Azərbaycan sürüşüb aradan çıxır, xəbəriniz olsun

Uzun-uzadı araşdırmaların, internet axtarışlarının-zadın nəticəsi deyil indi xatırladacaqlarım.
Sadəcə, son ayların xəbər lentindən ağlıma gələn və qarşıma çıxan seçmələrdir bunlar:
– Qubada torpaq sürüşməsi: 11 ev dağılıb, onlarla evin sakinləri evakuasiya olunub;
– Bakının Nizami rayonunda, Elşən Süleymanov küçəsində torpaq sürüşməsi qeydə alınıb, iki çoxmərtəbəli yaşayış binası təhlükə ilə üzləşib;
– Yenə Bakıda, Xətai rayonunda torpaq sürüşməsi baş verib, iki binanın sakinləri köçürülüb;
– Bayıldakı sürüşmə zonası yenidən fəallaşıb;
– Ağsu aşırımı sürüşməyə başlayıb, Ağsu-Ismayıllı yolu bağlanıb;
– Şamaxının Muğanlı kəndində torpaq sürüşməsi qeydə alınıb.
Hələ bunlar nədir ki?
Bakıda – Nəsrəddin Tusi-Gəncə prospekti arasındakı yamacda illərdir passiv olan, köhnə bir sürüşmə sahəsi də, ağlına nə yerləşibsə, beyqəfil aktivləşməyə başlayıb.
Qısası, Azərbaycan sürüşür. Elə bir gün yoxdur ki, ölkənin harasındansa bir sürüşmə xəbəri gəlməsin.
Kim bilir, bəlkə də bu ölkə sürüşə-sürüşə bir gün gedib Avropanın tən ortasına çıxdı. Beləcə, bir Avropa ölkəsi olmaq xəyallarımız gerçəkləşdi bəlkə də.
Bəlkə də tam tərsinə – Azərbaycanın idarə olunduğu zehniyyətə tam layiq şəkildə sürüşə-sürüşə Afrikanın göbəyinə yerləşdik, kim bilir.
Demək çətindir. Yeganə bəlli olan isə ölkənin bir ucdan sürüşməsidir. Sürüşə-sürüşə aradan çıxır bu ölkə sanki.
Bəlkə də baxır ki, bizdən onu bunca hüquqsuzluğun, zülmün…
Bunca işğalın, istilanın…
Bunca soyğunçuluğun, talanın, bunca saxtakarlığın, yalanın əlindən xilas edən olmayacaq…
Bəlkə baxır ki, bizdən onu bir ailənin müstəmləkəsinə, bir dəstə mafiozun bostanına, əkin-biçin yerinə çevrilməkdən azad edən olmayacaq, ona görə də özü Əliyevlərin əlindən qaçmağa qərar verib, kim bilir.
Bəlkə də sürüşə-sürüşə Ilham Əliyev hakimiyyətindən qurtulmağa, ondan yaxasını qurtarmağa çalışır Azərbaycan, hardan bilək?
Hər halda, bir ölkə Allahın verən günü sürüşürsə, bir ölkədə torpaq həftə səkkiz, mən doqquz adamın ayağı altından qaçırsa, bunun bir səbəbi olmalıdır. Həm də ciddi bir səbəbi olmalıdır.
Taksi sürücülərinə xəbərdarlıq
Dünən “Azadlıq” radiosu taksi sürücülərinin yeni etiraz aksiyasına hazırlaşmasını xəbər verdi. Gözəl. Hətta çox gözəl. Hazırlaşsınlar.
Bu ölkədə hər kəs haqqını aramayınca, hər kəs üzləşdiyi ədalətsizliyin hesabını soruşmayınca, hər kəs baş verənlərə görə başbilənləri sorğulamayınca, onlardan hesab istəməyincə Azərbaycanda haqq və ədalətin bərqərar olması müşkül məsələdir. Etiraz – ümumi işimizdir.
Amma taksi sürücüləri etiraz aksiyasına hazırlaşarkən 8 aprel mitinqini də unutmasınlar. O mitinqə hər kəs dərdini, qayğısını, narazılığını, təpkisini, öfkəsini götürüb gəlməlidir, taksi sürücüləri də həmçinin.
Bu bir tərəfə qalsın, amma “Azadlıq” radiosunun xəbərində taksi sürücülərinin məcburiyyət qarşısında qalıb “taksovatlıqla” oğurluq yolla məşğul olduqlarını söyləməsi daha çox diqqətimi çəkdi mənim.
Nahaq! Çox nahaq!
Məşhur bir məsəldə deyildiyi kimi, “oğurluq etməyin, çünki hakimiyyət rəqabəti sevmir”.
Indi taksi sürücüləri də oğurluq yolla işləyərsə, qarşıda onları daha ağır aqibətin gözlədiyini bilməmək çətin deyil. Bəlli, Azərbaycanda oğurluq da bir növ monopoliyadadır, bu işlə ölkədə sadəcə, iki-üç familiyadan ibarət bir ovuc adam məşğuldur, onların bostanına girənləri isə əsla bağışlamırlar.
Məndən söyləməsi, sonra taksiçilər “bizə niyə demədiniz?” deməsinlər.
Su məsələsi
Bilirsiniz ki, bu hakimiyyətə güldən ağır söz deyən kimi, bizi erməni dəyirmanına su tökməkdə günahlandırırlar.
Günahlandırsınlar, öz işləridir.
Amma bunu da bilsinlər: sayələrində Bakının mərkəzindən azacıq qıraqdakı hər kəs kimi, mən də günlərdir yaşadığım ərazidə içməyə və çimməyə su tapmıram.
Yəni, su olsa, çimərəm, daha onu erməni dəyirmanına niyə tökürəm ki?
Ümumiyyətlə, siz nə vaxt bizə düz-əməlli su verdiniz ki, biz də aparıb onu erməni dəyirmanına tökək.