
Bazar günü separatçı rejim Cənubi Osetiyada təkrar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası bülletenləri 100% sayıb. Bu seçkilərdə heç bir namizəd lazımi qədər səs yığa bilməyib. Gözləndiyi kimi prezident ikinci turda müəyyənləşəcək. İkinci turda Cənubi Osetiya KQB-nin sədri Leonid Tibilov və İnsan Hüquqları üzrə müvəkkil David Sanakoyev mübarizə aparacaqlar. Nəticələrə görə Tibilov 42,48%, Sanakoyev 24,58%, yığıb. Cənubi Osetiyanın Rusiyada səfiri 23,79% səs yığan Dmitriy Medoyev, Kommunist partyasının lideri Stanislav Koçiyev 5,26% səslə yarışdan kənar qalıb.
“Kommersant” qəzeti yazır ki, təkrar seçkilərdə iştirak edən Dmitriy Medoyev “kremlin namizədi” kimi tanınırdı. Müvəqqəti prezident vəzifələrini icra edən baş nazir Vadim Brovsev onun qələbəsi üçün əlindən gələni etmişdi. Cənubi Osetiyada son zamanlar istənilən hakimiyyətə mənfi yanaşırlar. Belə münasibət prezidentlik haqqı əlindən alınmış Alla Cioyevanın ağır vəziyyəti və ölkədəki iqtisadi tənəzzüldən sonra yaranıb.
azadliq.info