Misirdə yeni inqilab xəbərdarlığı

“Müsəlman Qardaşları” ölkənin hərbi hakimiyyətini devirməklə hədələdi

Ötən ilin əvvəllərində 17 günlük xalq etirazları nəticəsində devrilən Hüsnü Mübarək rejimindən sonra Misirin müvəqqəti idarəçiliyini ələ alan Ali Hərbi Şuranın özü devrilmək təhlükəsiylə üzləşib. Hərbi Şura hökumətə etimad məsələsini parlamentdə qaldırmağa hazırlaşan “Müsəlman Qardaşları” tərəfindən qurulan Azadlıq və Ədalət Partiyasına “Qənzuri hökumətini devirərsəniz biz də Konstitusiyaya zidd olması səbəbiylə parlamenti ləğv edərik” xəbərdarlığını ünvanlayıb. Azadlıq və Ədalət Partiyası hərbçilərin bu təhdidinə “lazım olsa yenidən inqilab edərik” cavabını verib.

“Müsəlman Qardaşları” yaydığı açıqlamasında ölkənin keçid dövründə indiyə qədərki zaman ərzində anlayışlı davrandığını bildirməklə yanaşı Hərbi Şuranın göstərilən müddətdə səlahiyyətlərini təhvil verməsinin lazım olduğunu vurğulayıb. Açıqlamada deyilir ki, Qənzuri hökuməti çox ciddi uğursuzluqlara yol verib. Mövcud hökumətin istefa verməsi üçün çoxlu sayda əsaslı səbəblər var:“Bəziləri köhnə rejimin yenidən qurulmasına can atır. “Müsəlman qardaşları” isə yeni bir inqilab etmək üçün hazırdır”.

azadlıq.info