«Sədərək» bazarının hüquqşünası məlumatın əsassız olduğunu bildirir
“Sədərək” Ticarət Mərkəzinin bağlanması barədə məlumatlar əsassızdır”. Bu sözləri “Azadlıq”a “Sədərək” Ticarət Mərkəzinin hüquq şöbəsinin müdiri Azər Ibrahimov bildirib.
Onun sözlərinə görə, “Eurovision” Mahnı Müsabiqəsinə görə ticarət mərkəzinin bağlanmır, əksinə ölkəyə gələn turistlərin rahat alış-veriş etməsi bazarda ciddi hazırlıq işləri görülür: “Mənə aydın deyil ki, bu məlumatı hansı məqsədlə yayıblar. Amma sizi əmin edirəm ki, belə bir məsələ yoxdur. Biz ticarət mərkəzində ciddi hazırlıq işləri görürürük ki, bazarı genişləndiririk və s”.
Xatırladaq ki, gunxəbər.com saytı məlumat yayıb ki, may ayının 1-də “Sədərək” və “Binə” bazarları bağlanacaq. Sayt məlumatı adıçəkilən bzarlarda işləyən sahibkarlara istinadən yayıb. Sahibkarlar bildirib ki, bazarların bağlanması “Eurovision”a görədir. Onlar deyib ki, adıçəkilən bazarları bağlamaqda əsas məqsəd tıxacların qarşısını almaqdır: “Bir neçə sahibkar yığışıb, bazar rəhbərliyi ilə görüşdük. Dedik ki, obyektlər bağlanan müddətdə biz işsiz qalacağıq, həmçinin satıcılar narazıdır. Onlar da bizə bildirdilər ki, qərar qətidir, bazarlar müvəqqəti olaraq bağlanacaq. Səbəb kimi yolların tıxac olmasını göstərdilər”.
Məlumatla bağlı “Binə” bazarının da rəhbərliyi ilə əlaqə saxlamaq istədik. Lakin cəhdlərimiz baş tutmadı.