Çingiz Qənizadə kimə vəkillik edir?

«Şəxsi marağını güdəni, hoqqabazlıq edəni hamı yaxşı tanıyır»

Çingiz Qənizadənin “seçicilərlə görüşü” barədə mərhum Imişli sakini Rabil Hüseynov ona ünvanladığı açıq məktubda hələ də yaddaşlardan silinməyən qiyməti verib: “Özünü xalqın adamı, əsl millət vəkili kimi təqdim etmək üçün yerli icra nümayəndələrinin, büdcə vəsaitini talayan məmurların vasitəsi ilə adam toplamaq, operatorlar tutub geniş konsert salonlarını dörd bir tərəfdən lentə aldırmaq, ”Yeni Müsavat”da özünü reklam etdirmək – bunlar artıq keçmir. Amma pisi odur ki, ölkə başçısının da, ombudsmanın da bölgələrə səfəri görüntü yaratmağa hesablanır, Siz də bu yolu seçmisiniz. Əslində Siz müstəqil olaraq başqa yol da seçə bilməzsiniz – Sizi seçənlər gedəcəyiniz yolu da göstərib…” (“Azadlıq” qəzeti, 4 iyun 2011-ci il).

Bayram günləri ərəfəsində Imişlidə, rayonun bir qrup sakininin keçirdiyi aclıq aksiyası yerli və mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən daha çox deputat Çingiz Qənizadənin narahatlığına səbəb olub və dərhal hakimiyyətin sözçüsü kimi mətbuatda gedən yazılara reaksiya verib.
Yalan danışmaqdan, yarınmaqdan, yaltaqlanmaqdan utanmayan insanlar bir qayda olaraq məsuliyyətsiz bəyanatlar səsləndirir. Sözə bir baxın: “Son günlər mətbuatda 4-5 nəfərin yeni ev tikilməsi tələbi llə guya aclıq aksiyaları keçirməkləri ilə bağlı bəzi maraqlı şəxslər tərəfindən mətbuata ötürülmüş informasiyalar qərəzlidir”. Adam sonradan aclıq aksiyası keçirənlərin ad-soyadlarını və yaşayış yerlərini qeyd edir, deməli, “guya” deməklə şübhə altına alınsa da, bu aksiyaların keçirilməsi danılmır. Etirazçıların konkret tələbi olub: təbii fəlakətin təsirinə məruz qalmış yaşayış evlərinin dövlət hesabına tikilməsi. “Mən onların istəklərinə, yeni evə sahib olmaq arzularına hörmətlə yanaşıram”. Hörmət beləmi olur? Niyə Ç.Qənizadəyə elə gəlir ki, onun kimi bu adamların da müstəqil fikri, mövqeyi, qərarı ola bilməz? Dövlət hesabına yeni ev tikilməsi tələbi ilə Imişli RIH-ə edilən müraciətlərin sayı 5 minədəkdir və onların yazılmağında maraqlı şəxlər də yalnız o müraciət müəllifləri, onların ailələridir. Əgər bu adamlardan başqa məqsədlər üçün istifadə edilsəydi, daha ciddi, geniş rezonans doğuran aksiyalar təşkil oluna bilərdi. Təbii fəlakətin təsirinə məruz qalan Salyan, Sabirabad, Saatlı, Kürdəmir rayonlarında da narazılıq var və dəfələrlə eyni motivlə, amma fərqli formalarda aksiyalar olub, lakin onların təşkilində “bəzi maraqlı şəxslər”in izi müəyyən edilməyib.
Etiraz edənlərin Imişli şəhərinin və Çaxırlı, Gövhərli, Rəsullu, Məzrəli kəndlərinin sakinləri olduğunu qeyd edən Ç.Qənizadə, bildirir ki, bu yaşayış məntəqələrinin heç biri Kür və Araz çaylarının sahillərində yerləşmir və məlum sərəncamın təsiri altına düşmür. Elə isə məlum sərəncam əsasında və məlum dövlət komissiyasının rəyi ilə həmin yaşayış məntəqələrində digər vətəndaşlara niyə evlər tikilib? Ç.Qənizadəyə xatırladaq ki, təkcə Imişli şəhərində ötən ilin sonunadək tikilən belə evlərin sayı 411 olub. Imişli şəhərinin Əli Məmmədov küçəsindəki 11 saylı evdə yaşayan, I qrup əlil Elman Şahbazov da məhz bərabərlik hüququnun pozulmasından, qanunsuz olaraq dövlət yardımından məhrum edilməsindən, evlərin tikintisi zamanı korrupsiya hallarına yol verilməsindən şikayətçidir.
“Mən onların bəzilərinin evlərinin fotoşəkillərinə də baxdım. Təxminən 40-50 il bundan əvvəl çiy kərpicdən tikilmiş bu evlər yağış və qrunt sularından müəyyən zədələrə məruz qalıblar”. Yenə yalan danışır. Başqalarını deyə bilmərəm, E.Şahbazovun evi təxminən 20 il əvvəl tikilib. Sərəncamda istismar müddəti bitməsi səbəbindən yaşayış evinin sökülərək, dövlət hesabına tikilməsinə məhdudiyyət qoyulmayıb… RIH-də həmin evlərin fotoşəkillərinə baxmaqla necə obyektiv rəy bildirmək olar? Ümumiyyətlə, hansı obyektivlikdən danışmaq olar ki, adam bir tərəflə görüşür və onun mövqeyindən çıxış edir, qarşı tərəfi – aksiya keçirənləri dinləmir və onları dövlətə təzyiq etməkdə qınayır? Soruşmaq ayıb olmasın, Ç.Qənizadə kimə vəkillik edir – icra hakimiyyətinə, yoxsa seçicilərə?
