Bu ilin axırına qədər Rusiya paytaxtında iyirmiyədək bazar bağlanacaq
Moskva hökuməti 2012-ci ildə paytaxtda onlarla bazarı bağlamaq niyyətindədir. Bu barədə Moskva meri Sobyaninin ticarət və xidmətlər üzrə müavini Mixail Orlov bildirib. Orlovun bildirdiyinə görə, 2013-cü ilədək paytaxtda cəmi 48 bazar fəaliyyət göstərəcək və tədricən onlar da bağlanacaq. Bazarların bir çoxunun yerində parklar salınacaq, əksər bazarlar isə avtomobil dayanacaqlarına çevriləcək.
Məlumatda deyilir ki, bu həm də Moskvada tıxacların qarşısını almağa kömək edəcək.
Bağlanan bazarlar arasında “Çerkizovo”dan sonra iki ən böyük əşya və kənd təsərrüfatı bazarları olan “Lujniki” və “Prajski” bazarları da var.
Dünən Moskvadakı mənbələrimizlə əlaqə saxlayarkən o da aydın oldu ki, hazırda həmin bazarda çalışan azərbaycanlılar işləmək üçün alternativ variantlar axtarırlar. “Ola bilər ki, soydaşlarımız Ukrayna və Belarusa üz tutsunlar. Ya da tikinti və xidmət sektorunda iş tapsınlar. Amma sonuncu variantlar az ağlabatandır”.
Mənbənin dediyinə görə, bağlanan bazarlarda təkcə rəsmi qeydiyyat vərəqəsi olan minlərlə minlərlə azərbaycanlı çörək qazanır. “Unutmayaq ki, qeydiyyatı olmayan azərbaycanlıların sayı daha çoxdur. Bu isə o deməkdir ki, on minlərlə həmyerlimiz işsiz qala bilər. Onlar ya Azərbaycana qayıtmalı, ya da qonşu respublikalara üz tutmalıdır” deyə mənbə bildirir.
Mürsəl


