APOEL sensasiya, “Çelsi” özünü sübut arzusunda

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilir. Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirində debüt mövsümündəcə inamlı çıxışı ilə diqqəti cəlb edən APOEL növbəti sınağında yenə sensasiya arzusundadır.

Ancaq onu nəzərə alaq ki, bu dəfə rəqib çox güclü – turnirin ən çox qalibi olan Madrid “Real”ıdır. Təbii ki, bu cütdə aşkar favorit olan ispanların elə səfərdəki ilk oyunda mərhələ adlamaq vəzifəsini yerinə yetirəcəyi gözlənilir. Bu mənada evdə daha yaxşı oynayan kiprlilərin indi hansı nəticəyə imza atacaqları maraqla gözlənilir.

Günün digər oyununun isə gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir. Düzdür, burada da favorit qonaqlar olsa da, meydan sahibləri sıradan komanda deyil. Hər halda, “Benfika”nın cari mövsümdə qeyri-sabit çıxış edən “Çelsi”yə çətin anlar yaşadacağı gözlənilir. Özü də Portuqaliya təmsilçisi evdə cari mövsümdə uduzmadığından, londonlulara asan olmayacaq.

Hər halda, “Benfika”nı çox yaxşı tanıyan portuqaliyalı baş məşqçisi Andre Villaş-Boaşı istefaya göndərəndən sonra italiyalı Roberto Di Matteonun başçılığı altında 1/4 finala çıxan “Çelsi” özünü sübut arzusundadır.

27 mart

23:45. APOEL (Kipr) – “Real” (İspaniya)
23:45. “Benfika” (Portuqaliya) – “Çelsi” (İngiltərə)