Rayon ictimaiyyətinə yaxşı məlumdur ki, bir çox vətəndaşa dövlət yardımından istifadə rüşvət qarşılığında mümkün olub. Heç bir tikili olmayan həyətdə belə qəzalı evin qeydə alınması və imkanlı bir şəxsə dövlət hesabına burada ev tikilməsi faktı da dövlət komissiyası tərəfindən göndərilən nümayəndələrlə yerli icra hakimiyyəti işçilərinin saxtakarlıqda əlbirliyindən xəbər verir. Evlərin və infrastruktur obyektlərinin tikintisi məqsədilə dövlət büdcəsindən FHN-ə ayrılan 200 milyon manatdan çox vəsaitlə bağlı da şəffaflıq yoxdur. 2 ilə yaxın müddətdə dəfələrlə sorğu edilməyinə baxmayaraq, FHN 2, 3 və 4 otaqlı 1 evin tikintisinə nə qədər vəsait sərf olunduğunu açıqlamır. Yaxşı olar ki, Ç.Qənizadə deputat statusundan istifadə edərək, bu məsələni araşdırsın.
“Rayonda mənə bildirildi ki…”. Eh, Çingiz müəllim, biz də çox şey eşidirik. Hətta Imişli rayonunun Bəcrəvan kəndində sakinlərdən birinə məhz Sizin xahişinizlə ev tikilməyini də eşitmiş və buna təəccüblənməmişik.
Polis əməkdaşının hərəkətindən şikayət edən bir vətəndaşa kömək etməyini vurğulayan Ç.Qənizadə, görünür, xahişinin qarşılığını ödəmək üçün polis idarəsinin də müdafiəsinə qalxır: “Mətbuata belə bir məlumat da ötürülüb ki, guya rayonda iki-iki, üç-üç gəzmək qadağandır. Amma dünən (18 mart) Imişli rayon mədəniyyət evində saat 14-00-da Rafael və Coşqunun konsertində minə yaxın rayon sakini iştirak edib”. Ictimai Palatanın Imişli rayon şöbəsinin üzvlərini və ziyalıları çoxsaylı polis əməkdaşlarının qanunsuz olaraq izləməsi və onların rayon ərazisində sərbəst hərəkətinə, çayxanada yığışmasına maneəçilik törətməsi faktdır, bunun “guya”sı-filanı yoxdur. Şəxsən polis rəisi Vaqif Müslümov özü bu əməliyyata rəhbərlik edib və şifahi xəbərdarlığını bildirib. Yenə buna oxşar biabırçı faktı deputat səlahiyyəti dövründə Iltizam Əkbərli parlamentdə də səsləndirib. Ortada tədbirin keçirilməsinin məqsədəmüvafiq hesab olunmaması barədə Imişli RIH-in məktubu da var, hətta profilaktik tədbirlər görülməsi üçün Polis Şöbəsinə müraciət də olunub. Ikincisi, onlarla adamın ictimai yerdə öz istəkləri ilə bir yerə toplaşması ilə minədək rayon sakininin konsert dinləməkdən ötrü salonda olması çox uğursuz və uyğunsuz müqayisədir,- nədən ki, birincisi sərbəst toplaşmaq azadlığı hüququ, ikinci isə istirahət hüququ ilə bağlı məsələdir. Konsertdən söz düşmüşkən, həmin konsertin biletlərinin Imişli RIH tərəfindən büdcə təşkilatlarında işləyənlərə, bələdiyyə qulluqçularına və özəl müəssisə sahiblərinə satılması da hamımıza yaxşı məlumdur. Yəqin Ç.Qənizadə də bizimlə razılaşar ki, 15 manata satılan o bileti Imişlidə min nəfər adam xoşluqla almazdı. Hətta bu biabırçılığa da gedilib: məktəb müəllimlərinin hər birindən 5 manat yığılıb və təklif olunub ki, hər 3 nəfər yığışaraq öz aralarında kimin konsertə gedəcəyini müəyyənləşdirsin…
“Şəxsi maraqlarını güdən, kimlikləri rayonda hamıya məlum olan bir neçə şəxs”, “yalançı vədlər verən hoqqabazlar…”. Gəlin ittiham obyektlərini müəyyənləşdirək. Mətbuata həmin məlumatları “Kür” vətəndaş cəmiyyətinin koordinatoru Oqtay Gülalıyev, “Yeni Müsavat”ın Imişliyə ezam olunmuş müxbiri Günay Musayeva, Imişlinin keçmiş icra başçısı, sabiq millət vəkili (o, həm də parlamentin insan hüquqları komissiyasının üzvü olub) Iltizam Əkbərli, AXCP Imişli rayon şöbəsinin sədri Əli Qasımlı, bu sətirlərin müəllifi və bir də aksiya keçirən vətəndaşların özləri ötürüb. Hər kəs mənimlə razılaşar ki, aksiya barədə məlumatın mətbuata çıxarılmasında yalnız elə etirazçıların şəxsi marağı ola bilər (əlaqədar orqanların diqqətini problemlərinə cəlb etmək və onların həllinə nail olmaq baxımından). Bəs adları çəkilən digər şəxslərin, daşıdıqları ictimai vəzifələrdən və peşə borclarını yerinə yetirməkdən savayı hansı marağı ola bilər, onlar niyə hoqqabazdır? Icazə verin, şübhələnək: Imişli RIH-ə vəkillik etməkdə Ç.Qənizdənin şəxsi marağı olub bəlkə? Axı vəkillik də bir peşədir və bütün vasitələrlə müştərinin mənafeyindən çıxış etməyi tələb edir,- bu isə havayı edilmir…

Azər Əli