitəbliğat üsullarını gücləndirmək, mübariz insanları sındırmaq, cəmiyyətdə bir növ xof yaratmaq məqsədilə istifadə olunduğumu anlayaraq bəyan edirəm ki, atdığım addıma görə əqidədaşlarımdan, hal-hazırda həbsdə olan silahdaşlarımdan, bu günə qədər bizi dəstəkləyən insanlardan, valideynlərimdən, bir sözlə, bütün azərbaycan xalqından üzr istəyirəm və yazdığım əfv ərizəsindən imtina edirəm.
 Mən öz əqidəmə sadiqəm, ömrümün sonuna qədər demokratiya, insan haqları uğrunda savaş aparacğıma, ölkəmizdə milli maraqların və milli dövlətçiliyin bərqərar olunması istiqamətində siyasi fəaliyyətimi davam etdirəcəyəm. Həbsdə olduğum müddətdə Sizlərin mənə və ailəmə göstərdiyiniz diqqət və qayğıya görə təşəkkürümü bildirir və ümid edirəm ki, hal-hazırda çətin durumda məni tək qoymacaqsınız, hər cür mənəvi dəstəyi əsirgəməyəcəksiniz.
 Bu günə qədər mənə bəslədiyiniz yüksək etimadı bundan sonrakı fəaliyyətimlə doğruldacağam.
Sonda (Sizlərin) fürsətdən istifadə edib Gənclərin Hüquqlarının Müdafiə Komitəsinin (GHMK-nin) 17 mart aksiyasını alqışlayıram. İctimai Palatanın 8 apreldə keçirməyi planlaşdırdığı ümumxalq mitinqini dəstəkləyirik. Milli-demokratik düşərgəyə öz adımdan və həbsdəki dostlarımız adından öz minnətdarlığımı bildirirəm.

Böyük hörmət və ehtiramla Elnur Məcidli
Xəzər rayonu Binə qəsəbəsi 17 saylı CÇM-si

26.03.2012