Əməkdaşımız «KredAqro»dakı intiharın izilə getdiyi Şəkidən hansı xəbərlərlə gəlib? (VİDEO)
Yaxınları Səadət Həsənovanın intiharının təfərrüatlarını «Azadlıq»a danışdı
Şəki sakini, “Sahibkar Qadınlar” MMC-nin təsisçisi 64 yaşlı Səadət Həsənova martın 15-də “KredAqro” Bank olmayan kredit təşkilatının mərkəzi ofisində özünü yandırıb. Onu 5 saylı xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb. Olaydan dörd gün sonra dünyasını dəyişib. “Azadlıq” olayı araşdırmaq üçün bankın mərkəzi filialında, Həsənovların Şəkidəki evində də oldu. Sən demə Səadət Həsənova sıradan birisi deyilmiş. O, eks-prezident Heydər Əliyevlə, indiki ölkə başçısı Ilham Əliyevlə, Fövqalədə hallar naziri Kəmaləddin Heydərovla, Kənd təəssüraftı naziri Ismət Abbasovla dəfələrlə görüşüb. Biz onun görüşdüyü şəxslərlə fotolarını da əldə etmişik. Bu barədə az sonra söhbət açacağıq…
Evə baxmadan 52 min dəyərləndirilib
Mərhumun oğlu Təyyar Həsənov deyir ki, anası təsadüfi adam deyil: “Onun məcburən özünə qəsd etməsi də təsadüfi deyil. Anamın özünün banka borcu olmayıb. Bütün hadisələr ata-anamın mənə aldıqları evin ətrafında baş verib. Mənim evimi 19 oktyabr 2007-ci ildə ”KredAqro”nun Şəki Filialı Vüqar Əliyevə verdiyi 35 min manata görə yüklü edib”.
Sən demə, 2007-ci ilin əvvəlində Təyyar Həsənova pul lazım olur. O, özünü hər yanda “Space” telekanalının jurnalisti kimi təqdim edən qonşusu Vüqar Əliyevə bankdan pul götürmək üçün zamin durmağı xahiş edir. Vüqar razı olur və Təyyar “Finca Azerbaican”ın Şəki filialından 2500 manat kerdit götürür. Kerditi vaxtı-vaxtında ödəyən Təyyar düz 9 aydan sonra Vüqarın qurduğu kələyin qurbanı olur.
Belə ki, Vüqar Təyyarla rayonun çayxanalarının birində görüşür. Ona kredit götürmək üçün kömək etməyi xahiş edir. Təyyar 9 ay əvvəl Vüqarın onun üçün zamin durduğunu yadına salır və razı olur. Vüqar deyir ki, “KredAqro”dan 3500 manat kredit götürməlidir. Yazıb oxumağı bilməyən Təyyar verilən sənədin birinə imza atır. Sonradan məlum olur ki, Vüqar 3500 manat yox, “KredAqro”dan 35 min manat götürüb: “Bu, iki ildən sonra bizə məlum oldu. ”KredAqro”nun Şəki filialı bizi “Ipoteka” adıyla məhkəməyə verdi. Biz Vüqarın evinə getdik ki, məsələni öyrənək. Vüqar hər şeyi boynuna aldı və səhv etdiyini dedi. Ona kömək etməyimizi xahiş etdi. Mən kreditin 5 min amnatını verdim, daha ardına gücüm çatmadı. Bizim başımız kreditə qarışanda o, adına olan bütün obyektləri qonşularının adına keçirdi. Halbuki mənim bir kağızda imzam var. Nə banka getmişəm, nə də evimə baxış keçirilib. “KredAqro” mənim evimi 52 min manata qiymətləndirib”.
“KredAqro”nun məhkəmə fırıldağı…
“KredAqro” məhkəmə qərarıyla Təyyarın evinə hücum edir. Evin sahibi gələnlərə bildirir ki, Vüqarın evini almaq lazımdır. Ancaq bankın işçiləri inadından dönmür: “Məhkəmə tez-bazar keçirilib. Bir dəfə məhkəmədə olmuşam. Onda da söz deməyə imkan vermədilər”.
Vəziyyətin arzuolunmaz səviyyəyə gəlib çatdığını görəndə Təyyarın dayısı Nizami Məsimov işə qarışır və o, Həsənovların nümayəndəsi kimi çıxış edir. Məlum olur ki, məhkəmə bankın xeyrinə qərar çıxarsa da zərərçəkmiş şəxsə qərardadın bir nüsəsini göndərməyib. Qanunun verdiyi imkanlardan istifadə edən Nizami Məsimov məhkəmənin yenidən keçirilməsini tələb edir və bu dəfə – 25 avqust 2011-ci ildə qalib gəlir.
