Bu cür davam etsə, belə olacaq

Siyasi tragikomediya

Il 2512.
Məkan Azərbaycan.
Prezident sarayında ziyafət. Süfrələrə ləziz yeməklər və bahalı içkilər düzülüb. Müğənnilər, meyxanaçılar, aşıqlar, rəqqasələr səhnə arxasında var-gəl edir. Aparıcı mikrofon əlində gah çalğıçılarla, gah da müğənnilərlə söhbətləşir. Milli Məclis üzvləri, yüksək vəzifəlilər, dəvət olunan xarici qonaqlar dövləti idarə edənləri gözləyir. Zəng çalınır. Hamının gözü girişdəki dev monitora zillənir. Aparıçı səhnədə yerini tutur və səsi ziyafət salonunun divarlarını titrədir:
– Müdafiə naziri, marşal VII Səfər Əbiyev təşrif buyurur.
Musiqi sədaları altında marşal VII Səfər Əbiyev salona daxil olur.
– Daxili Işlər naziri marşal VII Ramil Usubov təşrif buyurur.
Aparıcının səsi gurultulu alqışlarla müşayiət olunur. Daxili işlər naziri marşal VII Ramil Usubov onu alqışlayan qonaqlara əl edərək yerinə keçir.
– Fövqəladə Hallar naziri marşal VII Kəmalədin Heydərov cənabları təşrif buyurur.
Davamlı gurultulu alqışlar. VII Kəmaləddin Heydərov qonaqları başı ilə salamlayır.
– Nəqliyyat naziri, marşal VII Ziya Məmmədov təşrif buyurur. Gurultulu alqış sədaları altında VII Ziya Məmmədov yerini tutur.
Sonra:
– Metropoliten rəisi, marşal VII Tağı Əhmədov təşrif buyurur…
– Vergilər naziri, marşal VII Fazil Məmmədov təşrif buyurur…
– Ədliyyə naziri, marşal VII Fikrət Məmmədov təşrif buyurur…
– Baş prokuror marşal VII Zakir Qaralov təşrif buyurur…
– Xarici işlər naziri Elmar Məmmədyarov təşrif buyurur…
– Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev təşrif buyurur…
– Təhsil naziri VII Misir Mərdanov təşrif buyurur…
– Səhiyyə naziri VII Oqtay Şirəliyev təşrif buyurur…
– Torpaq Komitəsinin sədri VII Qərib Məmmədov təşrif buyurur…
– MSK sədri VII Məzahir Pənahov təşrif buyurur…
– Bakı meri VII Hacıbala Abutalıbov təşrif buyurur…
– Qaçqınkomun sədri VII Əli Həsənov təşrif buyurur…
Və alqışlar kəsilir, qonaqlar susur, ziyafət salonuna sükut çökür. Birdən aparıcının gur səsi eşidilir:
– Zati-aliləri, möhtərəm prezidentimiz, Ali Baş Komandan, generalissimus VII Heydər Əliyev cənabları təşrif buyurur! Ziyafət salonunu gurultulu alqışlar başına götürür, YAP-çı gənclər, vəzifəlilər ucadan “Ura” qışqırır. VII prezident Heydər Əliyev məğrur addımlarla salona daxil olur və salonun ortasında dayanır. Gurultulu alqışlar, “ura” səsləri, prezidentin şəninə şüarlar bir neçə dəqiqə davam edir.
VII Prezident Heydər Əliyev əlini yuxarı qaldırır. Hamı susur. Xanımı və oğlu Ilham Əliyev prezidentin yanına gəlir. ATƏT-in Minsk qrupunun həmsədrləri, əcnəbi səfirlər sıraya düzülüb bir-bir prezidenti təbrik etməyə gedirlər.
VII Heydər Əliyev masa arxasına keçir. Ziyafət başlayır. Musiqi sədaları altında aparıcı VII Heydər Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik etmək üçün dövləti idarə edən VII-ləri bir-bir səhnəyə dəvət edir…
Bu cür davam etsə, belə də olacaq. Nədən olmasın? Maşallah, neftimiz və qazımız var. Və ərəb ölkələrindən nəyimiz əksikdir ki.