“İmam Hüseyn” məscidi sökülür?

Məscidin imamı Hacı Əbdül yayılan məlumatları inandırıcı saymır

Hakimiyyət “Eurovison” musiqi yarışmasından sonra “Sovetski” küçəsində evləri sökməyi planlaşdırır. Bu barədə “Gündəm Xəbər” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, həmin küçədə plana düşən tikililər arasında “Imam Hüseyn” məscidi də var.
Məlumatla bağlı “Imam Hüseyn” məscidinin imamı, “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdüllə əlaqə saxladıq. Hacı Əbdül məscidin söküləcəyi barədə onda heç bir məlumatın olmadığını bildirdi: “Məndə belə bir məlumat yoxdur. Bu barədə mənə heç bir xəbərdarlıq edilməyib. Bu məscid 18-ci əsrə aid memarlıq abidəsidir. Belə abidələrin sökülməsi qadağandır. Ona görə də bu barədə yayılan məlumatlar inandırıcı görünmür”. Təcrübə göstərir ki, Azərbaycan hakimiyyəti üçün sökmək istədiyi hansısa tikintinin memarlıq abidəsi olması az əhəmiyyət daşıyır. Qış bulvarı ilə bağlı sökülən binaların, həmçinin Neftçilər prospektində sökülən yaşayış binası da memarlıq abidəsi idi. Lakin hakimiyyət bunun fərqinə varmadı. Ona görə də söyləmək olar ki, eyni aqibət “Imam Hüseyn” məscidini də gözləyə bilər.