Cənab general!
Quba hadisələrindən sonra hakimiyyət bizim irəli sürdüyümüz bir arqumenti təsdiqlədi və bəyan etdi ki, haqlısınız, ölkədə sahibsiz məmur yoxdur, hər kəsin əlini öpdüyü bir babadayısı, himayə edəni var. Dar günündə, xoş günündə, sevincini, kədərini “paylaşdığı” əmisi var, dayısı var. Bir sözlə, xalqdan fərqli olaraq, məmurların “dərdini” deməyə kim-kimsənələri olduğu məlum oldu. Və o da məlum oldu ki, bu məmləkətdə əmisi, dayısı “olmayan” xalq elə ən güclü qüvvə imiş, ayağa qalxanda, məmurlar qaçıb gizləndilər, onların “dayı”ları isə, xalqdan aman diləməyə başladılar.
Heç kimə sirr deyildir ki, ölkədə tikintidən tutmuş, istehsala qədər geniş sahələri əhatə edən biznesiniz, himayənizdə olan saysız-hesabsız, məmur ordusu var. Bundan başqa, sizin çətiriniz altına girmək, hər bir məmur üçün həyati “sığortadır”, şərəfdir. Bütün bunları nəzərə alıb, sizdən Azərbaycan naminə, ölkəmizin prestiji adına bir ricada bulunmaq istərdim.
Xeyr, mənim ölkəyə gətirilən banan və digər ekzotik meyvə-tərəvəzin qiyməti maraqlandırmır, hər kəs sakit olsun. Mən bananı ilk dəfə görəndə 21 yaşım var idi, Bakı Dövlət Universitetinin tələbəsi idim.
Kasıb uşaqlarının banan yemədən böyüməsində də, heç bir faciə görmürəm. Bəylər müəllimə edəcəyim müraciət ölkənin nüfuzu ilə bağlı olan bir məsələdir.
Azərbaycanda Rövnəq Abdullayaev qədər, sürətli və uğurlu (!) karyerası olan ikinci bir məmur tapmaq demək olar ki, mümkün deyil. Adi sürücüdən, ölkənin varı-yoxu olan Dövlət Neft və Qaz Şirkətinin prezidentinə qədər olan “məsafəni”, dünyanın ən sürətli adamı Hüseyn Boltun da, həsəd aparacağı qısa zaman kəsiyində qət etdi.
Hələ bu azmış kimi, ona Azərbaycan futbolunu da tapşırdılar…
Bu gün məmləkətdə, “necə oldu ki, illərlə bu sahədə can qoymuş, onun bütün incəliklərinə bələd insanların üzərindən, Rövnəq Abdullayaevın üzərində dayandılar” sualına hər kəsin cavabı eynidir – “O, Bəylər Əyyubovun yaxın adamıdır”. Nə isə, keçək, əsas məsələyə…
Bəylər müəllimə edəcəyim müraciət ölkə futbolu ilə bağlıdır. Onsuz da neftdə, qazda gözümüz yoxdur, əhali ağ neftin litrini bir manata alıb və alacaq…
Fələstin-Azərbaycan 2:0
Rövnəq Abdullayev futbolumuzu elə bir hala salıb ki, onun düzəlməsinə on illər lazımdır. Ölkə çempionatı Kəmaləddin Heydərovun, Ziya Məmmədovun, Cahangir Əsgərovun çəkişmələrinə çevrilib. Bu yaxınlarda Hollandiya televiziyası Azərbaycan çepionatından səhv etmirəmsə, “Xəzər Lənkəran”-“Neftçi” oyunundan bir kadrı göstərdi. Hakimin gözü önündə lənkaranlı futbolçunun ağzı-burnu əzilir və zərərçəkənə tibbi yardım əvəzinə… kart göstərilir. Onların videoroliki bu sözlərlə bitir, “əvvəl elə bildik ki, bu başqa oyundur”(!).
AFFA prezidentinə yaxın olmayan oliqarxların (!) komandaları yaşıl sahədə sözün əsl mənasına mənəvi terrorla üzləşirlər. Əksər oyunlarda hesab öncədən məlum olur. “Qəbələ”-“Neftçi” oyununda təyin olunan penaltinin analoqu dünya futbolunda, demək olar, yoxdur.
Məhz bunun nəticəsidir ki, Fələstin kimi futbolu olmayan bir ölkə bizi asanlıqla məğlub edir.
Bəylər müəllim, futbol üzrə milli yığmalar, hər bir ölkənin qüruru, şərəfi sayılır. Hər ölkəyə az qala oynadığı futbola görə qiymət verirlər. 1998-ci ildə müharibədən yenicə çıxmış Xorvatiyanın “ilin xalqı” elan edilməsində, dünya çempionatında qazandıqları üçüncü yer də az rol oynamadı.
Azərbaycan dünyaya Anatoli Banişevski, Ələkbər Məmmədov kimi əfsanələr bəxş edib. Futbolumuzu yenidən peşəkarlara tapşırsaq, yenidən qürur dolu anlar yaşaya bilərik.
Bütün dünyada futbolun başına keçmiş oyunçuları gətirirlər, təkcə Azərbaycandan başqa…
Cənab general! Ümidvaram ki, milyonların bu arzusunu gerçəkləşdirəcəksiniz, himayənizdə olan Rövnəq müəllimi bu “yoldan” çəkindirəcəksiniz, onsuz da onun işi çoxdur.
Biz, milli komandamızın gələcək qələbələri, Fələstin biabırçılığının təkrarlanmaması naminə ağ nefti… bir manat əlli qəpiyə də almağa razıyıq!