Hanı İlham Əliyevin «sürətlə inkişaf edən ölkə»si?!
Balakən ölkənin başqa rayonlarından fərqlənmir. Problemlər eynidir. Əhali işsiz-gücsüz, problemlər saysız. Dərdi, hər yerdə olduğu kimi, eşidən yoxdur. Yeganə ümid qəzetlərə qalır ki, hər kiçik informasiya, rayonla bağlı hər yazı əl-əl gəzir. Amma yerli sakinlər bu yazılanlarla yetərlənmir, daha artıq danışmaq, daha artıq eşidilmək istəyirlər.
Qəzetimizə müraciət edənlərdən N.Qazıyev bu ölkədə şikayət etmədiyi yer qalmadığını deyir, ancaq hər dəfə də Icra hakimiyyətinin işçilərinin və hərbi xidmətdə olmayan təhsil şöbəsinin müdirinin onun başının altına yastıq qoyduğunu bildirir.
“Qarabağda döyüşlər gedəndə qaçıb gizlənənlər indi icra nümayəndəsi, bələdiyyə sədr olublar. Belələri icra hakimiyyətinin ”sevimlilərinə” çevriliblər.
Icra başçısı guya rüşvət almır, ancaq hər icra nümayəndəsinə və idarə rəhbərlərinə deyir ki, “mən səndən pul almıram, get kənddə, filan yerdə bu dəyərdə işi gör”. O, kənd icra nümayəndəsini 10-15 min manat xərcə salır. Nümayəndə də bunu camaatın canından çıxarır. Özünü peyğəmbər kimi göstərir, əslində daha bol rüşvət alır, daha çox pul yığır. Guya bura korlar şəhəri, biz isə kor sakinlərik… Yollara 3-4 maşın qum töküb dəfələrlə artıq pulu mənimsəyirlər. Rayondakı çox bahalı maşınların hansı pullarla alındığını hər kəs bilir. Bu rütbəli məmurların qudurğan uşaqları bahalı “cip”lərlə rayonda “at oynadıb, tozanaq qaldırır”.
Ilk baxışdan mədəni adam təsiri bağışlayan icra başçısı, əslində ətrafdakı və yerlərdəki köhnə məmurların dediyi ilə oturub-durur. Belə görünür ki, öz sözü, öz mövqeyi yoxdur. Olsaydı, dəfələrlə kəndimizin və şəxsən özümün problemim barədə yazdım, şikayət etdim, ancaq bir kor quyuya daş atılmış kimi səs çıxmadı. Guya yalnız mənim işlədiyim, “Uşaq Yaradıcılıq Mərkəzi”ndə saxta dərnəklər, ölü canlar var. Əslində, hər məktəbdə belə və bundan pis vəziyyətdir.
Bu məmurlar elə düşünürlər ki, yalnız bunların ailəsi var və onlar mütləq yaxşı yaşamalıdır. Biz isə kol-kosla da dolana bilərik. Hara əl atsaq, hansı işə yanaşsaq, o işin altından bir məmurun başı çıxır. Ötən il birtəhər dolanmaq üçün Gürcüstandan şaftalı, banan gətirib satmaq istədik. Gömrükdə başımıza elə oyun açdılar ki, bu işə “tüpürməli” olduq. Kim bilmir ki, hər bir meyvə hansısa vəzifəli şəxslərdən birinin monopoliyasındadır… Bəs əhalinin əksəriyyətini təşkil edən bizlər necə və nə ilə dolanmalıyıq?
Narkotika satanlar “cip”lərdə elə gəzirlər, sanki yerin-göyün sahibi bunlardır. Hamı bunu görür və bilir illərcə tanıdığım xətir-hörmət saxladığım birisi yağlı vəzifəyə oturandan sonra elə bilir ki, Əliyevlər də, bu kreslo da əbədidir. Ancaq yanılırlar. Kimsə Qubanı unutmasın, təkcə orada deyil, elə hər yerdə, lap elə Balakəndə də camaat cana doyub, boğaza yığılıb.
Birisi söyə-söyə, döyə-döyə pul yığırdısa, bir başqası özünü “mələk kimi” göstərərək daha betərin soyur. Fərqi nədir? Hər ikisi bizi soyur.
Kiçik bir təşkilatda “ölü can”, saxta diplom axtaran bu məmurlar, mədəniyyət şöbəsində olanları, Təhsildə baş verənləri niyə görmürlər?!
Balakən mərkəzdən uzaq olsa da, bura korlar şəhəri deyil! Əgər kimsə görmürsə, yaxud görmək istəmirsə, oturduğu yumşaq kreslodan qalxsın və sadə camaat arasına, sıravi vətəndaşlarla birlikdə bir stəkan çay içsinlər. Əlbəttə, bunlar bizi adam yerinə qoyub, çayçıda oturmazlar. Çünki onlar bahalı maşınlarda gəzməyə, bahalı restoranlarda yeyib-içməyə öyrəniblər. Ancaq unutmasınlar ki, bir müddət qabaq Qubanın özündən razı və ədabaz Icra başçısı da belə idi. Onu “çox pis halda qovdular”. Balakəndəkilər özlərini heç də yaxşı vəziyyətdə hesab etməsinlər. Burada da camaatın səbri tükənir. Yollara baxıb utanmırlar? Elə bil bura Ilham Əliyevin dediyi “sürətlə inkişaf edən ölkə” deyil”.
Elçin Ismayıllı


