Salyanda gərginlik artır

İcra başçısı Tahir Kərimovun qanunsuz əməlləri yaxın günlərdə sakinlərin ayağa qalxmasına səbəb ola bilər

Salyan rayonunda gərginlik artır. Rayondakı mənbələrin qəzetimizə verdiyi məlumata görə, icra başçısı Tahir Kərimovun qanunsuz əməlləri artıq Salyan camaatının səbr kasasını daşırmaq üzrədir.
Məlumata görə, Tahir Kərimlinin apardığı torpaq “islahatları”, sahibkarların fəaliyyətinə maneələr yaratması, yerli kadrları özünə yaxın şəxslərlə əvəzləməsi və nəhayət təşkil etdiyi “açıq mikrofon”da “mən salyanlıların atasıyam” fikrini səsləndirməsi camaatı bərk hiddətləndirib. “Çox böyük ehtimalla yaxın günlərdə Salyan sakinləri aksiyalara başlayacaq”, – deyə rayondakı mənbələr bildirib.
Məlumatlarda o da vurğulanır ki, Ilham Əliyevin Salyana səfəri də əhali tərəfindən narazılıqla qarşılanıb: “Ölkə başçısı rayona demək olar ki, gizli gəlib getdi. Əhali ilə görüşmədi, onların dərd-sərini dinləmədi, problemlərlə maraqlanmadı. Bu da ciddi narazılığa səbəb olub”.
Bildirilir ki, Tahir Kərimovun qanunsuzluqları bələdiyyələrin də canının boğaza yığıb. “Icra başçısı bələdiyyələri məcbur edir ki, nohur balığı yetişdirənlərdən haqq alsınlar. Hazırda nohur balığının yetişdirilməsi üçün 1200 hektar ərazi var. Icra başçısı hər hektar üçün 200 manat, suvarma üçün isə 150 manat pul tələb edir. Tahir Kərimov bildirib ki, hər ay bu pul yığılmalıdır. Yığılmayacatı təqdirdə nohur balığı yetişdirilən ”dambalar” dağıdılacaq. Bələdiyyələr bilir ki, bu pul büdcəyə köçürülməyəcək. Sabah hər hansı problem yarananda isə məsuliyyət onların üzərində qalacaq. Ona görə də narazılıq edirlər”.
Daha bir məlumat isə Tahir Kərimovla Salyanın əvvəlki  icra başçısı Əliağa Hüseynov arasındakı ziddiyyətlərin səbəbləri ilə bağlıdır. Məlumatlara görə, Əliağa Hüseynov hələ icra başçısı olmamışdan əvvəl qudası Ziya Məmmədov ona Dünya Bankının maliyyə yardımı ilə inşa edilən Ələt-Astara yolunun xəritəsini təqdim edib. Nazir Əliağa Hüseynova məsləhət görüb ki, layihəyə düşən torpaq sahələrini alsın. Çünki bu  milyonlarla manat kompensasiya deməkdir. Əliağa Hüseynov da qudasının məsləhətinə qulaq asaraq həmin əraziləri ucuz qiymət sakinlərdən alıb. Artıq layihənin icrasına başlanılıb.
Yeni icra başçısı Tahir Kərimov müşahidə apararaq görüb ki, layihəyə düşən torpaq sahələrinin əhəmiyyətli hissəsi Əliağa Hüseynov və onun yaxın adamlarına məxsusdur. Və məsələnin nə yerdə olduğunu dərhal anlayıb. Bundan sonra Əliağa Hüseynovla konfliktlər başlayıb. Tahir Kərimov hesab edir ki, Əliağa Hüseynovun “kompensasiya əməliyyatından” ona da pay düşməlidir.

Azad