“Sərhədsiz Reportyorlar” təşkilatı bu il martın 1-də Qubada baş vermiş iğtişaşlarla əlaqədar regional “Xəyal” telekanalının əməkdaşları Vüqar Qonaqovla Zaur Quliyevin həbs olunmasını qəti şəkildə pisləyib.
Təşkilatın bununla bağlı bəyanatında deyilir ki, həmin şəxslər martın 22-də Nəsimi Rayon Məhkəməsi tərəfindən 2 ay müddətinə – istintaq dövrü – həbs olunublar. Onlar martın 13-də Qubada saxlanılıblar və rayon İcra Hakimiyyəti başçısının çıxışının Youtube-da yerləşdirilməsində ittiham olunurlar. Belə ki, bu çıxış yerli əhalinin narazılığına səbəb olub və iğtişaşlarla nəticələnib.
Qonaqov və Quliyev iğtişaşların təşkilində ittiham olunurlar. Onları 3 ilədək azadlıqdan məhrumolunma cəzası gözləyir. Onlar DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır, onların yanına müstəqil vəkillər buraxılmır. Belə ki, vəkil Elçin Sadıqov müqaviləsinin olmasına baxmayaraq, müdafiə etdiyi şəxsin yanına buraxılmır.
“Sərhədsiz Reportyorlar” istintaqın iğtişaşları törədən səbəbləri araşdırmamasından və Qubada baş verənləri qeydə alaraq ictimaiyyətə göstərən jurnalistlərin cəzalandırılmasından təəccüblənib.
Digər iki jurnalist – Zaur Mustafayev və Cəmil Məmmədli martın 13-də həbs olunublar. Onlar məsuliyyətə cəlb olunub və iğtişaşların çəkilişini kimin sifariş verməsi, icra başçısının qalmaqallı çıxışının İnternetdə yerləşdirilməsinə kimin təşəbbüs göstərməsilə bağlı dindiriliblər (contact.az).