Rasmussen Rusiyaya məsləhət verdi

“Pulu taktiki silahlardansa, xalqın rifahına xərcləyin”

NATO baş katibi Anders Foq Rasmussen Rusiyanın Avropada qurulacaq Raketdən Müdafiə Sisteminə qarşı taktiki silahlarla cavab vermək cəhdini “vəsaitlərin boş yerə xərclənməsi” kimi qiymətləndirib.

Brüsseldəki NATO mərkəzindən Moskvada təşkil edilən yığıncağa video konfransla qatılan Rasmussen Kremlə pulları xalqın həyat şəraitini yüksəltməyə xərcləməyi tövsiyə edib: “Uydurma düşmənə qarşı silahlanmağın büsbütün pul israfı olduğunu söyləmək istəyirəm. Bu pulun iqtisadi və sosial inkişaf üçün xərclənməsi daha yaxşı olar”.

Rusiya prezidenti Dmitri Medvedev ABŞ-ın liderliyi ilə NATO-nun Raketdən Müdafiə Sistemi qurmaq qərarının ardından Avropanın ortasında, Kalininqrad şəhərində taktiki İskəndər raketlərinin yerləşdirilməsi də daxil olmaqla bir sıra tədbirlərə göstəriş verib. Ötən həftə bu mövzuda danışıqlar üzrə zamanın daraldığı haqda xəbərdarlıq edən Medvedev ABŞ prezidenti Barak Obama ilə Seulda keçirdiyi görüşdə də tərəflərin mövqelərində hər hansı irəliləyiş təmin olunmadığını deyib.
Rasmussen isə raket qalxanının soyuq müharibə dövründə olduğu kimi Rusiyaya qarşı qurulmadığını təkrarlayaraq “Burada nə Rusiyaya qarşı, nə də Rusiyanın strateji mövqeyini təsirsiz hala gətirmək üçün hər hansı səy yoxdur. Biz ola biləcək raket hücumunu gerçək təhdid kimi görürük. NATO ölkələri olaraq cəmiyyətlərimizi bundan qorumaq istəyirik” deyib. Rasmussen Rusiyanı raket qalxanında iştiraka dəvət edib.

azadlıq.info