Fahişəlik həyat norması kimi

Azərbaycan hakimiyyətinin onu tənqid eləyən jurnalistlərə nifrəti ifratdı. Kimi öldürürlür, kiminin cibinə heroin atılır… kiminin şəxsi-intim həyatıyla bağlı gizli kameralarla çəkilmiş videolar yayılır… Onların qisas vasitələri bitib-tükənmir, lakin bir şey də göz qabağındadı ki, bunların hamısı son dərəcə primitiv, hamının başa düşəcəyi şəkildə açıq olur. Onlar sanki şübhələri qəsdən öz üzərlərinə yönəltməyə çalışırlar. Istəmirlər ki, kimsənin gümanı ayrı yerə getsin. Xof yaratmaqdı məqsəd.
Yalandan suçlamaq üçün gərəkən obyekt isə əl altındadı – Iran. Bəli Iran! Öz ağıldan-bəla ayətullahlarının fitvaları və s. və i.a. Irandan bu məqsədlə yararlanmaq üçün tam imkan yaradır. Kim yuxusunu qarışdırsa, bunu asanlıqla Iranın üstünə atmaq olar.
Rəsmi senzuranın olmadığı bir ölkədə senzuraya aid durum, əslində mətbuat üzərində senzuranın mövcud olduğu ölkələrdən daha kəskin şəkildədi. Yəqin çoxlarına sirr deyil ki, ən dəhşətli senzura insanın özünün özünə tətbiq etdiyi senzuradı. Bu qədər amansızlığın qarşısında duruş gətirmək asan deyil, adam bir də ayılıb görür ki, artıq öz içində Ilham Əliyev-Ailə adlı bir senzor oturub və artıq o adamı özü və özünün ideyaları, amalları deyil, onlar idarə edirlər…
Hakimiyyətin bütün iyrənc hərəkətləri xalqın avamlığına, cahilliyinə, şişirdilmiş üzəvari, şikəst əxlaq ehkamlarına dayanır. Bəli, sirr deyil ki, bu hakimiyyətin formalaşdırdığı cəmiyyət hansısa ictimailəşmiş şəxsin sıradan yataq səhnəsini özünün mənən alçaldılmasından, rüşvətdən, korrupsiyadan daha əxlaqsız sayır. Sanki onun-bunun yataq otağına, unitazına burnunu soxub, onun-bunun intim yerlərini müşahidə eləyənlər və onu öz Tv kanallarında, saytlarında yayanlar hansısa yad bir planetdən gəliblər, cinsi əlaqələr onların bioloji varlıqlarına yaddı, sevgidən, sevişmədən xəbərləri yoxdu, uşaqlarını isə mütləq leyləklər gətirib. Yoxsa onların cinsiyyət üzvləri belə yoxdu? Bəlkə elə buna görə də unitazlara, yataq otaqlarına soxulub belə səhnələri lentə alırlar. Psixiatriyada bu cür adamlar haqda ciddi psixi pozuntusu olanlar kimi danışılır, müalicə üsulları göstərilir. Əziz Nesinin adını unutduğum, sonu faciəylə bitən bir hekayəsi məhz belə xəstələrdən bəhs edir.
Hakimiyyətə məxsus bu xəstəliyin iyrənc olmasını PA yetgilisi Elnur Aslanov da təsdiqləyir: “Bu çirkli işlərin arxasında duran şəxslərin tapılıb ifşa olunması üçün…”. Hər halda biri gördüyü murdar əməli boynundan atıb onu iyrənc adlandırırsa, elə bil rüsvayçılıq kəndirini öz boynuna keçirir və bütün söyüşləri öz üzərinə götürür.
Sevindirici olan isə budur ki, hakimiyyətin bu cür hər yeni iyrənc əməli onu bir az daha gözdən salır və iyrəncliyini ortaya qoyur, cəmiyyəti, qarşı-qarşıya qoyulan qüvvələri daha sıx birəlşdirir. Görkəmli alim və ziyalı Rafiq Əliyevin vəzifəsindən kənarlaşdırılmasında belə olmuşdu. Bunun əvəzini çıxmaq üçün Rafiq Tağının qətliylə tərəfləri bir-birinə vurdular. Dəyərli jurnalist Xədicə Ismayılova ilə bağlı hadisə isə cəmiyyəti təsəvvür edilməyəcək dərəcədə birləşdirdi. Hətta ən mühafizəkar dindar kəsimlər belə, diqqəti kiminsə şəxsi həyatına deyil, qanunsuzluğa, iyrəncliyə çəkdilər. Bax, buna deyərəm qlobal ağıl, zehn açıqlığı. “Gen qaz, dərin qaz, sonunda özün düşərsən” buna deyirlər.
Hər şey bir yana, siz bunlardakı xəstə zehniyyətə bir baxın – guya hakimiyyətə müxalif olan hər kəs rejim süquta uğrayana kimi, ayaqlarının arasından iri bir qıfıl asıb gözləməli, cinsi pəhriz saxlamalıdı. Fahişəlik – rüşvətxorluq isə günü-gündən çiçəklənməli, həyat normasına çevrilməlidi. Azərbaycan xalqı bunumu istəyir? Heç güman etmirəm.