Kəmaləddin Heydərov nəqliyyat nazirinin avtobuslarına qadağa qoyub
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla nəqliyyat naziri Ziya Məmmədov arasında qarşıdurma davam edir. Uzun müddətdir ki, iqtisadi maraqlar üzündən qarşı-qarşıya gələn nazir-oliqarxların münasibətlərində gərcinlik səngimək bilmir. Son dövrlər Kəmaləddin Heydərov əsasən hücumda oynayır. Salyanda Ziya Məmmədovun qudası sabiq baş hərbi komissar, deputat Əliağa Hüseynova məxsus torpaqlara əl qoyulmasından sonra nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus “M-Trans” şirkətinə gömrükdə qadağa qoyulub.
Məlumat üçün bildirək ki, Salyanın icra başçısı Tahir Kərimov və gömrük komitəsinin sədri Aydın Əliyev Kəmaləddin Heydərova yaxın şəxslərdir. Salyandakı qarşıdurma ötən saylarımızda məlumat vermişdik. Gömrükdəki toqquşmaya gəlincə, bu barədə məlumatı “Yeni Müsavat” qəzeti yayıb. Məlumatda bildirilir ki, martın 19-dan 24-nə kimi Bakı Beynəlxalq Avtovağzalından Tiflisə hərəkət edən və nəqliyyat naziri Ziya Məmmədovun oğluna məxsus olan “M-Trans” şirkətinin sərnişin avtobusları Azərbaycanın Gürcüstanla sərhədindəki “Sınıq körpü” adlanan ərazidə, gömrük buraxılış məntəqəsində saatlarla gözləməli olublar. Azərbaycan gömrükçülərinin avtobuslardan tələbi pulla bağlı olub; adi günlərdə 100 manat verərək keçilən sərhəddə (avtobuslar üçün) alınan rüsum iki dəfə artırılıb. Buna etiraz edən sürücülər Bakıya – Nəqliyyat Nazirliyinə, Dövlət Gömrük Komitəsinə zəng vurub şikayət etsələr də problem həll olunmayıb. Gömrük işçiləri narazı sürücülərə bildiriblər ki, rəhbərliyin yuxarıdan gələn tələbi budur, hara şikayət edirsiniz, edin.
Bakının müxtəlif yerlərindən müştəri yığaraq Tiflisə gedən və digər şirkətlərə məxsus olan başqa özəl avtobuslara gömrükdə heç bir problem yaradılmayıb. Giriş-çıxış üçün üst-üstə 100 manat verən özəl avtobusların sürücüləri sərhədi problemsiz keçib gediblər. “M-Trans”a məxsus avtobuslar isə bu qadağa ucbatından hərəkət edə bilməyiblər.
Görünür, Kəmaləddin Heydərov Ziya Məmmədovun biznesinin bel sütunu olan nəqliyyat sektoruna sarsıdıcı zərbə endirməklə rəqibini daha da acınacaqlı duruma salmaq istəyir. Eyni zamanda bu, Kəmaləddin Heydərovun Qubanı ələ keçirmək cəhdlərinin qarşısının alınmasına cavab da ola bilər. Ötən saylarımızda bildirmişdik ki, Quba hadisələrindən sonra “fövqəlnazir” bu rayonu nəzarətə götürməyə çalışır. Lakin son anda yenə də Ziya Məmmədov qalib çıxdı və rayonu əlində saxlaya bildi. Ona görə də ehtimal etmək olar ki, “fövqəlnazir” Qubadakı məğlubiyyətinin əvəzini çıxır.