Ancaq iş bununla səngimək bilmir. “KredAqro” məhz Təyyarın evini almaqda israr edir. Halbuki məhkəmə prosesləri zamanı Vüqarın evinin, adına 2 sot torpaq və bir neçə obyekt olduğu sübuta yetirilir. Baxmayaraq ki, Vüqar vaxtında obyektləri başqalarının adına keçirib. Bu azmış kimi “KredAqro” Təyyarın evini əvvəlcə 52 min manat qiymətləndirsə də sonra onu 12 min manata dəyərləndirir. Nizami Məsimov konsaltinq xidməti həyata keçirən “Sərraf” MMC-yə indi də Vüqarın adına olan 2 torpaq sahəsini qiymətləndirməsini xahiş edir. Məlum olur ki, iki sot torpağın ümumilikdə qiyməti 15 min manat edir. Ancaq “KredAqro” başqa konsaltinqin əliylə bu işi saxtalaşıdırır və torpaqların ümumi dəyərinin 7400 manat olduğunu bəyan edir.
Heç bir işin aşmadığını görəndə Həsənovlar mərkəzi ofisi də Nərimanov Rayon Məhkəməsinə verirlər.
Sahibkarın ölümlə hədələnməsi…
Bütün bu baş verənlərdən sonra Təyyarın anası Səadət Həsənova “KredAqro”nun Bakıda Həsən Əliyev prospekti 63 ünvanında yerləşən mərkəzi ofisinə baş çəkir. Rəhbərliklə görüşüb bütün hadisəni ona danışır. Xahiş edir ki, “KredAqro”nun Şəki filialı “Ipoteka”nı və Hərrac sənədlərinin ləğv etdirsin. Əvəzində Vüqarın iki sot torpağını alsınlar. Bankda ona bildirirlər ki, sövdələşməyə bir şərtlə razıdılar, o, şikayətlərini geri götürsün. Onlara inanan Səadət Həsənova şikayətlərini geri götürür. Ancaq bank razılaşmanı sonda pozur.
Təyyar Həsənov deyir ki, “KredAqro” bütün qaydaları pozur: “Mənim imzam yoxdur, evimə baxış keçirilmir, ancaq Vüqara külli miqdarda kredit ayırırlar. Azərbaycanda o qədər adam var ki, kredit almaq istəyir, lakin vermirlər. Çünki insanlardan o qədər sənəd tələb edirlər ki, onu gətirmək çox çətindi. Ancaq Vüqarla çox rahat anlaşa bilirlər. Çünki ”KredAqro”nun bu cür məsələlərdə marağı var”.
Bu qədər işlərdən sonra Səadət Həsənova bir neçə dəfə “KredAqro”nun Şəki filialında və mərkəzi ofisində olur. Hansı ünvana üz tutublarsa, bir-birinin üstünə atıblar. S.Həsənova sonuncu dəfə martın 14-də Şəki filialında olur. Ona heç bir kömək edə bilməyəcəklərini deyirlər. Çarəsiz qalan Səadət Həsənova ailəsindən xəbərsiz Bakıya gəlir. Mərkəzi ofisdə müdirlə görüşmək istəyir. Ancaq ona bildirirlər ki, rəhbərlik onunla görüşmək istəmir. Bunu görəndə elə ofisin ikinci mərtəbəsində üstünə benzin tökərək özünü yandırır. Onu 5 saylı xəstəxanaya aparsalar da yalnız 4 gün yaşaya bilir və martın 19-da səhər saatlarında dünyasını dəyişir.
Vüqarın “vüqarı”…
Sədaət Həsənova xəstəxanada olan zaman müstəntiqlərə ifadəsində və övladına dediyinə görə, dəfələrlə bu işlə bağlı ona hədə-qorxu gəlinib. Təyyar deyir ki, Vüqarın atası bir neçə dəfə onu və anasını hədələyib: “Vüqarın atası anama deyib ki, geri çəkilməsə boğazını üzəcək. Vüqar özü də anama deyib ki, tezliklə azadlığa çıxacaq”.
Vüqar hazırda Gəncə Istintaq təcridxanasında saxlanılır. Onun haqqında Şəkidə olan zaman xoş sözlər eşidə bilmədik. Məlum oldu ki, indiyə qədər 2 dəfə məhkum olunub, ancaq az sonra azadlığa çıxıb. Bundan əlavə, rayonda 30-a yaxın adama kələk gəlib. Iş o yerə çatıb ki, o, başqa adamın kimliyinin surəti ilə hətta bankda sənədlərdə imza olmadan kredit götürməyi bacarıb…
Ramin DEKO,
Bakı-Şəki-Bakı
ardı var…
* Səadət Həsənova Heydər Əliyevlə necə görüşüb?
* Onun Ilham Əliyevlə söhbəti necə olub?
* Kəmaləddin Heydərov Səadət Həsənovanın nəyə görə müştərisi idi?
* Bir çox nazir və deputatlarla şəkili xanımı hansı tellər bağlayır?
Bu və başqa sualların cavabını “Azadlıq”ın növbəti sayında oxuyacaqsınız.
Bizi izləyin…